Dövlətin 2 milyard vəsaitinin aqibəti necə olacaq?
11-10-2016, 00:25
Söhbət “Standard Bank”ın əmanətçilərinə ayrılan və Beynəlxalq Banka yatırılan maliyyə vəsaitindən gedir
Məhəmməd Talıblı: “Bu bank sektoruna zədələnmiş etimadın bərpası üçün lazım olsa da, ayrılmış vəsaitlər korrupsiyanın “yeminə” çevrilə bilər”
Maliyyə böhranına baxmayaraq hökumətin dövlət vəsaitlərindən səmərəsiz istifadə siyasəti davam etməkdədir. Buna misal olaraq keçən həftə atılan iki addımı göstərmərk olar.
Birinci addım “Standard Bank”ın əmanətçilərinin vəsaitlərinin qaytarılmasıyla bağlı qəbul edilən qərardır. «Standard Bank»a kömək məqsədilə dövlət Əmanətlərin Sığortlanması Fonduna 10 il müddətində 0.15 faizlə 460 milyon manat pul ayrılıb. Diqqət edin 10 il müddətinə 0.15 faizlə 460 milyon manat vəsait. Dövlət xarici valyutada kredit götürənlərin devalvasiyadan sonra vəziyyətini yaxşılaşdırmaq üçün 250 milyon manat vəsaitin tapılmasında heç bu qədər səxavətli deyildi. Amma 460 milyon cüzi faizlə on illik kreditə verilir.
İkinci səmərəsiz addım Neft Fondunun 1 milyard dollar vəsaiti Beynəlxalq Banka depozit kimi yatırmasıdır. Bank bəyan edib ki, illik 4 faizlə alınan bu vəsait xarici borcların qaytarılmasına yönələcək.
İki milyard manat həcmində vəsaitin bu cür idarəedilməsi nə vəd edir? Bu vəsaitin əvvəlki dəyərində qayıtması perspektivi varmı?
İqtisadçı Məhəmməd Talıblı bildirdi ki, Əmanətlərin Sığortalanması Fonduna ayrılan vəsait banklar üçün əlavə təminatın formalaşması haqqında resurs təminatıdır. Mərkəzi Bankın uçot dərəcələrinin 15 faizə qədər artırılması bank sektorunda kreditə artan tələbi soyutmaq və əmanətlərin yığımını təşviq etmək idi: “Əmanətlərin həcmini artırmaq və bankların xarici mənbələrdən resurs cəlbinin çətinliyi fonunda başadüşülən addım idi. Məqsəd əmanətləri yığmaq və bankların kapitallaşma səviyyəsini artırmaqdır. Digər tərəfdən isə Əmanətlərin sığortalanması fondu vasitəsilə bank əmanətlərinə təminat dərəcəsini artırmaq niyyətinin cəmiyyətə anonsunu verməkdir. Yəni vətəndaş düşünsün ki, bank əmanətlərinin “batma” ehtimalı yoxdur və bunun arxasında dövlət zəmanəti durur. Bu bank sektoruna zədələnmiş etimadın bərpa olunması üçün lazım idi”.
M.Talıblı bildirdi ki, digər tərəfdən Beynəlxalq Bankdakı ciddi maxinasilayar da sübut etdi ki, bankın sağlam kredit siyasəti olmayıb: “Proteksinozimin və korrupsiyanın bütün təzahür elementləri olan – qohumbazlıq, dostbazlıq və yaxınların xeyrinə qərarların qəbulu bankın resurslarının geriyə dönüşündə ciddi problemə çevrilib. Biznes layihələri peşəkarlıqla və tərəfsiz qiymətləndirilməyib. Yaxınlara və ya “doğmalara” verilən kreditlər batıb, uzaqlara və ya “ögeylərə” verilən kreditlərin isə qaytarılmasında problem yaranıb. Hüquq-mühafizə orqanlarının inzibati gücündən istifadə həmin şəxslərdən kreditlərin bir qisminin geri alınmasına nail olundu. Beynəlxalq Bankın bu vəziyyətdə isə ayaq üstə durması üçün büdcədənkənar fond olan Neft Fondunun sərbəst vəsaitlərindən istifadə zəruri oldu”, deyə M.Talıblı bildirdi.
M.Talıblının sözlərinə görə, əsas məsələ Beynəlxal Bankın kreditə çıxışını təmin etmək deyil, onun işlək mexanizmini qurmaqdır: “Həmin resurslar üzərində sərəncamvermə hüququ olan subyektlər, Maliyyə Nazirliyi və Müşahidə Şurası rasional və obyektiv qərarlar verib onun məsuliyyətini düzgün qiymətləndirməlidirlər. Əks halda həmin ictimai vəsait kateqoriyası hesab olunan Neft Fondundan ayrılmış aktivlərdə korrupsiyanın “yeminə” çevrilə bilər”.