Rus bölmələrində ədəbiyyat dərsləri də Azərbaycan dilində keçiriləcək - Nazir

Bu gün, 12:18           
Rus bölmələrində ədəbiyyat dərsləri də Azərbaycan dilində keçiriləcək - Nazir
Emin Əmrullayev Rus bölmələrində Azərbaycan dilinin dərs saatlarının artırılacağını açılayıb.
Elm və təhsil naziri Emin Əmrullayev təhsil sahəsində baş verən korrupsiya halları ilə bağlı həbslərə münasibət bildirib. Brifinqdə sualları cavablandıran nazir deyib ki, ETN təhsil müəssisəsində aşkar edilmiş qanunsuzluqlarla bağlı faktların araşdırılmasında maraqlıdır.
Qeyd edək ki, bugünlərdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov barəsində vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Həmçinin Ağsu rayonu S.Mikayılov adına tam orta məktəbin direktoru Fəxrəddin Həsənov həbs edilib.
Ağsu Rayon Prokurorluğunda F.Həsənova Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.
İş üzrə ilkin istintaq tamamlanıb. Toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Elm və təhsil naziri Emin Əmrullayev repetitorluğun geniş yayılmasına da münasibət bildirib. Nazir deyib ki, məktəblərin içində repetitorluq xidmətinin göstərilməsi düzgün deyil.
Emin Əmrullayev Rus bölmələrində Azərbaycan dilinin dərs saatlarının artırılacağını da açıqlayıb.
Onun sözlərinə görə, gələcəkdə rus bölmələrində ədəbiyyat dərsləri də Azərbaycan dilində keçiriləcək. Nazir deyib ki, rus bölməsində təhsil alanlar da ana dilini mükəmməl bilməlidirlər:
"Azərbaycan vətəndaşları niyə Səməd Vurğunu, Nəsimini rus dilində öyrənməlidirlər ki? Səməd Vurğunun şeiri elə Azərbaycan dilində öyrənilməlidir. O ki, qaldı Azərbaycan tarixini rus dili bölməsində təhsil alan şagirdlərin öyrənə bilməməsinə, burada günah bizdə deyil. 6-cı sinifdə oxuyan, Azərbaycanda təhsil alan şagird tariximizi ana dilində oxuyub-anlamalıdır. Çünki, Azərbaycan tarixi bizim milli kimliyimizdir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.