Kreml Əliyevlə Putinin Bakıdakı "Rus Evi" mövzusunu müzakirə edə biləcəyini istisna etmir

Bu gün, 16:14           
Kreml Əliyevlə Putinin Bakıdakı "Rus Evi" mövzusunu müzakirə edə biləcəyini istisna etmir
"Bakıdakı "Rus Evi" ətrafında vəziyyət Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev arasında ən yüksək səviyyədə təmaslar baş tutduqda çox yaxşı müzakirə oluna bilər".

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində bildirib.

"Əlbəttə, biz bu məsələni həmkarlarımızla müxtəlif səviyyələrdə qaldıracağıq. Əgər ən yüksək səviyyədə təmaslar olarsa, o zaman iki dövlət başçısının dialoqunda bu məsələ gündəmə gələ bilər”, o bildirib.

Azərbaycan ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ardınca Rusiyanın “Rossotrudniçestvo” agentliyinin fəaliyyətinin dayandırılmasına qərar verib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Rusiyanın “Rossotrudniçestvo” agentliyinin Azərbaycan ərazisində fəaliyyətinə xitam verilməsi ilə bağlı yerli mətbuatın sualına cavabda deyib ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi - “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra fevralın 3-də “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib.

“Bununla, Azərbaycan tərəfinin ölkəmizdə “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək, Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməsi gözlənilir”, o qeyd edib.

Öz növbəsində “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov “Rossiya-24” telekanalına bildirib ki, Azərbaycan “Rossotrudniçestvo” agentliyinin ölkə ərazisində fəaliyyətinə xitam verilməsi barədə diplomatik kanallar vasitəsilə Rusiyaya rəsmi bildiriş göndərib.

“Orada deyilir ki, bizim nümayəndəliyimiz, xalq arasında "Rus Evi" kimi tanınan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi yerli qanunvericiliyə əsasən hüquqi şəxs kimi qeydiyyatdan keçməlidir”, Primakov vurğulayıb.

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycanın “Baku TV” internet televiziyası “Rus Evi”ni “Azərbaycanda dini və separatçı toxumları səpməyə çalışan şəxslərin, daha doğrusu agentlərin yuvası” kimi təqdim edib. Bundan sonra “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov bu televiziyanı məhkəməyə verməklə hədələyib.

“Rossotrudniçestvo”nun Azərbaycanda nümayəndəliyi ("Rus Evi") 3 iyul 1997-ci ildə Azərbaycan ilə Rusiya arasında imzalanmış sazişə uyğun olaraq yaradılıb.

Rəsmi məlumata görə, mərkəz Rusiyanın Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbərliyi altında fəaliyyət göstərir.

Mərkəzin əsas fəaliyyət istiqamətlərinə rus mədəniyyətinin, elminin və təhsilinin təbliği, rus dilinin möhkəmləndirilməsi, həmvətənlərə dəstək, gənclərin layihələri, beynəlxalq inkişafa yardım, tarixi və xatirə tədbirləri daxildir. Mərkəz həmçinin Rusiya Hökumətinin kvotasına əsasən xarici vətəndaşlar üçün Rusiya ali məktəblərinə qəbul müsabiqəsinin birinci mərhələsinin həyata keçirilməsinə cavabdehdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.