O vaxt KQB arxivləri açılsaydı... - ən azı “casus-agent” şərləmələrinə son qoyulardı
Dünən, 12:58
![O vaxt KQB arxivləri açılsaydı... -](/uploads/posts/2025-02/1739086825_1.jpg)
İndi belə anlaşılır ki, Elçibəy iqtidarının əsas səhvi elə 1992-ci ildəcə DTK (KQB) arxivlərini açmaması və ölkədə lüstrasiya (əvvəlki hakimiyyətin siyasi elitası üçün tətbiq edilən qanunvericilik məhdudiyyətləri) prosesi aparmaması olub.
Arxivlərin açılması və lüstrasiya bir-birinə bağlı məsələlərdir. Lüstrasiya aparmayacaqsansa, arxivləri açmağın mənası yoxdur, arxivləri açacaqsansa lüstrasiya aparmalısan.
O vaxt belə bir riskli addıma qol qoyulsaydı, nə olardı, nə olmazdı, bu mövzuda uzun mübahisə aparmaq olar, amma ən azı bu gün “filankəslər DTK-nın agentləri olublar” demaqogiyası olmazdı. Birdəfəlik bilinərdi ki, kim agent olub, kim olmayıb.
33 ildir bu söhbət millətin zəhləsini töküb. Düzdür, artıq bu mövzu bir çoxlarına, xüsusilə də müstəqillik dövründə doğulmuş gənclərə bir elə də maraqlı deyil, amma bu mövzu da “Səməd Vurğunun şairliyi”, “rus dili bölməsinin lazımlılığı”, “rayonlu-bakılı ixtilafı” mövzuları kimi vaxtaşırı qabarır, günlərlə dartışılır.
Ən pisi odur ki, mübahisə bitmir, uzun-uzadı gedən polemika rəyləri daha da dolaşdırır, şübhələri bir az da artırır, heç nəyə aydınlıq gətirmir və ən əsası söhbət mənasızlığa, absurda gedir.
Ancaq o andıra qalmış arxivlər açılsaydı, ortalığa çıxarılan sənədlərin ən mühümləri dərc olunsaydı, birinicsi, kimin kim olduğunu bilərdik, ikincisi, əsassız yerə adı hallandırılan bir sıra şəxslər əbədi şübhə hədəfi olmaqdan qurtulardı, üçüncüsü, bu mövzuda qırğın-qiyamət bitərdi, vaxtaşırı su bulandıranlar yerlərində oturardılar.
Nə yazıq ki, o vaxt belə bir addım atılmayıb. Əslində Elçibəy iqtidarı DTK arxivlərini açsaydı, daha çox tənqidə məruz qalardı, deyərdilər, Qarabağda müharibə getdiyi bir vaxtda milləti içindən parçalayan bu addım düşmən dəyirmanına su tökməkdir.
Bəlkə də Elçibəyin hakimiyyəti 1 ilini tamam edib, ikinci, üçüncü ilinə adlasaydı, arxivlər də açılardı, ölkədə lüstrasiya prosesi başlanar, vaxtilə qırmızı imperiyanın cəza-nəzarət orqanlarıyla əməkdaşlıq edənlərin dövlət vəzifəsi tutması yasaqlanardı.
Buna vaxt lazım idi. 71 ildən sonra müstəqilliyini bərpa etmiş dövlətin başqa qayğıları, dərd-səri vardı.
Bununla belə, qətiyyətlə demək olar ki, “arxivləri açsaq, vətəndaş qarşıdurması yaranardı” fikri əsassızdır. Heç bir qarşıdurma yaranmazdı. Onsuz da əyalətlərdə kimin babasının kimin babası tərəfindən donosla, üzədurma ilə güdaza verildiyini hamı bilirdi. O nəsillər çoxdan düşmən olmuşdular və məxməri intriqanın içindəydilər. Arxiv açılsa, ortaya rəsmi sənədlər çıxsa, bu, sadəcə, təfərrüatların açılması demək olacaqdı.
İri şəhərlərdə də aşağı-yuxarı eyni şey olacaqdı. Çünki üstündən çox vaxt keçmişdi. Babalar çoxdan sıradan çımışdı, meydan nəvələrdəydi və onların da öz yeni qayğıları vardı, durub “əcdad davası” edən deyildilər.
Bundan başqa, əslində kənd-kəsəklərdə, təşkilat və müəssisələrdə kimin “orqanlarla işlədiyini” çox adam bilirdi və heç kəs belələrini söyüb-döyüb yanından qovmurdu. Hamı çalışırdı ki, öz ehtiyatsız sözü ilə o adamlara iş verməsinlər.
Sadəcə, bu işin o ziyanı olardı ki, illərlə formalaşmış köhnə casus şəbəkəsindən bir neçə günün içində imtina olunardı, yenisini formalaşdırmaq üçün illər tələb olunardı. Həm də adamlar bu “peşə”nin etibarsızlığını və kütləvi qınanıldığını görərək, dövlətə informasiya ötürmək işindən imtina edərdilər.
Heç bir dövlət informatorlar şəbəkəsi olmadan idarə oluna bilməz. Ölkəni idarə edənlər cəmiyyətin ovqatından, qənaətlərindən, meyllərindən xəbərdar olmalıdırlar – əlbəttə ki, sırf dövlətin mənafeyi üçün.
1989-91-ci ildə Moskvanın asılılığından qurtulan bir sıra Avropa ölkələrində arxivlər açılıb və keçmişdə sovet hakimiyyətinə, o cümlədən cəza-nəzarət orqanlarına işləyən adamlara lüstrasiya tətbiq ediliib.
Vətəndaş cəmiyyətinin kommunist rejiminə ən şiddətli müqavimət göstərdiyi ölkələrdə, məsələn, Çexiya və Polşada lüstrasiya həlledici formada olub. Ancaq maraqlıdır ki, 1-2 il əvvəl Çexiya ilə eyni ittifaqda olmuş Slovakiyada, eləcə də Macarıstan və Bolqarıstanda belə addım atmayıblar. Ümumiyyətlə, hansı ölkədə keçmiş kommunistlər güclərini qoruyub saxlayıblarsa, orada nə arxivlər açılıb, nə lüstrasiya olub. Ona görə də bu gün bu ölkələri idarə edənlərin hələ də Moskvanın təsir dairəsində olması təəccüblü deyil.
Baltikyanı ölkələr (Latviya, Estoniya, Litva) bu məsələyə prinsipial yanaşıblar. Litva və Latviya parlamentləri çex modelinə əsasən, lüstrasiyaya məruz qalan şəxslərin dairəsini dövlət və özəl sektorun bütün yüksək vəzifələrinə qədər genişləndirməyə, habelə keçmiş kəşfiyyat agentləri və informatorların səsvermə hüquqlarını məhdudlaşdırmağa çalışıblar. Estoniya isə Polşanın lüstrasiya modelini qəbul edib.
Maraqlıdır ki, Şərqi Almaniya ilə Qərbi Almaniya birləşdikdən sonra ADR-də sovet DTK-sının filialı kimi fəaliyyət göstərmiş “Ştazi”yə işləyənlərə dair siyahılar mətbuatda yer alıb və ictimai təzyiqlərə səbəb olub. Almaniya hakimiyyəti Şərqi Almaniya siyasətçilərini - məsələn, Demokratik Sosializm Partiyasının lideri Qreqor Qisini gözdən salmaq üçün “Ştazi” arxivindən istifadə edib.
Bu xüsusda qəbul edilən qanunun yeni variantı məşhur alman siyasətçiləri ilə bağlı “Stazi” fayllarına çıxış imkanı verir, ancaq bu hüquq “Stazi” tarixini öyrənən tədqiqatçılar üçündür. Eyni zamanda, belə çıxış əldə etmiş tədqiqatçılar siyasilərin şəxsi həyatları və faəliyyətləri haqqında aldıqları məlumatları dərc etməyəcəklərinə və ya üçüncü şəxslərə ötürməyəcəklərinə zəmanət verməyə borcludurlar. (Bu halda aparılan tədqiqatların mənası nədir, görəsən?).
Hər halda bu məsələdə müxtəlif təcrübələr var. Hansı ölkələr arxivləri açmayıbsa, “agentləri” ifşa etməyibsə, həmin ölkələrin mətbuatında vaxtaşırı olaraq hansısa bir məşhur adam haqqında “DTK-ya informatorluq edib” və “Moskvaya işləyib” kimi iddialar dərc olunur. Arxivləri açmış ölkələrdə belə iddialar ya olmur, ya da irəli sürülən bənzər iddialar təsirsiz olur.
P.S. Belə bir informasiya da var ki, SSRİ DTK-sı Azərbaycandakı arxivini hələ 1991-ci ildə Bakıdan çıxarıb aparıbmış.
Xalid KAZIMLI - Müsavat.com