Ağ Ev SSRİ-ni dağıdan “silahı” sıradan çıxarır – Diqqətçəkən Bakı detalı
Bu gün, 10:53
![Ağ Ev SSRİ-ni dağıdan “silahı” sıradan çıxarır –](/uploads/posts/2025-02/1739253508_1.jpg)
ABŞ Hökumətinin Səmərəliliyinin Artırılması üzrə İdarəsinin rəhbəri İlon Mask dövlət tərəfindən maliyyələşdirilən “Amerikanın səsi” (Voice of America) və “Azadlıq Radiosu” (Radio Free Europe/Radio Liberty) media layihələrinin bağlanmasını dəstəkləyib. Maskın bu açıqlaması beynəlxalq media və siyasi arenada ciddi müzakirələrə səbəb olub. Milyarderin iki köklü media quruluşunu hədəfə almasının təsadüfi olmadığı bildirilir.
“Amerikanın Səsi” 1942-ci ildən fəaliyyət göstərir. Bu qurumun nizamnaməsində qeyd olunur ki, yayımın məqsədi Amerika və dünya haqda xaricdəki auditoriyaya multimedia formatında səhih, obyektiv və balanslı məlumat verməklə azadlıq və demokratiyanı təşviq etməkdir.
1949-cu ildə isə “Azad Avropa Radiosu” Azad Avropa Uğrunda Milli Komitə tərəfindən antikommunist təbliğat mənbəyi kimi yaradılıb, bundan iki il sonra “Azadlıq Radiosu” təsis edilib. Adıçəkilən iki quruluş 1976-cı ildə birləşib.
ABŞ hər iki resursla onillər boyu sovet xalqlarına ideoloji təsir göstərməyi bacarıb, düşüncələrinə yön verib. SSRİ-nin çöküşündə hər iki media quruluşunun müstəsna xidmətləri olub. Vaşinqton 1991-ci ildən sonrakı müddətdə isə MDB ölkələrində rəngli inqilablar yaratmaq üçün bu resurslardan istifadə edib. Təsadüfi deyil ki, Azərbaycan “Azadlıq Radiosu”nun fəaliyyətini bildiyi üçün 2009-cu ildən etibarən ölkədə yayımını dayandırıb, sayt bloklanıb.
Maskın sözügedən media quruluşları ilə bağlı radikal çağırışının səbəbi nədir? Bu məsələ ABŞ-dakı yeni hökumətin fəaliyyəti fonunda necə dəyərləndirilməlidir?
Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, İlon Maskın “Amerikanın Səsi” və “Azadlıq Radiosu”nu bağlamaq haqqında təklifi təkcə ABŞ-da deyil, bütün dünyada rezonans doğurub:
“Hiss olunur ki, Mask da ABŞ Prezidenti Donald Tramp kimi dünya ictimaiyyətini təəccübləndirməyi bacarır. Bu iki radionun soyuq müharibə dövründə qütblərarası qarşıdurmanın ön sırasında getdiyi hamıya məlumdur. Sovet İttifaqının bayrağı altındakı sosialist rejimi hazırda mövcud deyilsə, bunun ideoloji cəbhədəki səbəbkarlarından ən böyüyü elə adı çəkilən iki media qurumudur. Əlbəttə ki, İlon Maskın bu iki resursu bağlamaq üçün müəyyən səbəbləri var. Amma ideoloji təbliğata biznes prizmasından baxmaq, Amerikanın gələcək siyasi xəttinin davam etdirilməsində onların müsbət rol oynayacağını proqnozlaşdırmaq olduqca çətindir. Bu addım olsa-olsa ABŞ-ın xərclədiyi milyardlarla dolların büdcəyə qalması və ya başqa məqsədlər üçün istifadə edilməsinə şərait yaradacaq”.
Politoloq bildirib ki, əslində Maskın “Amerikanın Səsi” və ya “Azadlıq Radiosu”nu bağlamaq səlahiyyəti yoxdur:
“Çünki bunlar hökumət tərəfindən maliyyələşdirilən və ABŞ Qlobal Media Agentliyinin (USAGM) nəzarətində olan media təşkilatlarıdır:
“Lakin Mask bu radioların bağlanmasını müdafiə edən bəyanatlar veribsə, heç şübhəsiz, hökumət tərəfindən maliyyələşdirilən mətbuat orqanlarının qlobal məsələlərdə rolu hökumətdə müzakirə mövzusu ola bilər. Lakin gəlin bu resursların bağlanmasının mümkün nəticələrinə baxaq:
1.ABŞ-ın yumşaq gücünün zəifləməsi
-Bu media qurumları ABŞ perspektivlərinin, demokratik dəyərlərin təbliğində və avtoritar təbliğata qarşı mübarizədə mühüm rol oynayır.
-Həmçinin onların bağlanması ABŞ-ın beynəlxalq arenada təsirini azaldacaq, xüsusən də müstəqil medianın məhdudlaşdırıldığı Rusiya, İran, Çin və digər regionlarda bu ölkənin təbliğatının zəifləməsi ilə nəticələnəcək.
2.İnformasiya Vakkumu
-“Amerikanın Səsi” və “Azadlıq Radiosu” dövlətin nəzarətində olan mediaya malik ölkələrə xəbərlər təqdim edir, hökumətin təbliğatına alternativ hekayələr təklif edir.
-Onlarsız mövcud rejimlər informasiya dominantlığını gücləndirə biləcək.
3.Media plüralizminə təsir
-Bu nəşrlər həm də yerli jurnalistlərin repressiyaya məruz qaldığı məkanlarda müstəqil reportajlar təqdim edir. Onların yoxluğu jurnalistlərə qarşı repressiyaların artmasına səbəb ola bilər.
4.Geosiyasi dəyişikliklər
-Rusiya və Çin qlobal trendləri formalaşdırmaq üçün beynəlxalq mediaya (məsələn, RT, Sputnik, CGTN) böyük sərmayə qoyublar.
-ABŞ-ın iki hegemon media qurumu yox olarsa, onların təsirləri mübahisəsiz artacaq.
5.ABŞ-da siyasi qarşıdurma
-ABŞ Konqresində, xüsusən də Rusiya, Çin və İranın dezinformasiyalarına qarşı çıxmaq üçün bu nəşrlərin mövcudluğunu vacib hesab edən siyasətçilər tərəfindən güclü müxalifət formalaşa bilər.
-Hökumət tərəfindən maliyyələşdirilən media və mətbuat azadlığı ilə bağlı daha geniş müzakirələr ortalığa çıxacaq.
Bütün bunları nəzərdən keçirdikdə Maskın təklifinin diqqətə alınacağını söyləmək çətindir”.