“Ruskiy dom” iddiasını təkcə o təkzib etmədi - SENSASİON GERÇƏKLƏR

Bu gün, 09:36           
“Ruskiy dom” iddiasını təkcə o təkzib etmədi - SENSASİON GERÇƏKLƏR
Məlum təyyarə olayından sonra Rusiya ilə gərginləşən münasibətlər fonunda yeni iddialar medianın diqqətini çəkib. Belə ki, “Qafqazinfo” saytı Azərbaycanda Rusiyanın təşkilatlanmış şəbəkəsi olduğu haqda yazıb. “”Qafqazinfo"ya daxil olan məlumat həqiqətən də belə bir şəbəkənin mövcud olduğuna heç bir şübhə yeri qoymur. Əvvəla, qeyd edək ki, “Rus evi”nə Bakının mərkəzində, Üzeyir Hacıbəyli küçəsində yer ayrılması ilə bilavasitə Elçin Həsənov adlı iş adamı məşğul olub (yeri gəlmişkən, artıq qurumun yerləşdiyi binanın üzərindəki “Ruskiy dom” yazısı fevralın 11-də sökülüb).

Onun keçmiş gənclər və idman naziri Azad Rəhimovun qaynı olduğu deyilir. Məsələnin maraqlı tərəfi də budur ki, “Rus evi” həmin ünvandan çıxdıqdan sonra da Elçin Həsənov əl-ayağa düşərək “Rossotrudniçestvo”nun Bakı nümayəndəliyinin rəhbəri ilə birlikdə “Rus evi”nə yeni ofis axtarışına çıxıb. Azərbaycanda Rusiya şəbəkəsinə gəldikdə, artıq faktlarla da belə bir şəbəkənin mövcud olduğu təsdiqini tapıb. Şəbəkə üzvlərinin vaxtilə Bakı ətrafındakı yaşayış məntəqələrindən birində, bağda yığışdığı, yeyib-içmək məclislərinin təşkil olunduğu, sağlıqlar deyildiyi məlumdur. Şəbəkə Moskvadan təyin olunmuş və tez-tez ölkəmizə gələn kəşfiyyat nümayəndəsi vasitəsilə idarə olunub".

Sayt iddia edib ki, şəbəkəyə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev rəhbərlik edib. Qrupa həmçinin sabiq nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov daxil olublar. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov da ara-sıra bu məclislərdə görünüb. Bu şəxslərin indi vəzifədə olmaması o demək deyil ki, əlaqələr yoxa çıxıb. Hazırda da Rusiyanın kəşfiyyat nümayəndəsinin yanına gedənlər, ondan tapşırıqlar alaraq cəmiyyətimizə yanlış mesajlar ötürənlər, aranı qatmağa çalışanlar var. Amma bunlar yavaş-yavaş ifşa olunurlar və zamanla yeni faktların üzə çıxacağı istisna olunmamalıdır".

İlk reaksiya sabiq xarici işlər naziri Elmar Məmmədyarovdan gəlib. Sabiq nazir bildirib ki, onu “vurmaq” istəyənlər var: “Kiminsə qarnı ağrıyır. Sakit dayana bilmirlər. Görürlər Elmar Məmmədyarov jurnalistlərlə əlaqə saxlayır, televiziyada çıxış edir. Fikirləşirlər ki, necə "vura" bilərik. Məqsədlərini Allah bilir. Yazan adamın ağlı yoxdur".

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev də qısa münasibət bildirib:"Axmaq-axmaq söhbətlər yayırlar. Bunların hamısı yalandır. Bunun heç bir əsası yoxdur."

“Mən indi Bakıda deyiləm. Ona görə də yayılan xəbərlərlə bağlı geniş açıqlama verə bilmirəm”. Bunu isə sabiq mədəniyyət naziri Əbülfəz Qarayev deyib.

“Belə mənasız xəbərlərə şərh verməyə ehtiyac duymuram. Bunların hamısı mənasız söhbətlərdir”. Maraqlıdır ki, ləğv olunmuş Mili Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudov heç bir mövqe bildirməyib.

“Məmmədyarovdan soruşan yoxdur ki, axı onun hansı siyasi çəkisi, nüfuzu, xidməti, əhali arasında dəstəyi var ki, hələ bir onu "vurmaq" da istəsinlər?" Azpolitika.info saytı yayılan iddialarla bağlı şərhində belə yazıb.

“Diplomat kimi peşəkarlığı barədə az məlumatımız olan, əvəzində nə dediyini özündən başqa heç kimin başa düşmədiyi (özünün də başa düşdüyü şübhəlidir), daim ironiya, lağlağı obyektinə çevrilən bir adamın uzun illər Azərbaycanın XİN başçısı olmasının özü nonsens idi. Vəzifəsinin son akkordlarını isə "evdən işləyən nazir" kimi başa vuran Məmmədyarovun nazir postundan kənarlaşdırılmasının gerçək siyasi səbəblərini də çox az adam bilir. Nə idi həmin kritik günlərdə onu evdə oturmağa məcbur edən, hansı “qarınağrısı” idi və nədən Prezident bunu efirdən deməli oldu? Bunun özü də cavabı açıq qalan suallardandır...

Hələ Məmmədyarovun nazirliyində (həmişəki kimi) sonradan üstü açılan böyük korrupsiya əməllərini, həbsləri demirik...", - deyə sayt yazır.

Ümumiyyətlə, Azərbaycandakı yazılmayan siyasi qanunların, məhkəmə, hüquq-mühafizə sisteminin böyük çatışmazlığıdır ki, hər biri hər kəsə məlum yollarla ayrı-ayrılıqda milyonçuya, bəziləri isə milyarderə çevrilmiş bu adamlar rəhbərlik etdikləri qurumlarda aşkarlanan külli miqdarda yeyinti, korrupsiya faktlarına, digər ağır cinayətlərə rəğmən azadlıqdadırlar. Onların əvəzinə müavinləri, idarə rəisləri və daha kiçik “balıqlar” 2-3 il həbsdə yatıb çıxıblar və hər biri də hazırda öz kefində-damağındadır: “Bir də verdikləri cavablardan da göründüyü kimi, bu adamları birləşdirən daha bir ümumi cəhət özləri barədə həddindən artıq yüksək fikirdə, rəydə olmalarıdır. Ortaya ciddi arqument, fikir, mövqe qoymaqdansa, biri "qarınağrısı"ndan danışır, biri “axmaq-axmaq söhbətlər” deyir və s.

Yəni vəzifələrini itirsələr də, milyonluq sərvətləri kimi yekəxanalıqları, ədabazlıqları və bir də “siyasi mədəniyyətləri” də əvvəlki səviyyədə qalır..."

Musavat.com isə E.Məmmədyarovu “siyahıdakı ən koloritli fiqur” hesab edərək bunları yazıb: “Azərbaycanın ən önəmli, ən kritik anlarında işə çıxmayan və evdən işləyən Məmmədyarov bu və digər səbəblərdən vəzifəsindən azad edildi. 16 iyul 2020-ci ildə, Tovuz döyüşlərindən sonra yaranan kritik anlarda Azərbaycan Prezidenti onu qovmuşdu. Sadə insanların iş moduna keçən Məmmədyarov tarixdə "evdən işləyən nazir" kimi qalıb. Əcəba, Məmmədyarov Rusiyaya da evdənmi işləyirdi?

Yoxsa Azərbaycanın ən kritik günlərində evdən işləmək elə Rusiyaya işləmək idi?" Sayt öz mənbələrinə istinadən yazır ki, hazırda Azərbaycanla Rusiya arasında heç vaxt olmadığı qədər açıq siyasi qarşıdurma, əsl “soyuq müharibə” yaşanır: “Azərbaycan isə bu vəziyyətə adekvat cavab verməyə və Rusiyanın ölkədəki təsir dairəsini məhdudlaşdırmağa çalışır. Bu istiqamətdə Rusiya ilə bağlılığı olan şəxslərin ifşa edilməsi və onların məsuliyyətə cəlb olunması gündəmdədir. Müşahidələr göstərir ki, proses hələ davam edəcək və Azərbaycanın milli maraqlarını qorumaq üçün gələcəkdə də bu cür addımlar atılacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.