ABŞ-ın Azərbaycan nefti ilə bağlı qərəzli proqnozu: 2025-ci ildə... - ARAŞDIRMA

Bu gün, 09:52           
ABŞ-ın Azərbaycan nefti ilə bağlı qərəzli proqnozu: 2025-ci ildə... - ARAŞDIRMA
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EİA) Müstəqil Dövlətlər Birliyinin (MDB) 2025-2026-cı illər üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə yeni proqnozunu açıqlayıb.

“Yeni Müsavat” xəbər verir ki, bu barədə EİA-nın fevral ayı üzrə hesabatına istinadən xəbər verilir. Qurumun MDB ölkələrində 2025 və 2026-cı illər üçün neft hasilatı proqnozları göstərilib. Belə ki, Azərbaycanda 2025-ci ildə 630 min barel, 2026-cı ildə isə 610 min barel hasil edəcəyi gözlənilir, yəni azalma tendensiyasını göstərir. Rusiyada 2025-ci ildə 10,45 milyon barel, 2026-cı ildə 10,58 milyon barel hasil edəcəyi proqnozlaşdırılır ki, bu cüzi artım deməkdir. Qazaxıstanda isə 2025-ci ildə 1,93 milyon barel, 2026-cı ildə isə 2,03 milyon barel hasilat edəcəyi gözlənilir. Bu da artım deməkdir.

Azərbaycanın neft hasilatında azalma proqnozu maraqlıdır. Bu, ehtiyatların tükənməsi, yeni layihələrin yetərincə inkişaf etməməsi, yaxud OPEC+ qərarları ilə bağlıdırmı? Ümumiyyətlə, bu proqnoz nə dərəcədə reallığı əks etdirir?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib: “Ümumiyyətlə, ehtiyatlarla bağlı 10 ildir eyni rəqəmlər verilir. Yəni 7 milyard barel 2015-2016-cı illərdə də eyni idi, elə indi də eynidir. Nədənsə heç nəzərə almırlar ki, bəs bu müddətdə nə qədər neft çıxarılır, o qədər sabit neft nəyin hesabına qalıb?! Yeni neft yataqları və yaxud kondensat yataqları açılmayıb axı. Yəni bu baxımdan o ehtiyatlarla bağlı olan məlumatlar inandırıcı deyil, ümumiyyətlə, köhnə məlumatdır. Hasilatla bağlı onu deyə bilərəm ki, bunlar da reallıqdan uzaqdır. Azərbaycan ötən il 29,1 milyon ton neft hasil edib, yəni ortalama 590 min barel. Düzdür, Azərbaycanda cari ildə neft hasilatının artımı gözlənilmir, ancaq 630 min barel hasilat olacağı göstərilir. 630 min barel 31,5 milyon ton deməkdir. Yəni fərq görürsünüz nə qədərdir?!”

Qeyd edək ki, Azərbaycanda neft ehtiyatlarının tükənəcəyi ilə bağlı tezislər çox vaxt qərəzli və məqsədli şəkildə yayılır. Bu cür yanaşmalar adətən ya Azərbaycanın enerji sektorundakı rolunu kiçiltmək, ya da xarici dairələrin maraqlarına xidmət etmək üçün ortaya atılır. Neft ehtiyatlarının tükənməsi məsələsi yalnız mövcud hasilatla məhdudlaşmır. Yeni yataqların kəşfi və müasir texnologiyaların tətbiqi hasilatı uzada bilər. Azərbaycanda “Abşeron”, “Şəfəq-Asiman”, “Ümid-Babək” kimi perspektivli yataqlar var və onların işlənməsi ehtiyatların uzunmüddətli olacağını göstərir. Ənənəvi neft yataqlarında hasilatın tədricən azalması normal prosesdir. Lakin bu, neftin tamamilə tükəndiyi anlamına gəlmir. SOCAR və tərəfdaş şirkətlər neft hasilatını stabil saxlamaq üçün müxtəlif tədbirlər görürlər. Qlobal enerji şirkətləri və Azərbaycanın rəsmi qurumları ehtiyatları beynəlxalq metodologiya əsasında hesablayır. Əgər Azərbaycanın neft ehtiyatları ciddi şəkildə tükənmə riski ilə üzləşsəydi, bu, beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələrində və neft bazarına təsirlərdə açıq şəkildə görünərdi. Azərbaycanın enerji siyasətini və bazardakı yerini zəiflətmək istəyən qüvvələr bilərəkdən “neft tükənir” narrativini təbliğ edə bilərlər. Bu, həm Azərbaycanın enerji sahəsinə qoyulan investisiyalara təsir etmək, həm də ölkənin enerji müstəqilliyini şübhə altına almaq üçün istifadə edilə bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.