Firmalarla işləyən həkimlərə daha bir zərbə – QANUNA DƏYİŞİKLİK
14-10-2016, 14:11
Bioloji fəallığa malik qida əlavələri həkimlərin tövsiyəsi əsasında satılacaq. Fins.az xəbər verir ki, bununla bağlı "Dərman vasitələri haqqında" qanuna dəyişikliklər edilib.
Qanuna əlavə edilən maddələrə əsasən, bioloji fəallığa malik qida əlavələri orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədi ilə həkim tərəfindən tövsiyə oluna bilər. Lakin onlar xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədi ilə təyin olunan dərman vasitələrini əvəz etmir.
Yeniliyə görə, bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılması qadağandır. Bioloji fəallığa malik qida əlavələri dərman vasitəsi ilə eyni tərkibli ola bilməz. Bunu aydınlaşdırma üçün həmin qida əlavələri ekspertizadan keçiriləcək.
Qeyd edək ki, indiyədək həkimlər həmin bioloji aktiv maddələri dərman adı altında reseptlərə yazırdılar. Pasiyentlər də bunları dərmanlardan ayıra bilmədiyi üçün hamısını almaq məcburiyyətində qalırdı. Bu da vətəndaşların əlavə vəsait xərcləməsinə səbəb olurdu. Yeni dəyişiklik isə bütün bunları qadağan edəcək. Artıq həkimlər müxtəlif profilli firmaların məhsullarını məcburən aldıra bilməyəcəklər.
Dəyişiklikdə bioloji fəallığa malik qida əlavələrinin satışı və reklamı ilə bağlı məsələlər də əlsini tapıb. Belə ki, yeni qanun layihəsinə əsasən, həmin məhsullar apteklərdə, ərzaq mağazalarında və bu məqsədlər üçün təşkil olunan xüsusi köşklərdə sanitar-gigiyenik tələblərə əməl edilməklə satılacaq. Qida əlavələrinin reklamında onların dərman vasitəsi olmadığı haqqında məlumat verilməlidir.
Xatırladaq ki, bioloji fəallığa malik qida əlavələrinə qida rasionunu zənginləşdirmək məqsədi ilə bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioaktiv maddələr və onların komplekslərinin farmasevtik formada hazırlanaraq gündəlik qəbuletmə dozası müəyyənləşdirilən məhsullar daxildir.
Dəyişiklikliyin tam mətni belədir:
"Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 70, № 11, maddə 1046; 2009, № 6, maddə 397, № 12, maddələr 948, 949; 2010, № 7, maddə 600; 2011, № 4, maddə 259; 2013, № 4, maddə 356; 2015, № 2, maddə 84, № 4, maddə 365) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.0.17-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.0.18 - 1.0.20-ci maddələr əlavə edilsin:
"1.0.18. ekvivalent dərman vasitələri - təsiredici maddəsi (maddələri), farmasevtik forması və vahid xam maddəsinin miqdarı (dozası) eyni olan dərman vasitələri;
1.0.19. oxşar dərman vasitələri - təsiredici maddəsi (maddələri), farmasevtik forması eyni, vahid xam maddəsinin miqdarı (dozası) və (və ya) qablaşdırmadakı vahid miqdarı fərqli olan dərman vasitələri;
1.0.20. bioloji fəallığa malik qida əlavələri - qida rasionunu zənginləşdirmək məqsədi ilə bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioaktiv maddələr və onların komplekslərinin farmasevtik formada hazırlanaraq gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsullar.".
2. Aşağıdakı məzmunda 4.7-ci, 16.4-cü və 14-1-ci maddələr əlavə edilsin:
"4.7. Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması (dövlət satınalmaları zamanı və ya tibb müəssisələrinə təklif edilən topdansatış qiymətlərdən aşağı qiymətlər istisna olmaqla) qadağandır.
16.4. Dərman vasitələrinin istehsalçıları, xarici istehsalçıların yerli nümayəndəlikləri (filialları) və ya onların müvəkkil etdikləri şəxslər dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədi ilə bəyannamələri, hesabat sənədlərini və zəruri məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim etməyə borcludurlar.
Maddə 14-1. Bioloji fəallığa malik qida əlavələri
14-1.1. Bioloji fəallığa malik qida əlavələri orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədi ilə həkim tərəfindən tövsiyə oluna bilər, lakin xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədi ilə təyin olunan dərman vasitələrini əvəz etmir. Bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılması qadağandır.
14-1.2. Bioloji fəallığa malik qida əlavələri dərman vasitəsi ilə eyni tərkibli ola bilməz. Bioloji fəallığa malik qida əlavələrinin dərman vasitələri ilə eyni tərkibli olub-olmamasını müəyyən etmək məqsədi ilə bioloji fəallığa malik qida əlavələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən ekspertizadan keçirilir. Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
14-1.3. Bioloji fəallığa malik qida əlavələrinin üzərində və onların istifadəsi təlimatlarında (içlik vərəqlərində) aydın, seçilən, qalın hərflərlə, silinməsi mümkün olmayan tərzdə çap olunmuş "dərman vasitəsi deyildir" sözləri yazılmalıdır.
14-1.4. Bioloji fəallığa malik qida əlavələrinin satışı aptek təşkilatlarında, ərzaq mağazalarında və bu məqsədlər üçün təşkil olunmuş xüsusi köşklərdə sanitar-gigiyenik tələblərə əməl edilməklə həyata keçirilir.
14-1.5. Bioloji fəallığa malik qida əlavələrinin reklamında onların dərman vasitəsi olmadığı haqqında məlumat verilməlidir.".
3. 5.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
"5.3. Bu Qanunun 4.7-ci maddəsinin tələblərinin pozulmasına görə bir il ərzində 3 dəfə məsuliyyətə cəlb olunmuş hüquqi və fiziki şəxslərin lisenziyası "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq lisenziya verən orqan tərəfindən 6 ayadək müddətə dayandırılır."
teref.az