Prezident İlham Əliyev: Hər hansı başqa regional enerji layihələri "Cənub Qaz Dəhlizi" ilə rəqabət apara bilməz

20-10-2016, 00:25           
Prezident İlham Əliyev: Hər hansı başqa regional enerji layihələri "Cənub Qaz Dəhlizi" ilə rəqabət apara bilməz
"Hər hansı başqa regional enerji layihələri obyektiv olaraq sadəcə "Cənub Qaz Dəhlizi" ilə rəqabət apara bilməz".

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova “Sputnik Azerbaydjan” üçün müsahibəsində deyib.

Ölkə başçısı qeyd edib ki, TANAP dörd hissədən ibarət olan iri “Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsidir: "Bu, əslində, dünyanın ən iri qaz-kondensat yataqlarından biri olan “Şahdəniz”in işlənilməsinin ikinci mərhələsidir. Azərbaycandan Gürcüstana qədər uzanan Cənubi Qafqaz qaz kəmərinin tikintisi, onun genişləndirilməsidir. Əslində, TANAP Türkiyənin Gürcüstanla şərq sərhədindən Yunanıstanla qərb sərhədinədək uzanan Transanadolu qaz kəməridir. Daha sonra Türkiyə-Yunanıstan sərhədindən dənizin dibi ilə Yunanıstandan və Albaniyadan İtaliyaya gedib çıxan Transadriatik (TAP) qaz kəməri. Bu, “Cənub Qaz Dəhlizi” layihəsidir. Təbii ki, digər layihələrlə vəhdət təşkil edən TANAP “Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsidir. Digər layihələr olmadan, bu layihə natamamdır".

Prezident əlavə edib ki, bu layihənin bütün xətti boyunca birinci mərhələdə nəql edəcəyimiz qazın həcmi barədə artıq kontraktlar bağlanıb, bu qaz artıq satılıb: "Biz hasilatın artırılması barədə kontraktlar imzalamışıq. Hasilatın artımı 2018-ci ildən başlayacaq və 2020-2021-ci illərdə ən yüksək səviyyəyə çatmalıdır. Buna görə də hər hansı başqa regional enerji layihələri obyektiv olaraq sadəcə onunla rəqabət apara bilməz, çünki biz həmin qazı artıq satmışıq. Bu birinci.

İkincisi, biz onu əsas götürürük ki, əgər qonşularımız və dostlarımız tərəfindən həyata keçirilən hansısa layihələr varsa, - indiki halda “Türk axını”, - biz buna yalnız şad olarıq, çünki bu, regionda qarşılıqlı fəaliyyəti, əməkdaşlığı, təhlükəsizliyi möhkəmləndirir və ölkələrin regionda öz iqtisadi və enerji maraqlarını daha tam təmin etmələrinə imkan verir. Buna görə biz “Türk axını” layihəsini həmişə dəstəkləmişik və şadıq ki, müəyyən müddətdən sonra bu layihə yenidən dirçəldilib".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.