“… düşünürlər ki, aşı süzən də, yeyən də, sonda əhsən deyən də bir təşkilatdan olmalıdır.“
20-10-2016, 09:52
İctimai Nəzarət və ya Məsləhət Şurasının yaradılmasından niyə çəkinirik?
Eşidəndə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə hüquqi aktların qəbulunda və fəaliyyət istiqamətləri ilə bağlı ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin olunması məqsədilə Nazirlik yanında İctimai şura yaradılıb, geniş ictimaiyyətlə daha sıx bağlantıları və bilavasitə ictimai rəyə və nəzarətə daha çox ehtiyacı olan Təhsil Nazirliyində belə bir Şuranın bu günədək yaradılmamasından təəccüb və təəssüf hissini heç cür gizlədə bilmirsən. Hələ, hətta Ekologiya və Təbii Sərvətlər naziri yanında da İctimai Ekoloji Şura yaradılması qalsın bir yana.
Məlumdur ki, dövlətin, cəmiyyətin və təhsil alanların təhsil sisteminə sosial tələbi keyfiyyətli təhsildir və təhsil sahəsində aparılan bütün islahatların, atılan hər bir addımın məqsədi məhz onun keyfiyyətinin yüksəldilməsinə nail olmaqdan ibarətdir. Heç təsadüfi deyil ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası da məhz, bir vəzıfə olaraq təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsil idarəetmə sisteminin yenidən qurulması zəruriliyini önə çəkib.
Halbuki, yeni rəsmi sənədlər də bir yana, artıq çoxdan bəri arxivə göndərdiyimiz “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”nın son dərəcə demokratik və humanist ruhlu müddəalarınıda da aşkarlığın və şəffaflığın gözlənilməsi qırmızı xətlə keçirdi:
6.3 Təhsil sahəsində hazırlanan normativ-hüquqi aktların layihələrinin müzakirəsinə ictimaiyyətin geniş cəlb olunmasının təmin edilməsi.
6.4 Təhsil sahəsində qəbul olunmuş normativ-hüquqi aktların icrasına ictimai nəzarət sisteminin yaradılması.
Digər tərəfdən "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 8.0.3. maddəsində bir mənalı şəkildə qeyd edilir ki, təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, assоsiasiyalar, cəmiyyətlər, elmi-metоdik şuralar və digər qurumlar təhsil sisteminə daхildir:
Baxmayaraq ki, bu kimi məsələlər ölkə başçısının 22 noyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu“nda, habelə “Təhsil haqqında” Qanunun 8-ci maddəsində kifayət qədər öz əksini tapıb, bununla belə bu məsələnin reallaşmasında Təhsil Nazirliyinin tərəddüdü, heç cür başa düşülən deyil. Yəni, müvafiq Qanuna əsasən, ictimai iştirakçılıq – dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətın təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının bu Qanunla müəyyən edilmiş formalarda məsləhətləşməsı və ictimai rəyın nəzərə alınmasını nəzərdə tutur. Burda qorxulu və ehtiyat ediləcək nə var ki?
Bizim Təhsil Nazirliyimiz isə hələ ki, bu istiqamətdə hansısa bir addım atmağa nədənsə tələsmir. Təhsilimizi onsuz da eksperiment meydanına çevirmişık, bəlkə bunu da bir sınayaq, nə is bir effekti oldu, Bu da, hansısa maliyyə resursları tələb etmir ki, xeyri dəyməsə belə ziyanı da olmayan bir işdir. Nəzarətdən çəkiniriksə, barı heç olmasa Məsləhət Şurası yaradaq. Respublika Təhsil Şurasının sədri Əjdər Ağayevin təbirincə desək bəlkə “… düşünürlər ki, aşı süzən də, yeyən də, sonda əhsən deyən də bir təşkilatdan olmalıdır.“
Hesab edirəm ki, gec də olsa . artıq təhsilə baxışımız, yanaşma tərzimizin dəyişməsi zərurəti yaranıb.
Nə qədər ki, Nazirliyin nəzdində belə bir ictimai qurum yaradılmayacaq, ayrı-ayr fikirlər parçalanaraq ümumu məxrəcə gəlmək mümkün olmayacaq.Təhsil Nazirliyində belə bir Şuranın yaradılması aşkarlıq və şəffaflığı daha obyektiv və dolğun şəkildə təmin etməklə yanaşı həm də Nazirliyi qayda və təlimatlarda tez-tez yerli və yersiz dəyişikliklər aparmaq ənənəsidən azad edər.
Heç olmasa Təhsil Nazirliyi rektorluq yanında atrıq Əsasnaməsi də qəbul olunan İctimai Nəzarət və Məsləhət Şurasının fəaliyyətə başladığı BDU-dan nümunə götürsün. Azerbaycan Diller Universitetinin
Elmi Şurası da artıq nə müddətdir ki, “İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu”nu nəzərə alaraq belə bir şura yaradıb.
Görək Təhsil Nazirliyinin fikirləşmək limiti nə vaxt bitəcək?
Nadir İsrafilov