Sahibkar DGK-dan Prezident yanında Apellyasiya Şurasına şikayət etdi – MƏTN
21-10-2016, 00:16
Həmid Vəkilov: “Sizdən xahiş edirəm, Rəfael Niftəliyevin mənə qarşı yaratdığı süni əngəllərin aradan qalxmasına yardım edəsiniz”
Oktyabrın 19-da Qafqaznews.az saytında “Enerji Gömrük İdarəsində sahibkarları “süründürən” məmur kimdir?” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda qeyd olunurdu ki, Qafqaz Xəbər Agentliyinə müraciət edən Həmid Soltan oğlu Vəkilov Azərbaycanda altı maşın akkumlyator gətirdiyini, lakin Enerji Gömrük İdarəsi maliyyə şöbəsinin müdiri Rəfael Niftəliyevin ona süni əngəllər törətdiyini bildirib. Oktyabrın 20-də yenidən H.Vəkilov Qafqaznews.az-a bildirib ki, məsələ ilə bağlı Prezident yanında Apellyasiya Şurasının sədri, Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Eldar Qasım oğlu Nuriyevə müraciət edib. H.Vəkilovun yazılı müraciətinin mətnini oxuculara təqdim edirik:
Cənab Eldar Nuriyev! Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyev cənabları daim Azərbaycanda sahibkarlığın və bazar iqtisadiyyatının inkişafında maraqlı olmuş, sahibkarların fəaliyyətini məhdudlaşdıran və hansısa monopolistlərin marağına xidmət edən məmurlara qarşı barışmaz mövqe nümayiş etdirib. Ölkə rəhbərliyinin davamlı şəkildə həyata keçirdiyi islahatlar və az qala hər gün dövlətin inkişafı naminə Prezidentin imzaladığı fərman və sərəncamlar biz sahibkarlar tərəfindən də böyük rəğbətlə qarşılanır. Xalqın rifahı naminə atılan addımları müsbət qiymətləndiririk və İlham Əliyev hakimiyyətini daim dəstəkləyirik. Lakin təəssüflər olsun ki, bəzi məmurlar öz vəzifə və səlahiyyətlərindən istifadə edərək sahibkarları incidirlər. Məmurların yaratdığı bürokratik əngəllər isə sahibkarlar arasında diskriminasiyaya səbəb olur, “krışa”sı olmayan sahibkarlar iflasa uğrayır, borc-xərclə ziyana düşməkdən xilas olan sahibkarlar isə məcbur olur ki, ölkəyə gətirdikləri məhsulu insanlara baha qiymətə satsınlar.
Nəticədə isə süni bahalaşma yaranır. Halbuki, bürokratik əngəllər az olsa, biznesin inkişafı üçün münbit şərait yaranar. Məhz bu məqsədlə də, Cənab Prezidentin sərəncamı ilə ölkədə ASAN Xidmət yaradılıb və qeyd edim ki, sözügedən xidmətin fəalliyyətə başlamasından sonra, ölkəmizdə sənədləşdirmə işləri xeyli rahatlaşıb. Amma təəssüflər olsun ki, gömrük xidmətində özünü “toxunulmaz” hesab edən bəzi məmurlar Prezidentin həyata keçirdiyini islahatlardan, çıxışlarında dilə gətirdiyi tapşırıqlardan zərrə qədər də nümunə götürməyiblər.
Hörmətli Eldar müəllim! Mən fiziki şəxs kimi sahibkarlıqla məşğul oluram. Bu günlərdə Dövlət Gömrük Komitəsinin Enerji Gömrük İdarəsi, xüsusilə də həmin idarənin maliyyə şöbəsinin rəisi Rəfael Niftəliyev tərəfindən süründürməçiliyə məruz qalmışam. Türkiyədən altı ədəd TIR-a yüklənmiş akkumlyatorlar gətirmişəm. Maşınlar Gürcüstan-Azərbaycan sərhədlərini keçməmişdən, mən idxal bəyannaməsi verməyə çalışdım, lakin mənə günlərlə maneə yaratdılar. İnspektorlar işi bir-birinə ötürə-ötürə, nəhayət ki, idxal bəyannaməmi qəbul etdilər. Artıq maşınlar gəlib, amma neçə gündür ki, mənim malıml ölkəyə buraxmırlar. Bəhanə isə ondan ibarətdir ki, guya, mən bəyannamədə malın qiymətini azaltmışam. Lakin mənim əlimdə sənədlər var və Türkiyədə mal aldığım şirkətin sənədləri ilə bəyannamədəki qiymətlər eynidir.
Cənab Eldar Nuriyev! Dövlət başçısı dəfələrlə məmurlara tapşırıb ki, sahibkarlara şərait yaradılsın və ölkədə biznes inkişaf etsin. Lakin 6 gündür ki, mən səhərdən axşama qədər vaxtımı gömrükdə keçirirəm. Mənə xeyli əsəb yaşadılıb və mal söz verdiyim müştərilər qarşısında da yalançı çıxmışam. Bir çox müştəri də artıq maldan imtina edib. Hər maşında 48 min dollardan artıq dəyəri olan mal var. Malların çoxu üçün qabaqcadan pul da almışam. Beləliklə, Rəfael Niftəliyev başda olmaqla, DGK məmurları mənim işimi ləngidərək, 30 min manatdan çox ziyana düşməyimə səbəb olublar. Mən mallara görə, 160 min 850 manat gömrük rüsumu da ödəmişəm. Rəfael Niftəliyev mənə deyib ki, əlavə olaraq 13 min manat da rüsum ödəməlisən. Yaxşı, əgər qiymətləri süni surətdə azaltmışdımsa, o rüsum ödənişi niyə araşdırılmadan qəbul olundu? Süründürməçiliyə məruz qalan sahibkar tək mən deyiləm. Neçə gündür görürəm ki, başqa sahibkarlar da incidilir və gömrükdə onlara stress yaşadırlar. R.Niftəliyev sahibkarları süründürməsi və incitməsi ilə özünə mənfi reputasiya qazanıb.
Eldar müəllim! Sizdən xahiş edirəm ki, mənə yaradılan bürokratik əngəllərin aradan qalxması və mallarımın ölkəyə buraxılması, Rəfael Niftəliyevin mənə qarşı yaratdığı süni əngəllərin aradan qalxmasına yardım edəsiniz.
Hörmətlə, Həmid Soltan oğlu Vəkilov
teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!