Meriyaya 3,7 milyon rüşvət ittihamı - Səs-küylü məhkəmədə şok faktlar açıqlanır

22-10-2016, 00:35           
Meriyaya 3,7 milyon rüşvət ittihamı - Səs-küylü məhkəmədə şok faktlar açıqlanır
”İşin necə görüləcəyi İlham Qasımovla Gülağa Qəmbərov arasında danışılmışdı. İş üçün ayrılan pulu mən otaqdan götürdüm”

Oktyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi keçən iş adamı İlham Qasımovun məhkəmə prosesi davam edib.

Hakim Zeynal Ağayevin sədrlik etdiyi iclasda İlham Qasımovun vəkili çıxış edərək mətbuatda işin obyektiv işıqlandırılmadığını bildirib və jurnalistlərin prosesdə işitirakına məhdidiyyət qoyulmasını istəyib.

Hakim isə bildirib ki, məhkəmə açıq keçirilir. Z.Ağayev deyib ki, əgər narazılıq varsa, həmin jurnalisti məhkəməyə verə bilərlər.

Daha sonra iclasda şahid qismində Sahib Cahangirli dindirilib.

O, İlham Qasımova məxsus "Real” MTK-nın direktoru olduğunu deyib. Bildirib ki, istintaqa 3 dəfə ifadə verib. İlk iki ifadəsini təsdiqləsə də, sonuncu ifadəsini təsdiqləmir. Şahid buna səbəb kimi təzyiqlərə məruz qalmasını göstərib: "Mənə sonuncu dəfə dedilər ki, biz deyənləri yazmasan 12 illik içəri girəcəksən. Mən heç yazılanları oxumadan imzaladım. Məhkəməyə də teleqram vurmuşam ki, sonuncu ifadəmi təsdiq etmirəm”.

Hakim şahidə ziddiyyətli ifadələr verdiyi üçün xəbərdarlıq edib və buna görə də cinayət məsuliyyətinə cəlb edilə biləcəyini xatırladıb.

S.Cahangirli ötən prosesdə ifadə verən zərərçəkmiş, azərbaycanlı milyarder Gülağa Qəmbərovu tanıdığını da bildirib.

O, təqsirləndirilən şəxs İlham Qasımovla şərik olan Gülağa Qəmbərovun verdiyi pulu şəxsən aldığını söyləyib: "İşin necə görüləcəyi İlham Qasımovla Gülağa Qəmbərov arasında danışılmışdı. İş üçün ayrılan pulu mən otaqdan götürdüm”.

Məhkəmədə məlum olub ki, "Real” MTK Bakı Şəhər İcra Hakimiyyətinə 3 milyon 700 min pul ödəyib. Şahid Sahib Cahangirli və İlham Qasımov bunu təsdiqləsələr də, rəsmi sənədin olmadığını deyiblər. Bildiriblər ki, 3 milyon 700 min MTK tərəfindən həyata keçirilən layihələrin təsdiqlənməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə verilib.

Prosesdə ifadə verən zərərçəkmiş Kamal Məmmədov isə artıq şikayətçi olmadığını deyib. Bildirib ki, ona dəyən ziyan ödənilib.

İ.Qasımov isə deyib ki, K.Məmmədovu birinci dəfədir görür:”Bunların hamısını tapşırıqla ediblər”.

Məhkəmə prosesi oktyabrın 28-də davam edəcək.

Təqsirləndirilən İlham Qasımov elan olunan ittihamla özünü günahkar bilmədiyini deyib.
İlham Qasımov "Real” MTK-nın rəhbəri olub. O, Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

İlham Qasımov MTN general olmuş Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınmış şəxslərdən biridir. Bakı Hərbi Məhkəməsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə məktub göndərilib. Məktubda qeyd edilir ki, İlham Qasımov "Akif Çovadarov işi”ndə zərərçəkmiş kimi tanınıb.

Meydan.tv












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.