Yaşı çatsa da, pensiya ala bilməyənlərin sayı niyə artır? - AKTUAL

Bu gün, 18:30           
 Yaşı çatsa da, pensiya ala bilməyənlərin sayı niyə artır? - AKTUAL
2025-ci il yanvarın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 098,3 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 1 milyon 096,0 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,7 faizini təşkil edir.

Dövlət Statistika Komitəsininin məlumatına görə, onların 64,3 faizi yaşa, 23,2 faizi əlilliyə, 12,5 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Yaşa görə müavinət alanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16 min 153 nəfər və ya 12,2 % artıb. Qeyd edək ki, son 6 ildə yaşa görə müavinət alanların sayı və onlara təyin olunan aylıq müavinətin məbləği aşağıdakı kimi olub:

*1 yanvar 2020-ci il – 82,4 min nəfər (aylıq müavinət 130 manat);
*1 yanvar 2021-ci il – 100,2 min nəfər (130 manat);
*1 yanvar 2022-ci il – 113,6 min nəfər (180 manat);
*1 yanvar 2023-cü il – 128,3 min nəfər (220 manat);
*1 yanvar 2024-cü il – 143,7 min nəfər (220 manat);
*1 yanvar 2025-ci il – 156,2 min nəfər (220 manat).

Bildirək ki, yaşa görə müavinət pensiya yaşına çatdığı halda əmək pensiyası ala bilməyən şəxslərə təyin olunur. Hazırda Azərbaycanda kişilər üçün pensiya yaş həddi 65, qadınlar üçün 64-dür.

Pensiya yaşına çatsa da, pensiya ala bilməyənlərin sayı niyə artır və bu, işsizlərin sayının çox olmasının göstəricisidirmi?

İqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”a bildirib ki, sosial müdafiəyə ehtiyacı olan əhalinin bu seqmentinin azalmasına iki amil təsir edir:

“Bu faktorlardan biri odur ki, nə qədər tənqid etsək də son illər az da olsa, iş yerləri açıldı. Vətəndaşlarımız rəsmi iş yerləri əldə edə bildilər.

Bununla da minimum əmək pensiyası almağa haqqı olanların sayı bir qədər sabitləşdi. O sabitləşmənin hesabına yaşa görə müavinət alanların sayı bir qədər azaldı. Bu amil çox zəif təsirə malikdir. Ancaq yaşa görə müavinət alanların sayının azalmasına əsas səbəb insanların pensiya yaşına çatmadan dünyasını dəyişməsidir.

Yəni ölkədə sonuncu pensiya qanunvericiliyi qəbul ediləndən sonra da əhalinin orta yaş həddi real olaraq aşağı düşüb. BMT-nin göstəricilərinə görə, Azərbaycanda orta yaş həddi 72-dir.

Azərbaycan hökumətinin açıqladığı rəqəmlərə görə 74-dür. Ancaq hazırkı reallıq onu göstərir ki, ölkədə orta yaş həddi artıq 70 yaşdan aşağıdır”.

Ekspert deyir ki, bu da əhalinin gəlirlərinin azalması, bununla da bağlı öz güzəranının, yaşayışının, xəstəliklərlə mübarizə qabiliyyətinin aşağı düşməsi ilə bağlıdır:

“Yəni insanlar sıxıntı, əsasən də maddi problemlər içərisində yaşadıqlarına görə tez qocalırlar və çoxları normal qidalanmadığına görə immunitet zəifləyir, xəstəliklərə daha tez yaxalanırlar.

Xəstəliklərə yaxalanların da əksəriyyəti dünyasını dəyişir. Bununla yanaşı ölkədə zərərli qidalar geniş yayılıb. Ölkədə rəqabət mühiti olmadığına görə məhsulların keyfiyyəti getdikcə aşağı düşür, qiymətlər isə bahalaşır.

Bu isə həm vətəndaşların normal qidalanmaya əlçatanlığını azaldır, digər tərəfdən də əldə etdikləri zərərli qidalardır ki, onlar da tələbatı ödəsə də, özü ilə yeni problemlər gətirir ki, bununla xəstəliklər çoxalır.

Xəstəliklərin də çox olması ölüm sayının artmasına gətirib çıxarır. Birinci səbəbin də müəyyən təsirləri var, ancaq əsas məsələ ikinci problemdir. Maddi imkanların aşağı olması və qida bazarına zərərli qidaların “ayaq açmasıdır””.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.