Qusarın icra başçısı tezliklə kreslosu ilə vidalaşmalı olacaq - Gözlənti...
25-10-2016, 16:59
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Balaşərif oğlu Alxasovun tezliklə vəzifədən kənarlaşdırılacağı ilə bağlı hazırda yuxarı dairələrdə ciddi müzakirələr aparılır. Bu barədə əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la paylaşan məlumatlı şəxsin sözlərinə görə, icra başçısı Qusar rayon camaatı ilə normal rəftar edə, sakinlərin problemlərini yoluna qoya və ən əsası da ölkə başçısının müvafiq tapşırıqlarını lazımı səviyyədə icra edə bilmir. Beləliklə, icra başçısının yarıtmaz fəaliyyətinin artıq Qusar camaatını bir sıra təsirli addımlara baş vurmağa vadar etdiyini vurğulayan mənbə iddia edir ki, əhali icra başçısı Şair Alxasovun daha perspektivli və işgüzar birisilə əvəzlənməsini, rayonun problemlərinin tez bir zamanda həll olunmasını, eləcə də işsizlik probleminin aradan qaldırılmasını tələb edir. Qusar Rayon İcra Hakimiyyətinin başçısının komandasında təmsil olunan bəzi səlahiyyət sahiblərinin əhaliyə, əsasən də sahibkarlara göz verib işıq vermədiyini deyən məlumatlı şəxs hesab edir ki, bu vəziyyət çox davam edə bilməz: «Deyilənlərə görə, artıq Qusar rayon sakinlərinin səbri tükənmək üzrədir. Odur ki, aidiyyəti qurumlar tez bir zamanda məsələyə müdaxilə etməli, yaranmış problemin həlli istiqamətində ciddi işlər görməlidirlər. Yeri gəlmişkən, onu da qeyd edim ki, Şair Alxasov icra başçısı təyin olunduqdan sonra rayon üzrə tenderlərin sayı və məbləği xeyli artmağa başlayıb. Bu isə tamam başqa məqamlardan xəbər verir. Deyilənlərə görə, tenderlər zamanı ayrılmış vəsaitlərin çox az bir hissəsi təyinatı üzrə xərclənir. Belə ki, ayrılmış vəsaitin əsas hissəsi qeyri-müəyyən səmtlərə sərf olunur». Bu arada, Şair Alxasovun əslən Qusar rayonunun Çətkün kəndindən olduğunu, 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirdiyini, əmək fəaliyyəti dövründə «Azərelektroterm» İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, «Bərpaçı-A» MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışdığını, 2007-ci ildən isə Qusar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində təmsil olunduğunu vurğulayan mənbənin sözlərinə görə, o, rayon ərazisində müxtəlif obyektlərə malikdir: «Deyilənlərə görə, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun gəlir qaynaqları arasında restoranlar, istirahət mərkəzləri, fermer təsərrüfatları və böyük supermarketlər var. Bildirilir ki, icra başçısı təyin edilməmişdən əvvəl Şair Alxasov Bakıda biznes fəaliyyəti ilə məşğul olub. Bu səbəbdən də o, indinin özündə də əvvəlki peşəsindən əl çəkməyib. Yəni Qusar Rayon İcra Hakimiyyətinin başçısı olmasına baxmayaraq, hələ də biznes fəaliyyətini davam etdirir». Onu da nəzərinizə çatdıraq ki, Qusar rayonunun kanalizasiya sisteminin bərbad vəziyyətdə olduğunu qeyd edən məlumatlı şəxsin bildirdiyinə görə, büdcədən ayrılmış vəsaitlərin xərclənməsi düzgün aparılmır: «Deyilənlərə görə, bu və digər işlərə sərf olunan vəsait mövcud reallıqla üst-üstə düşmür. Belə ki, rayonda aparılan bir sıra təmir-bərpa işlərinə çəkilən xərclərlə göstərilən rəqəmlər arasında ziddiyyət var. Qeyd olunur ki, bu işlərin bir çoxu yerli idarə və müəssisələrdən yığılmış vəsaitlər hesabına reallaşdırılıb. Ən böyük yalan isə küçələrin abadlaşdırılması və yenidən qurulması ilə bağlıdır. Qusarda faktiki olaraq bir neçə əsas küçə asfaltlanıb və yol kənarındakı evlər kosmetik yeniliyə məruz qalıblar». Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun nüfuzlu məmurlardan birinin adından istifadə edərək, uzun illərdən bəri torpaq, bağ sahibi olan əhalini müxtəlif üsullarla malik olduqları torpaq sahələrindən imtina etməyə vadar etdiyini deyən mənbə iddia edir ki, kimini həmin nüfuzlu məmurun adından istifadə etməklə qorxudaraq, kimini isə çox ucuz qiymətə bağ yerini satmağa məcbur edərək böyük bir kampaniya aparan icra başçısı və onun yaxın adamları artıq onlarla bağ sahəsini, geniş əraziyə malik torpaqları ələ keçiriblər: «Deyilənlərə görə, torpağı əlindən alınan şəxslərdən biri də Qusar rayon sakini Hacımirzə Ağamirzəyevdir. Belə ki, bir müddət əvvəl üzləşdiyi problemlə bağlı kütləvi informasiya vasitələrinə müraciət edən Hacımirzə Ağamirzəyev 5 otaqlı mənzilinin icra hakimiyyətinin başçısı Şair Alxasov tərəfindən qanunsuz söküldüyünü bildirib: «3 ildir ki, torpağımı şəxsən icra başçısının göstərişi ilə əlimdən alıblar, üstündəki tikilini söküblər. Məqsəd də odur ki, başçı mənim torpağımda obyekt tikmək istəyir. Samur qəsəbəsində, gömrük-keçid məntəqəsinin yaxınlığında 46 sot torpaq sahəm var. Sənədləri də qaydasındadır. Həmin sahədəki evi icra başçısı kommersiya obyekti tikməkdən ötrü məhkəmə qərarı olmadan sökdürüb». Onun sözlərinə görə, evinin sökülməsi ilə bağlı dəfələrlə icra başçısı Şair Alxasovun qəbulunda olub: «Tələb etdim ki, torpağımdan əl çəksin, yoxsa məhkəməyə verəcəm, mənə cinayət işi açdırdı. Məni Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə təqsirləndirib işimi məhkəməyə verdilər. Guya mən torpaq sahəsini zəbt etmişəm. 3 il başımı məhkəmələrlə qatdı. Ancaq sağ olsun hakim, 3 il başçının təzyiqi ilə davam edən məhkəmə prosesinin sonunda mənə bəraət hökmü çıxartdı. Çünki həmin torpağa görə bütün sənədlərim var». Məsələnin maraqlı tərəfi ondadır ki, bu qədər narazılıqların mövcud olmasına baxmayaraq, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov barəsində hələ də müvafiq ölçü götürülməyib. Lakin deyilənlərə görə, artıq yuxarılarda onun tutduğu vəzifədən kənarlaşdırılması məsələsi gündəmə gətirilib. Böyük ehtimalla, icra başçısı tezliklə kreslosu ilə vidalaşmalı olacaq. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.