Bakının təzminat davası güclənir - BUNDAN SONRA...
Dünən, 11:48

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, habelə terrorçuluq, digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikası vətəndaşlarının məhkəməsi davam etdirilir. Ötən gün keçirilən iclasda Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli tərəfindən Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin yandırılmasını, aramsız atəşə tutulmasını əks etdirən videomaterial nümayiş olunub. Məhkəmədə Ermənistan silahlı qüvvələrinin general-polkovniki, ovaxtkı baş qərargah rəisi Qurgen Dalibaltayanın (1926-2015) çıxışları yer almış videomaterial da nümayiş etdirilib. Dalibaltayan bildirib ki, Şuşa əməliyyatının işlənməsində, hazırlanmasında və həyata keçirilməsində Robert Köçəryan və Serj Sarkisyan iştirak ediblər. O vurğulayıb ki, Şuşanın işğal edilməsinin əhəmiyyəti çox böyük idi.
Politoloq İlyas Hüseynov Sherg.az-a deyib ki, Şuşanın işğalında Robert Köçəryan, Serj Sarkisyan və digərlərinin iştirakı Azərbaycana hüquqi müstəvidə bir sıra üstünlüklər qazandırır. Ekspert bildirib ki, heç kimə sirr deyil ki, "Qarabağ klanı"nda və separatçılıq dalğası fonunda torpaqlarımızda etnik təmizləmə, talançılıq, soyğunçuluq və digər cinayətlərə imza atılıb:
"Hesab edirəm ki, qarşıdakı dönəmdə Azərbaycan xalqına qarşı cinayətlər törətmiş şəxslərin beynəlxalq axtarışa verilməsini və onların Ədalət Məhkəməsinə cəlb olunması prosesini izləyə bilərik. Təhlillər də göstərir ki, bu fakt və etiraflar fonunda rəsmi Bakının Ermənistana qarşı haqlı təzminat davası açması üçün hər hansı ciddi əngəl qalmır. Bu etiraflar Azərbaycana hüquqi əsaslar verir ki, Ermənistanı beynəlxalq məhkəməyə verməklə, ondan haqqı olan təzminatı alsın. Şuşa əməliyyatında iştirak etmiş erməni komandirlərin beynəlxalq tribunallara verilməsi, yaxud Ermənistandan tələb edilməsi də mümkündür. Yəni belə bir hüquqi proses yaranıb. Ortada video-faktlar, sübutlar var. Ermənistan özünü bu prosesdən kənarda qoya bilməz".