Akif Çovdarovdan məktub var: “Məni sifarişlə öldürmək istəyirlər”

26-10-2016, 00:32           
Akif Çovdarovdan məktub var: “Məni sifarişlə öldürmək istəyirlər”
Həbsdəki generalın vəkili mətbuat konfransında maraqlı açıqlamalar verdi

“İndi istintaq nə istəyir? İstəyir ki, Akif Çovdarov o agentlərin kimliyini açıb ortaya qoysun?”

Ləğv edilmi Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi, hazırda həbsdə olan general Akif Çovdarov aclıq aksiyasına başlayıb. Bu barədə onun vəkili Kamandar Nəsibov oktyabrın 25-də keçirdiyi mətbuat konfransında məlumat verib.


Vəkil deyib ki, Çovdarov məktub yazaraq, onu həbsdə öldürmək istədikləri barədə həyəcan təbili çalıb. Keçmiş MTN-çi yazıb ki, həbsxanada onun müalicəsinə imkan verilmir, əksinə yanlış dərman atdırmaqla ürəyinin dayanmasına çalışırlar. Onun yazdığına görə, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi ona müalicə təyinatı yazmağa imkan vermir. Ona görə də oktyabrın 22-də Bakı İstintaq Təcridxanasının Tibb-Sanitar hissəsinə gələn həkim-koordioloq Natəvan Babayeva onun tam sağlam olması barədə rəy verib.

Çovdarovun yazdığına görə, 6 aydır onu “Deqaqsin” adlı bir dərman atmağa məcbur edirlər. Dərmanın təyinatında isə onu 20 gündən artıq qəbulu etməyə icazə verilmir. “Həmin dərmanı qəbul edəndən sonra ürəyim daha da zəifləyir, səhhətim pisləşir. O dərmanın təyinatında göstərilir ki, 20 gündən artıq qəbul edilə bilməz. Bunu həkim Natəvan Babayeva da təsdiqləyib. Xəstəlik tarixçəmdə də bu dərmanı qəbul etməli olduğum göstərilməyib. Əgər bu dərmanın qəbulundan ölsəm, belə çıxacaq ki, onu özbaşına qəbul eləmişəm”, – deyə Çovdarov yazıb.

Keçmiş MTN generalı əlavə edib ki, oktyabrın 22-dən 23-nə keçən gecə səhhəti kəskin pisləşib və o, növbətçi həkimdən Natəvan Babayevanın tövsiyə etdiyi “Algikey” dərmanı vurmasını xahiş edib. Növbətçi həkim isə tibb-sanitar hissəsində belə dərman olmadığını deyib. Bundan sonra Çovdarov təcili yardım çağırılmasını istəyib. Növbətçi tibb-sanitar hissəsinin rəisi ilə əlaqə saxlayıb, rəis də deyib ki, təcili yardıma ehtiyac yoxdur. Heç səhəri gün də təcili yardım çağırılmayıb. “Ürək xəstəsi kimi, hər gün açıq havada olmalıyam. Amma həbs olunandan bəri bir dəfə də açıq havada gəzməyimə imkan verilməyib. Bütün bunlar məni kimlərinsə sifarişi ilə öldürməyə çalışdıqlarını sübut edir.

Odur ki, qeyd etdiyim qanunsuzluqlara etiraz olaraq, həmçinin həyatım təhlükədə olduğu üçün Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin və Bakı İstintaq Təcridxanasının həkimləri tərəfindən müayinə və müalicə olunmaqdan imtina edirəm. Yalnız öz vəsaitimiz hesabına ailə üzvlərim tərəfindən müəyyən edilmiş həkimlər tərəfindən müayinə olunmağa razılıq verirəm. Həmçinin Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəhbərliyi tərəfindən “müalicə” yolu ilə öldürüləcəyimdən əmin olduğum üçün buna etiraz olaraq, dərman, qida və su qəbul etməkdən imtina edib, oktyabrın 25-dən aclıq elan edirəm”, – deyə Çovdarov məktubunda yazıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.