Nazirin eks-deputat qardaşı HİDDƏTLƏNDİ: - “Bunu yaradan biz - Məmmədovlar olmuşuq”

31-10-2016, 20:02           
Nazirin eks-deputat qardaşı HİDDƏTLƏNDİ: - “Bunu yaradan biz - Məmmədovlar olmuşuq”
Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədov Beynəlxalq Avtovağzal Kompleksinin nəzdində fəaliyyət göstərən ticarət mərkəzinin fəaliyyətini dayandırması ilə bağlı müzakirələrə son qoydu.
Sabiq deputat Modern.az-a özəl açıqlamasında yazılanların sensasiyadan başqa bir şey olmadığını bildirdi:

“Bu kompleks əhaliyə xidmət göstərmək, sosial problemlərin həlli üçün yüksək səviyyədə icra olunan, analoqu olmayan layihədir. Buna sevinmək lazımdır. Bu layihəni gerçəkləşdiridiyinə görə, kimisə suçlamaq lazım deyil, əksinə? sevinmək lazımdır.
İndi deyək ki, ofşor bir şirkət Azərbaycana investisiya qoyub? belə bir infrasturktur yaradıb, bu ölkədə kimi narahat edir, niyə narahat edir?
İnfrastruktur ölkə rəhbərliyinin siyasətinə uyğundursa, ölkədə investisiyanın sağlam mühiti, həyata keçirilən quruculuq-abadlıq işləri, ölkənin inkişafı ilə vəhdət təşkil edirsə, bu, mətbuatı, ictimaiyyət arasına çaşqınlıq salmaq istəyən insanları niyə narahat edir?
Mən də bu cəmiyyətin üzvü, vətəndaşı kimi narahatam ki, niyə insanlar məsələni yanlış istiqamətə sürükləyirlər?”.

E.Məmmədov Beynəlxalq Avtovağzal Kompleksinin ərsəyə gəlməsində iştirak etdiyini də bildirib:

“Bunu yaradan biz- Məmmədovlar olmuşuq, bunu Azərbaycan üçün etmişik, dövlətimiz, qədrini bildiyimiz xalqımız üçün eləmişik. Ölkə rəhbərinin iradəsilə etmişik, yaxşılıq edib ölkədə analoqu olmayan infrastruktur yaratmışıq. Bunun nəyi pisdir ki?
Niyə sensasiya dalınca qaçır hamı? Niyə bir dəfə yazmırsınız ki, Elton Məmmədov filan elmə yenilik gətirib. Niyə yazmırsınız? Sensasiya üçün kimdə desəniz, qərəz tapmaq olar”.
E.Məmmədov deyib ki, Beynəlxalq Avtovağzal Kompleksindəki ticarət mərkəzi əvvəlki qaydada fəaliyyətini davam etdirir:
“Demək istəyirəm ki, “Bakı XXI Əsr” MMC-nin mülkiyyətçisi olduğu Beynəlxalq Avtovağzal Kompleksi iş rejimi üzrə fəaliyyətini davam etdirir. Heç kimin bu kompleksin işinə basqısı, müdaxiləsi yoxdur. Bu gün qanunvericiliyə uyğun, fiziki, hüquqi şəxsin təsərrüfatında, obyektində hər hansı qurum tərəfindən yoxlama gedirsə, bu, faciə deyil və faciəyə çevirmək də lazım deyil.
Hüquq müstəvisində, qanunvericiliyə uyğun şəkildə rüblük, illik yoxlamalar həyata keçirilir, heç bir müdaxilələr də yoxdur. Eyni zamanda, ticarət mərkəzində bir mağazanın bağlanması onların hamısının bağlanması demək deyil.

Həm də ticarət mərkəzinin bağlanmadığına əmin olmaq üçün oraya baş çəkmək kifayətdir.
Ölkə rəhbərliyinin də tövsiyə və tapşırıqları budur ki, yeni iş yerləri açılsın, insanlar işlə təmin olunsun. Çox sayda insanın çalışdığı bir yerlə bağlı niyə yalançı sensasiya yaradılır, nə məqsəd güdülür, buna anlam vermirəm.
İstəyimiz budur ki, insanlar işləsin, evinə əmək haqqı aparsın, balasını sağlam dolandırsın, ictimai sabitlik olsun. Biz bu komandanın üzvü olaraq daim bunun üçün çalışmışıq, ömrümün qalan hissəsini də bu yola sərf edəcəyəm. Qoy cəmiyyətimiz gözəl olsun, gələcəyimiz sağlam olsun. Çünki bu ictimaiyyətin qeyd etdiyim istiqamətdə inkişafı üçün vətəndaş, valideyn olaraq maraqlı olmalıyıq.
Hamımızın amalı bu olmalıdır: quruculuğumuz davam etsin, inkişaf etsin, övladlarımız sağlam böyüsün”.

Qeyd edək ki, artıq bir neçə gündür ki, mətbuatda Beynəlxalq Avtovağzal Kompleskinin Ticarət Mərkəzinin fəaliyyətini dayandırdığına dair informasiyalar yer alır.
Səbəb kimi Avtovağzal ərazisinə Vergilər Nazirliyinin əməkdaşlarının ciddi yoxlamalar aparmaq üçün gəlmələri göstərilirdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.