"Son 200 ildə Rusiya Ermənistandan istifadə etmişdi və indi Fransa Ermənistana "siyasi" qucaq açır"

Bu gün, 00:12           
"Son 200 ildə Rusiya Ermənistandan istifadə etmişdi və indi Fransa Ermənistana "siyasi" qucaq açır"
Ermənistanın Sünik rayonunun Gorus şəhərində (Zəngəzur) Fransanın fəxri konsulluğunun nəhayət ki, açılışı olub. Fəxri konsul vəzifəsinə Gorusdakı Frankofoniya mərkəzinin direktoru Karmen Apunts təyin edilib. Ermənistan xarici işlər nazirinin müavininin sözlərinə görə, sabit sülhün təminatı həm də iqtisadi qarşılıqlı əlaqə və regional əməkdaşlıqdır ki, bu da regionda qarşılıqlı etimad mühitinin formalaşmasına töhfə verəcək. Fransanın hansı məqsədlə Qafanda konsulluq açması aydın məsələdir.
Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Gorusda Fransanın fəxri konsulluğu açıldı, sanki orada fransızlar “yaşayır”.

“Ümumiyyətlə, bu diplomatik qaydalarda belədir ki, hansı ölkənin hansısa şəhərində, bölgəsində çoxlu sayda digər ölkənin vətəndaşı yaşayırsa, orda da qarşılıqlı razılıq əsasında konsulluq açılır. Amma Gorusda heç bir dənə də fransız yoxdur. Hətta ora fransız deyil, ermənini konsul olaraq təyin etdilər.

Keçən il orada İran konsulluq açdı. İranı qismən başa düşmək olar. Çünki oradan İran sürücüləri yük daşıyırlar. Ancaq fransızların konsulluq açması siyasi məqsədlər daşıyır. Yəni Fransa da başa düşür, Ermənistan da bilir. Hətta İran da bilir ki, həmin ərazi gələcəkdə çox önəmli siyasi strateji bir nöqtə olacaq. Çünki 2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyannamədə nəzərdə tutulan Zəngəzur dəhlizi, məhz oradan keçəcək. Orada da xarici ölkələrin konsulluğu olması, həmin ölkə üçün çox vacib məsələdir. Çünki həmin ölkələr orada dövlət maraqlarını qorumağa çalışacaqlar. Bu nöqtey-i nəzərdən, Fransa da orada fəxr konsulluq açır. Gələcəkdə bu yol dəhlizi açılandan sonra orada öz dövlət maraqlarını təmin etmək üçün müəyyən işlər görəcəklər.

Xatırladaq ki, orada konsulluq açmağa da Rusiya da iki ildir müraciət edib. Hələlik onlara şərait yaradılmayıb. Ancaq Fransanın xarici işlər naziri Ermənistana səfəri zamanı bu məsələni danışdı və aradan bir neçə gün keçəndən sonra da fəxri konsulluq açıldı. Bu da onu göstərir ki, Fransa Cənubi Qafqazda möhkəmlənmək istəyir. Fransa Cənubi Qafqazda öz dövlət marağını həyata keçirmək istəyir”-deyə politoloq qeyd edib.

Elşad Həsənov bildirib ki, Ermənistandan son 200 ildə Rusiya bu cür istifadə etmişdi və indi Ermənistan Fransaya doğru qaçır: “Eyni zamanda həmin konsulluq vasitəsilə, İran və Türkiyə istiqamətində də Fransanın maraqlarını qoruyacaq və orda öz işlərini həyata keçirəcəklər. Bununla yanaşı, kəşfiyyat işləri həyata keçirə biləcəklər. Bu səbəbdən, Gorusda Fransa konsulluğu açıldı”.

Politoloq hesab edir ki, Zəngəzur dəhlizi açılandan sonra orada daha çox daha çox ölkənin konsulluğu olacaq və Ermənistan istər-istəməz gələcəkdə Rusiyaya da razılıq verəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.