"ABŞ-da "İtaətsizlik günü": Trampa qarşı minlərlə şəhərdə eyni vaxtda etiraz aksiyaları gözlənilir" - "Axios"
Dünən, 07:08

"Trampın siyasi ritorikası və avtoritar meylləri ABŞ demokratiyasına birbaşa təhdiddir..."
Bu şənbə, iyunun 14-də ABŞ-ın bütün ştatlarında hazırkı prezident Donald Trampın siyasətinə qarşı irimiqyaslı etiraz aksiyaları keçiriləcək.
Moderator.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Təşkilatçılar hesab edir ki, bu, Trampın ikinci prezidentlik dövrü başladıqdan bəri ən böyük birgünlük etiraz tədbiri olacaq. Aksiya "Kralsız gün" ("No Kings Day") adlanır və təsadüfi deyil ki, ABŞ Silahlı Qüvvələrinin 250 illiyi münasibətilə Vaşinqtonda keçiriləcək hərbi paradla eyni vaxta - iyunun 14-nə təsadüf edir. Həmçinin, həmin gün prezident Tramp 79 yaşını qeyd edir.
Məqsəd: küçələrdə şouya qarşı demokratiya
Bu aksiyaların koordinasiyası ilə 100-dən çox demokratik yönümlü qrup məşğuldur. Onların arasında daha öncə "Trump Resistance" hərəkatı ilə tanınan "Indivisible" təşkilatı da var. Hələ may ayında aksiyanı elan edən bu qrup Trampı ad gününü tanklarla və küçələrdə güc nümayişi ilə qeyd etmək istəyən avtoritar lider kimi təqdim edib. Təşkilatçılar bildirir ki, Trampın siyasi ritorikası və avtoritar meylləri ABŞ demokratiyasına birbaşa təhdiddir və bu səbəbdən aksiya "Kralsız gün" adı ilə keçirilir.
Vaşinqtonda yox, bütün başqa şəhərlərdə
Qəribədir ki, Vaşinqtonda - prezidentin doğum günü və hərbi paradın keçirildiyi şəhərdə heç bir rəsmi etiraz aksiyası planlaşdırılmayıb. "Indivisible" təşkilatının rəhbəri Liya Qrinberqin sözlərinə görə, bu, məqsədli strategiyadır. Məqsəd Tramp administrasiyasının paytaxtda qarşıdurma yaradaraq diqqəti yayındırmasının qarşısını almaqdır. Qeyd edək ki, Tramp daha öncə bəyan edib ki, Vaşinqtonda hər hansı etiraz sərt şəkildə yatırılacaq və "çox böyük güclə cavab veriləcək".
"Təlxəkləri qovaq": qadın hərəkatı da qoşulur
"No Kings Day" ilə paralel olaraq eyni gündə ABŞ-ın bir çox şəhərlərində "Clown Out" - "Təlxəkləri qovaq" adlı qadın yürüşləri də keçiriləcək. Bu marşlar əsasən MAGA rejiminin (Make America Great Again) cəfıngkiyini və antidemokratik ruhunu ifşa etməyə yönəlib. Aksiyanın təşkilatçıları bildirir ki, 14 iyun onlar üçün MAGA rejiminə qarşı real müqavimət göstərmək və demokratiyanı müdafiə etmək üçün bir fürsətdir. Onların mesajı aydındır: demokratiya uğrunda mübarizə hələ bitməyib - o, indi və burada davam edir.
Aksiyalar immiqrasiya böhranı fonunda keçirilir
Etiraz aksiyaları Tramp administrasiyasının sərt antimiqrant siyasəti ilə bağlı ABŞ-ın bir çox şəhərində, o cümlədən Los-Ancelesdə davam edən narazılıqlar fonunda keçirilir. Federal hökumətin miqrantlara qarşı zorakı münasibəti, xüsusilə də son günlərdəki kütləvi həbslər və deportasiya tədbirləri ictimai qəzəbi daha da artırıb.
Kaliforniya qubernatoru Trampı ittiham edib
Kaliforniya qubernatoru Qevin Nyusom televiziyada çıxışı zamanı Trampı ölkə daxilində qarşıdurmalar yaratmaqda və demokratik dəyərləri sarsıtmaqda ittiham edib. Onun sözlərinə görə, küçələrə hərbçilərin çıxarılması misilsiz addımdır və ABŞ demokratiyasının mahiyyətinə təhdiddir. Nyusom bildirib ki, Trampın iddia etdiyi kimi bu tədbirlər sadəcə təhlükəli cinayətkarlara qarşı yönəlməyib, əslində isə narazı vətəndaşların susdurulmasına xidmət edir.