ABŞ Azərbaycandakı səfirliyi məlumat yaydı - İran da daxil olmaqla...

Dünən, 09:22           
ABŞ Azərbaycandakı səfirliyi məlumat yaydı - İran da daxil olmaqla...
ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Səfirliyin saytında yer alan məlumatda deyilir ki, 9 iyun 2025-ci il şərq vaxtı ilə saat 12:01-də qüvvəyə minən ABŞ-ı xarici terrorçulardan və digər milli təhlükəsizlik və ictimai təhlükəsizliyə təhdidlərdən qorumaq üçün xarici vətəndaşların ölkəyə girişinin məhdudlaşdırılması nəzərdə tutulur. Bu haqda ABŞ Prezidentinin Bəyannaməsinə uyğun olaraq, Birləşmiş Ştatlar bəzi ölkələrin vətəndaşlarına giriş və viza verilməsini dayandırır və ya məhdudlaşdırır. "Bu Prezident Bəyannaməsinə tabe olan ərizəçilər hələ də viza ərizələri təqdim edə və planlaşdırılmış müsahibələrdə iştirak edə bilərlər, lakin onlar ABŞ-a viza verilməsi və ya qəbul üçün uyğun olmaya bilərlər. Əlavə məlumat üçün travel.state.gov saytına daxil olun", deyə məlumatda qeyd olunub.

Göründüyü kimi ABŞ Prezidentinin Bəyannaməsi xarici terrorçulara, milli təhlükəsizliyə və ictimai təhlükəsizliyə risk yaradan şəxslərə qarşı qabaqlayıcı tədbirlər nəzərdə tutur. Bu çərçivədə müəyyən ölkələrin vətəndaşlarının ABŞ-a girişinə və viza əldə etməsinə məhdudiyyətlər və ya tam qadağalar tətbiq olunur.

Bundan öncə yayılan siyahıda 19 ölkə vətəndaşlarının ABŞ-a səyahətlərinin məhdudlaşdırıldığı və ya tam dayandırıldığı açıqlanmışdı. Siyahıda İran, Əfqanıstan, Myanmar, Çad, Kongo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, Liviya, Somali, Sudan, Yəmən, Burundi, Kuba, Laos, Sierra Leone, Togo, Türkmənistan və Venesuelanın adları yer alıb.
Azərbaycan adı siyahıda olmasa da, 2 həftəyə yaxındır ki, ABŞ-a getmək üçün viza almağa çalışan vətəndaşlar müəyyən problemlərlə üzləşiblər.

9 iyun 2025-ci il tarixindən etibarən əlavə qadağalar tətbiqi Azərbaycan vətəndaşlarına birbaşa aid deyil.

Bir neçə gün öncə Musavat.com-a müraciət edən bir qrup Azərbaycan vətəndaşı, əsasən bu il ABŞ universitetlərinə qəbul olunan Azərbaycanlı abituriyentlərin valideyinləri övladlarının viza ala bilmədiklərini açıqlamışdılar.
Həmin yazıdan sitat:

"Valideynlərin sözlərinə görə, övladları illərlə Amerikada təhsil almaq üçün hazırlaşıb, bütün sənədlərini tamamlayıblar, lakin indi ABŞ-ın Bakıdakı Konsulluğu F1 Akademik Tələbə Vizası üçün müraciətlərin qəbulundan imtina edir.

Valideynlər yaranmış vəziyyəti ABŞ prezidenti Donald Tramp administrasiyasının əcnəbilərlə bağlı qəbul etdiyi sərt qərarlarla əlaqələndirirlər. Onlar hesab edirlər ki, bu məhdudiyyətlərin təsiri artıq Azərbaycan vətəndaşlarına da çatıb. Musavat.com-un əldə etdiyi məlumata görə, ABŞ-ın Bakıdakı Konsulluq Şöbəsi Azərbaycan vətəndaşları üçün istənilən növ viza verilməsini, həm turist, həm işgüzar, həm də tələbə vizaları üzrə sənəd qəbulunu artıq 2 həftədir ki, dayandırıb. Vətəndaşlar onlayn sistem üzərindən viza müraciəti üçün görüş vaxtı ala bilmirlər".

ABŞ-ın Azərbaycandakı səfirliyi Bakıdakı Konsulluğunun fəaliyyəti ilə bağlı açıqlama vermiş, bildirilmişdi ki, konsulluq şöbəsi tam fəaliyyət göstərir və viza müraciətçiləri ərizələrini təqdim etməyə davam edə bilərlər.

Sitat:

“Əvvəldən təyin olunmuş heç bir görüş ləğv edilməyib. Görüş vaxtı hələ təyin olunmayan tələbələrə tövsiyə edirik ki, əlavə boş vaxtlar üçün görüş planlaşdırma sistemini izləməyə davam etsinlər. Viza görüşlərinin planlaşdırılması prosesi və viza məlumat xidmətlərindəki son dəyişikliklər də daxil olmaqla, ən son yeniliklərlə tanış olmaq üçün zəhmət olmasa bu sayta daxil olun:

: Announcements | Official U.S. Department of State Visa Appointment Service | Azerbaijan | English”.

Valideynlər səfirliyin bu açıqlamasından sonra da

ABŞ-ın Bakıdakı Konsulluğu F1 Akademik Tələbə Vizası üçün müraciətlərinin qəbul olunmadığını açıqlayıblar.
Bildiriblər ki, ABŞ konsulluğunun Aramex kuryer şirkəti ilə də əlaqələri dayandırılıb. Bu kuryer şirkəti əvvəllər ABŞ vizası olmuş, ABŞ vizası almaq istəyən şəxslərin sənədlərini götürüb konsulluq şöbəsinə çatdırırdı. 2 həftədən artıqdır ki, Aramex şirkəti ABŞ-a viza üçün müraciətlərin qəbulunu dayandırıb.

Belə aydın olur ki, Aramex ABŞ səfirliyi ilə bağlı göndərişlərin qəbulunu sənəd, viza materialları və s. məhdudiyyətlər səbəbilə dayandırıb.

Ümumilikdə isə Aramex Bakı və Azərbaycan daxilində göndərişləri davam etdirir. Aramexin fəaliyyəti yalnız konsulluq yönümlü işlər üçün müvəqqəti dayanıb. Digər çatdırılma xidmətləri isə işləyir.

Hazırda Aramex–səfirlik əməkdaşlığının davam edəcəyi məlum deyil.

Bu isə ABŞ-a getmək üçün viza almaq istəyən Azərbaycan vətəndaşlarının bu istəyə çatmasına mane olur. ABŞ Prezidentinin Bəyannaməsi xarici terrorçulara, milli təhlükəsizliyə və ictimai təhlükəsizliyə risk yaradan ölkələrin vətəndaşlarına şamil olunsa da, faktiki olaraq digər ölkələrin vətəndaşlarına da təsirsiz ötüşməyib. Bundan öncə yayılan siyahıda Azərbaycan xüsusi qeyd olunmayıb. Lakin Azərbaycan vətəndaşlarının ABŞ-a səfəri çətinləşib. Viza almaq üçün müraciətləri ABŞ səfirliyinin konsulluq şöbəsinə Aramex kuryer şirkəti üzərindən faktiki olaraq çatdırmaq mümkün olmur.

Musavat.com













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.