Akif Çovdarovun həbsindən bir gün öncəki əməliyyatı: Rusiyalı iş adamından 150 min manat…

3-11-2016, 11:25           
Akif Çovdarovun həbsindən bir gün öncəki əməliyyatı: Rusiyalı iş adamından 150 min manat…
2015-ci il oktyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyində (MTN) başlanan proses bir çox yüksək çinli MTN-çilərin həbsi və qurumun ləğvi ilə sonuclandı. Hazırda Sabunçu Rayon Məhkəməsində Hərbi Məhkəmənin cinayət kollegiyası ləğv olunmuş MTN-in idarə rəisi Akif Çovdarov və onun 4 işçisinin işi üzrə araşdırmalar aparır.
Redaksiyamıza A.Çovdarovun cinayət dosyesində yer alan epizodlardan daha biri haqda məlumat daxil olub. Cinayət dosyesindən belə aydın olur ki, Azərbaycan əsilli Rusiya vətəndaşı Aydın Paşa oğlu Musayev Akif Çovdarovun dəstəsinin diqqət mərkəzinə Hüseyn Nəbi oğlu Əliyevin Eldar Mahmudovun adına yazdığı məktubdan sonra düşüb. Həmin məktubda H.Əliyev qeyd edib ki, 1994-cü ildən 2009-cu ilə qədər Sankt-Peterburqda meyvə-tərəvəz alveri ilə məşğul olub. Onun firması ilə Aydın Musayevin rəhbərlik etdiyi “Akhmed Fruit Co” arasında münaqişə yaranıb. H.Əliyev məktubunda Eldar Mahmudovun diqqətinə çatdırıb ki, bundan sonra Aydın Musayev və onun reket dəstəsi ona təzyiq edib.
Buna görə də Sankt-Peterburqdakı biznesi başlı-başına buraxaraq Azərbaycana qayıtmaq məcburiyyətində qalıb. Rusiya hüquq-mühafizə orqanlarına şikayətlər edib, A.Musayevin adamlarından 4-ü reketliyə görə həbs olunub, 2 nəfər də axtarışa verilib. Amma A.Musayev cəzadan kənarda qalıb. H.Əliyev 2015-ci ilin sentyabrında nazirə yazdığı şikayətə hər hansı bir cavab almayıb. O bilməyib ki, məktubundan A.Musayevə qarşı pul qoparmaq vasitəsi kimi istifadə olunub, faktiki, cinayət törədilib.
Belə ki, Eldar Mahmudovun adına yazılan həmin məktub MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi Akif Çovdarovun stolunun üstünə gedib çıxıb. A.Çovdarov məktubu əlaltısı olan idarə rəisi, hazırda onunla müttəhimlər kürsüsünü bölüşən Akif Əliyevə ötürüb və araşdırılmasını tapşırıb. Az sonra A.Əliyev onun yanına qayıdıb və şikayətdə adı keçən şəxsin – Aydın Musayevin Sankt-Peterburq şəhərindəki ən böyük meyvə-tərəvəz bazarına nəzarət etdiyini bildirib. Və plan qurulub.
Akif Çovdarov və dəstəsi iş adamının ara-sıra Azərbaycana gəlib-getdiyini bildiklərindən onun növbəti dəfə ölkəyə gələcəyini gözləyiblər. Bundan xəbərsiz olan A.Musayev MTN-dəki məlum əməliyyatdan 13 gün əvvəl, 2015-ci il oktyabrın 4-də Bakıya gəlib. Hava limanında onun sənədlərini alan sərhədçilər azca gözləməsini tapşırıblar. Anlaşılmazlıq yarandığını düşünən A.Musayev sonradan bilib ki, Bakıya bilet almaqla tələyə düşüb. Təxminən yarım saat sonra əraziyə bir neçə şəxs gəlib və özlərini MTN əməkdaşları kimi təqdim ediblər. A.Musayev nə baş verdiyini bir də MTN-də, Akif Əliyevin kabinetində qarşısına üzərində 500 min manat sözləri yazılmış kağız parçası qoyulanda anlayıb.
Yarım milyon manatının olmadığını deyən iş adamını 3 gün heç bir sənəd-sübutsuz orada saxlayıblar. Ona deyiblər ki, bu pulu idarə rəisi tələb edir. Verməsə, MTN-də qalacaq, üstəlik, oğlu Ruslanı da tutub gətirəcəklər. Nəhayət, A.Musayevdən 150 min manat alıb buraxıblar. Onu azad edəndən sonra daha 150 min manat verməyə məcbur ediblər. Sonuncu məbləği Akif Çovdarovun dəstəsi iş adamından ifşa edilməzdən 1 gün əvvəl qoparıb. MTN-də məlum əməliyyat keçirilməsi haqda Rusiyada bilgi alan iş adamı Akif Çovdarova zəng edib və pulunu geri tələb edib. A.Çovdarov pulun 50 min manatını geri qaytarıb, yerdə qalanını da verəcəyini vəd edib.
A.Musayev hazırda Akif Çovdarov və dəstəsinin işi üzrə zərərçəkənlərdən biridir. MTN-də üzləşdiyi soyğunçuluqdan sonra onun meyvə-tərəvəz alveri edən “Akhmed Fruit Co” şirkəti müflis olmaq həddinə gəlib. Halbuki 15 ildən çoxdur fəaliyyət göstərən “Akhmed Fruit Co” şirkəti bu soyğunçuluğa qədər Azərbaycandan, Avropa ölkələrindən, Cənubi Amerikadan və Afrikadan Rusiya bazarlarına meyvə-tərəvəz idxalı ilə məşğul olub.
Qeyd edək ki, A.Çovdarov barəsində tərtib olunan 490 səhifədən ibarət ittiham aktı üzrə 27 epizodda günahlandırılır. Onunla bərabər vaxtilə əlinin altında işləmiş idarə rəisləri – Aydın Musayevə qarşı cinayətdə adı keçən Akif Əliyev və Səlim Məmmədov, Orxan Osmanov da məhkəmə qarşısına çıxarılıblar.
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin üzərinə həbs qoyulub.
Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilirlər.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.