Çovdarovun əlində gizli çəkilən intim videolar olub - “Elit” hoteldə əməliyyatın təfərrüatı
4-11-2016, 09:28
MTN generalı pul ələ keçirmək üçün keçirilən əməliyyatda xüsusi təyinatlılardan istifadə edib
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Nəzarət Baş İdarəsinin həbsdə olan sabiq rəisi Akif Çovdarovun cinayət işi üzrə yeni detallar üzə çıxmaqdadır. A.Çovdarovun cinayət dosyesindən daha bir epizod haqda məlumatları apa.az yayıb.
Sayt yazır ki, istintaqla müəyyən edilib ki, A.Çovdarov cinayət işi üzrə təqsirləndirilən şəxslərdən Səlim Məmmədovla birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Neman Kərimovun külli miqdarda pul vəsaitini ələ keçirmək üçün onu və yaxın qohumu Elvin Mövsümovu azadlıqdan məhrum edib. N.Kərimov və E.Mövsümov Binəqədi rayonunda yerləşən “Elit” hotelində olduqları vaxt dəstə üzvü Səlim Məmmədov xüsusi təyinatlılardan istifadə etməklə odlu silahla oraya basqın edərək adları çəkilən şəxsləri zorla MTN-ə gətirib.
A. Çovdarov onları 10 saat ərzində xidməti otaqlarda saxlamaqla qanunsuz azadlıqdan məhrum edib. O, N. Kərimovun yaxın münasibətdə olduğu Sevinc Rüstəmovadan aldığı 20 min manatı qaytarmamasını bəhanə edərək, sidik nümunələri götürərək guya narkotik vasitələrin istifadəçiləri olduqlarını iddia edərək barəsində cinayət işi başlanılacağı, həbs ediləcəyi, rüsvayedici məlumatların yayılacağı ilə hədələyib.
A. Çovdarov onlardan 80 min manat məbləğində pul tələb edib. Həmin gün tutulanların yaxınları həmin məbləği veriblər. A. Çovdarov həmin pulun 20 min manatını Sevinc Rüstəmovaya borcunun ödənişi kimi verib. Qalan 60 min manatını isə mənimsəyiblər.
Yada salaq ki, bir müddət əvvəl “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Eldar Mahmudovun əlində 2800 seks videosunun olduğunu açıqlamışdı.
Sabiq təhlükəsizlik zabiti İlham İsmayıl moderator.az-a deyib ki, A.Çovdarovun bu kimi əməliyyatlarda qadınlardan istifadə etməsinin dövlətin təhlükəsizliyinə zərrə qədər aidiyyəti olmayıb: “Əgər ”istifadə olunan qadınlar" həqiqətən istintaqa cəlb olunursa, deməli, onlar bildiyimiz klassik məxfi əməkdaşlar deyil. Onlar Çovdarovun şəxsi məqsədləri, özəl həyatı üçün istifadə etdikləri, şantaj alətləridir, bəlkə də qurbanlarıdır. Qadınlar xüsusi xidmət orqanlarında tarixən olub, var və olacaq. Qadınları xarici kəşfiyyata əməliyyat işçisi və ya agent kimi cəlb etmək çətin və yorucu proses olsa da, nəticələri çox vaxt uğurlu olub. Lazım olan informasiyanı qadından yaxşı kim ala bilər ki? Müasir dünyamızda ABŞ, İsrail xüsusi xidmət orqanları məxfi əməkdaş kimi qadınlardan geniş istifadə edirlər. Böyük Britaniyanın kəşfiyyat orqanı Mİ-6-da, əks kəşfiyyatı təşkil edən Mİ 5-də kadr əməkdaşların 40 faizi qadınlardır. Bu geniş mövzudur, sadəcə, həyatdan götürülmüş , bizlərə tanış olan iki filmdən epizodu xatırlayaq. “Uzaq sahillərdə” filmində Anjelika alman zabitindən filmin başlama saatını məhz qadın cazibədarlığını istifadə etməklə öyrənir. “Baharın on yeddi anı”ndakı Ket xaricdə təhlükəli şəraitdə radist kimi fəaliyyət göstərir. Çovdarovun nə kəşfiyyata, nə əks-kəşfiyyata heç bir aidiyyəti yoxdur ki, hələ bir dövlət təhlükəsizliyini təmin etmək üçün yeri gələndə qadınlardan da istifadə etsin. O, yuxarıda qeyd etdiyim kimi, şəxsi məqsədləri, özəl intim həyatı və şantaj aləti kimi onlardan istifadə edə bilər".