”Üst qonşumuz ”ölülərdir”’ VİDEO

5-11-2016, 09:41           

Şəhərin mərkəzində, Nərimanov rayonunda yerin üstü ilə əlaqəsi kəsilən 36 ailə var. Onlar binanın 4 metr yarım dərinliyində məskunlaşıblar. Evlərin çoxu işıq üzü görmür. Sakinlər hər gün pəncərəsiz evdə günə başlayırlar.

“Bu gestaponun podvalında zülm çəkirik. Heç türməni belə yerə salmırlar. Yenə onlara arada hava verirlər. O başda oturanlarımız var ey itlərinə elə bir “budka” tikirlər ki, döşəməli, tavanlı, pəncərəli, üstü dəmirli…Bizi bu başda oturanlar it qədər də saymırlar. Gəlsinlər, itlərinin də yerinə baxsınlar, bizim də. Gör hansımız yaxşı yaşayırıq?! 36 ailəni bu podvalda çürüdürlər”- sakin Pənah Rüstəmov danışır.

Onun səsinə səs verən xanımı Rayisə Rüstəmova deyir ki, “Nəvəm deyir, ay nənə, görəsən bizim bir pəncərəmiz olacaq ki, oradan çölə baxaq. Bunu Allah götürmür”.


Zahidə xanım ikinci uşağına hamilədir. Kartondan olan evində pəncərə yoxdur deyə qapının üstündən boşluq qoyub ki, evə hava gəlsin. Bir balaca otaq həm mətbəx, həm hamam, həm də yataq yeridir.

“Uşaqdı, oynamağa yeri yox, hava lazımdır, o da yox. Elə birtəhər yaşayırıq. Haradansa ev almağa imkan da yox, cavan ailəyik”.

Sakinlər deyir ki, rütubət, havasızlıq, siçovullar onlar üçün xəstəlik mənbəyidir. Güzəranlarından bezəndə də çıxıb yolu bağlamağa cəhd ediblər, amma icazə verilməyib. Üz tutduqları hökumət orqanları da onları ümidsiz qoyub. “Allahın bir dənə pəncərəsi yoxdur ki, otağa işıq düşsün, ya hava gəlsin. Uşaq soruşur ki, görəsən ay ana, hava açılıb, ya açılmayıb? Görən bizim də nə vaxtsa pəncərəmiz olacaq? Biz də nə vaxtsa, çölə baxa biləcəyik? Uşaqlar səhərəcən boğulur, yata bilmir. Gecə yarısı məcbur olub sərinkeşi taxıram ki, uşaq dözə bilmir”- iki uşaqlı ana Kəmalə Əbdürrəhmanova deyir.

20 ildən çoxdur zirzəmidə yaşayan məcburi köçkün Pənah Rüstəmov isə ölülərdən də aşağıda yaşadıqlarını deyir. “Dörd metr yarım aşağıda yaşayırıq. Amma türmədə olanları yenə yuxarıda saxlayıb, hava verirlər. Bizim havamız yox, uşaqların hamısı xəstə. Ölüləri metr yarımda basdırırlar ki, bir az hava alsın. Amma “diri ölünü” 4 metr yarımlıqda basdırıblar, heç dalınca da gələn yoxdur”.

Arif Heydərov 31 ünvanında yaşayan məcburi köçkünlərin köçürülməsi ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Məskunlaşma şöbəsindən bildirdilər ki, onlar ilkin olaraq köçürüləcəklər. Amma şöbə əməkdaşı bunun nə vaxt baş verəcəyini deməyib.

Amma 20 ildən çoxdur zirzəmidə yaşayan sakinlər gün üzünə çıxacaqlarına inanmırlar. “Qonşularla bir-birimizə zarafat edəndə deyirəm ki, binada olanlardan soruşanda ki, üst qonşun kimdir, deyir filankəs. Bizə də deyəndə deyirik, bizdə ölülərdir. 4 metr yarım yerin dərinliyindəyik. Ölünün də qəbrin 1 metr dərinlikdə qazırlar. Amma biz onlardan da dərində yaşayırıq. Demək, biz o dünyanı bu dünyada yaşayırıq. Ölülərdən də dərindəyik”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.