Azərbaycana qarşı ikili plan – “Zəngəzurda müharibə” və “Zəngilandan hücum”…

Bu gün, 15:36           
 Azərbaycana qarşı ikili plan – “Zəngəzurda müharibə” və “Zəngilandan hücum”…
İranın Ermənistandakı səfiri Mehdi Sobhani guya İsrail dronlarının Azərbaycan ərazisindən (əsasən Zəngilanın adı çəkilir) hücum həyata keçirməsi ilə bağlı əsassız və təxribat xarakterli iddialar səsləndirib. Bunun fonunda İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu bildirib ki, Azərbaycanın öz ərazisindən İrana qarşı istifadəyə heç vaxt icazə verməyəcəyinə dair Tehranda əminlik var.

İki səfirin ziddiyyətli açıqlaması nədən xəbər verir?

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Cənubi Qafqazda geosiyasi proseslərin yeni mərhələyə qədəm qoyduğu bir dövrdə İranın Ermənistandakı səfirinin növbəti provokativ, anti-Azərbaycan çıxışları açıq siyasi təxribat xarakteri daşıyır:

“Azərbaycanın guya “regionda sərhəd dəyişikliyinə çalışması”, Ermənistanın “ərazi bütövlüyünə dəstək” və Zəngəzur dəhlizinə qarşı bütün mümkün vasitələrdən istifadə cəhdlərini ifadə edən bu ritorika İran diplomatiyasının İrəvanda apardığı xəttin əsas konturlarını formalaşdırır. Paralel olaraq, İranın Azərbaycanda akkreditə olunmuş səfirinin daha yumşaq və “dostluq” elementlərini özündə ehtiva edən tonda çıxış etməsi bu ikili siyasətin təsadüfi olmadığını açıq şəkildə sübut edir.

Bu, İranın ikili yanaşmasının aydın təzahürüdür. Bir üzü Azərbaycana “dost” görünməyə, digəri isə Ermənistana siyasi dəstək verməyə hesablanıb. İlk növbədə onu qeyd etmək lazımdır ki, İran Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini, Zəngəzur dəhlizinin açılmasını və Azərbaycan-Türkiyə tərəfdaşlığının güclənməsini öz sərhədlərinə yaxın geosiyasi balansın dəyişməsi kimi qiymətləndirir”.

Aytən Qurbanova

Politoloq qeyd edib ki, Ermənistan bu proseslər çərçivəsində İran üçün nə ideoloji dost, nə də önəmli qonşu dövlətdir:

“O, İran üçün Azərbaycana qarşı balans vasitəsi kimi dəyərləndirilən strateji alətdir. Bunu Ermənistan ərazisində fəallaşan İran kapitalı, diplomatik manevrlər və hərbi-texniki təmaslar da açıq şəkildə göstərir.

Azərbaycan isə hər zaman olduğu kimi bu ritorikaya qarşı təmkinli, lakin prinsipial mövqe nümayiş etdirir. Bizim diplomatiyamız emosiyadan uzaq, beynəlxalq hüquqa və milli maraqlar üzərində qurulan xəttə əsaslanır. Azərbaycanın suverenliyi və regional təşəbbüsləri heç bir dövlətin razılığına bağlı deyil və bu məsələ ümumiyyətlə müzakirə mövzusu ola bilməz. Hər kəsin qəbul etməli olduğu bir məqam var ki, o da Azərbaycanın artıq bölgənin passiv oyunçusu olmamasıdır. Biz proseslərin içindəyik, hətta bəzən proseslərin özüyük. İranın bəzi dairələri bunu hələ də qəbul edə bilmirlər. Lakin bölgənin yeni geosiyasi reallığı artıq formalaşıb və onu dəyişməyə kiminsə gücü, cəsarəti çatmaz. Nəticə etibarilə, əgər İran həqiqətən regional sülhə töhfə vermək istəyirsə, bu, yalnız ikili oyunlara son qoyaraq, səmimi və şəffaf siyasətin həyata keçirilməsi vasitəsilə mümkün ola bilər. Əks halda, qapalı qapılar arxasında bir ritorika, digər platformalarda başqa ritorika nümayiş etdirmək nə qarşılıqlı etimada, nə də uzunmüddətli əməkdaşlığa zəmin yara bilər”.

A.Qurbanova vurğulayıb ki, Azərbaycan hər zaman dostluğu və təmkinli mövqeyi yüksək qiymətləndirib:

“Amma təbii ki, dövlətimizin və xalqımızın maraqları hər şeydən üstündür. Həmçinin onu da unutmamaq lazımdır ki, mövcud reallıqlar kontekstində dövlətlərin siyasəti ritorikaya deyil, əməllərə əsaslanır. Ona görə də İranın Ermənistan üzərindən yürütdüyü regional siyasət əməldə nə qədər “balanslı” olsa da, regionun təhlükəsizliyi üçün bir o qədər narahatlıq yaradır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.