“Kupça”sız Azərbaycan – əmlakın var, amma sənin deyil paradoksu!
Bu gün, 16:25

Azərbaycan vətəndaşlarının illərdir üzləşdiyi əsas sosial-iqtisadi paradokslardan biri “kupça”sız evlər problemidir. Hazırda ölkədə yarım milyon Azərbaycan vətəndaşı evinə, torpağına “kupça” alacağı günü gözləyir. Bu absurd vəziyyət hələ də milyonlarla insanın hüquqi sabitliyini sual altına qoyur.
Prezident İlham Əliyev “kupça” problemini dəfələrlə gündəmə gətirib. O, 2019-cu ilin dekabrında çıxışında açıq şəkildə demişdi:
““Kupça”sız evlərə görə insanlar əziyyət çəkirlər. Biz bu məsələnin həllində çox çevik olmalıyıq... Hər bir vətəndaşın əmlakı rəsmiləşdirilməlidir!”
Bu çıxışdan az sonra, 2020-ci il martın 4-də Prezident “Daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi və sürətləndirilməsi haqqında” fərman imzaladı. Fərmana əsasən, qeyri-rəsmi tikililərin və torpaq sahələrinin sənədləşməsi üçün yeni mexanizmlər tətbiq edilməli idi. Amma...
Bu gün, 2025-ci ilin iyuluna kimi həmin fərmanın icrasına dair real nəticələr hələ də cəmiyyətə hiss etdirilmir. Hələ də milyonlarla insan evində yaşayır, amma çıxarışı, yəni “kupça”sı yoxdur.
Rəsmi hesablamalara görə, hazırda ölkədə 1.2 milyondan çox yaşayış və qeyri-yaşayış sahəsi “kupça”sızdır. Bu, daşınmaz əmlakların 30 faizindən çoxudur.
Əmlak vergisi “kupça”ya əsasən hesablandığı üçün bu o deməkdir ki, dövlət hər il 100 milyonlarla manat vergi gəlirindən məhrum olur.
Azərbaycan Dövlət İqtisad Universitetinin ekspertlərinin hesablamasına görə, əgər bütün daşınmaz əmlak “kupça”lanarsa, dövlət illik minimum 250 milyon manat əlavə gəlir əldə edə bilər. Bu, təxminən 5 rayonda infrastruktur layihələrini maliyyələşdirmək üçün kifayət edər.
“Kupça” problemi təkcə sənəd deyil, həm də hüquq və təhlükəsizlik məsələsidir. “Kupça”sız ev hüquqsuz və zəmanətsiz evdir. Heç bir bank “kupça”sız evə kredit vermir. Heç bir məhkəmə “kupça”sız evə hüquqi toxunulmazlıq tanımır. Və heç bir sığorta şirkəti belə evləri etibarlı sayıb sığortalamır. Hələ bu azmış kimi, yerli icra hakimiyyətlərinin, bələdiyyələrin və tikinti mafiyasının maraqları üst-üstə düşəndə “kupça”sız evin sökülməsi an məsələsi olur.
Əmlak Məsələləri Dövlət Xidmətinin əsas funksiyası daşınmaz əmlakın qeydiyyatı, “kupça”ların verilməsi, torpaq islahatları və əmlak idarəçiliyidir. İllərdir “elektron xidmət”, “sadələşdirilmiş prosedur” adı altında yüzlərlə kampaniya keçirilsə də, milyonlarla vətəndaşın “kupça” problemi həllini tapmayıb.
Əmlak Məsələləri Dövlət Xidməti 2020-ci ildən İqtisadiyyat Nazirliyinin tabeliyindədir. Xidmət İqtisadiyyat Nazirliyinin tabeliyinə veriləndən sonra gözləntilər vardı ki, ortaya sistemli yanaşma qoyulacaq. Çox təəssüf ki, hələ də bu gözləntilər doğrulmayıb.
“Kupça” məsələsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən də keçir. Bu dövlət orqanı tikinti sənədlərinin və planlarının təsdiqi məsələlərinə cavabdehdir. Yeni tikililərin çoxunun “kupça”sız qalmasında bu qurumun “bürokratiyası” və qeyri-şəffaf mexanizmləri də müstəsna rol oynayır.
Əhalinin çoxu torpaq alqı-satqısını bələdiyyə aktı ilə həyata keçirir. Amma bu sənəd yalnız bələdiyyə səviyyəsində keçərlidir. Dövlət qeydiyyatı olmadığı üçün “kupça” verilmir.
Bəzi hallarda bələdiyyə torpağı adlandırılan sahələr 10-15 il öncə özbaşına satılıb, bu gün bu ərazilərin sənədləşdirilməsi də bu səbəblə aparılmır.
“Kupça” məsələsi təkcə bir sənədin yoxluğu deyil. Bu, vətəndaşın dövlətə inamının yoxluğu, hüquqlarının pozulması və iqtisadi ədalətsizliyin göstəricisidir. Prezidentin sərəncamları nəhayət ki, tətbiq olunmalı, xalqın “kupça” haqqı gerçəkləşməlidir.
Əgər dövlət orqanları bir evin hüquqi statusunu 20 ilə həll edə bilmirsə, hansı inkişafdan danışmaq olar? Əmlak varsa, əmlaka dair sənədi də dövlət vətəndaşa təqdim etməlidir. Vətəndaş varsa, hüququ da tanınmalıdır.
Musavat.com