ABŞ vizası üçün böyük məbləğdə depozit tələb olunacaq
Bu gün, 15:14

ABŞ turist və biznes vizası almaq istəyən şəxslərdən viza müddətinin bitməsindən əvvəl ölkəni tərk etmələrinə zəmanət məqsədilə 15 min dollara qədər depozit tələb edəcək. Bu barədə avqustun 4-də ABŞ Dövlət Departamenti məlumat yayıb.
Viza alan şəxslərdən 5 min dollardan 15 min dollara qədər depozit tələb olunacaq. Bu məbləğ onlar ABŞ-ni tərk edəcəyi halda geri qaytarılacaq. Depozitin məbləğini ABŞ konsulluqlarının əməkdaşları müəyyən edəcək. Orta hesabla bu məbləğ 10 min dollar olacağı gözlənilir. Bu qayda ABŞ-də qalma müddətini mütəmadi və kütləvi şəkildə pozan ölkələrin vətəndaşlarına, sənədlərin verilməsi zamanı yoxlama prosedurlarının yetərsiz sayıldığı ölkələrə, həmçinin "xarici siyasət mülahizələrinə əsaslanaraq" şamil olunacaq. Dövlət Departamentinin rəsmi məlumatında bu ölkələrin siyahısı göstərilməsə də, yeni tələblərin, əsasən, Afrika ölkələrinə təsir edəcəyi gözlənilir. Media bildirir ki, bu siyahıya Çad, Eritreya, Haiti, Myanma, Yəmən, Cibuti, Burundi və Toqo daxil ola bilər.
Bu qərar Tramp administrasiyasının ABŞ-yə qeyri-qanuni miqrasiyaya qarşı mübarizə səylərinin bir hissəsi kimi qiymətləndirilir. İyunda prezident Tramp milli təhlükəsizlik amillərini əsas gətirərək 19 ölkənin vətəndaşlarının ABŞ-yə girişinə qismən və ya tam qadağa qoyan sərəncam imzalayıb. Daxili Təhlükəsizlik Nazirliyinin hesablamalarına görə, 2023-cü ildə 500 minə yaxın xarici ziyarətçi vizalarının müddəti bitdikdən sonra ölkəni tərk etməyərək ABŞ-də qalıb.
Yeni qayda avqustun 20-dən qüvvəyə minəcək.