Əhali susuzluqdan qırılır, Mikayılovun adamı 38 minlik kolyedə...
Bu gün, 15:12

Alber Kamyunun “Taun vaxtı qonaqlıq” romanı var: şəhərdə kütləvi şəkildə taun xəstəliyinə yoluxan əhali ölümlə çarpışır, bəziləri isə şənliklərdən, ziyafətlərdən geri qalmır. Ona görə də roman “Taun vaxtı qonaqlıq” adlanır. Əslində, yazıçı öləcəyini bilən şəhər əhalisinin nikbinliyini, həyatsevərliyini ortaya qoyub.
Bu əsərin mövzusunu Bakı şəhərinə də transformasiya etmək olar. Paytaxt əhalisi bir aydan çoxdur ki, susuz qalıb, amma bu təsərrüfata cavabdeh olanlar öz təm-təraqlı tədbirlərindən geri qalmırlar. Eynilə “Taun vaxtı qonaqlıq” kimidir.
Misal üçün Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günü İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İnsan resursları və kargüzarlıq şöbəsinin müdiri Zemfira Hüseynbəylini qeyd etmək olar.
Anxeber.az bildirir ki, Zemfira Hüseynbəyli bayram tədbirinə bahalı qızıl kolye ilə gəlib. Briliant daş-qaşlarla bəzədilmiş qızıl kolyenin qiymətinin 38 000 manat olduğu iddia edilir. Şöbə müdirinin belə bahalı kolye taxması tədbir iştirakçılarının diqqətindən yayınmayıb.
Amma şəhərdə əhali susuzluqdan qırılır. Peşə bayramını qeyd edənlər, 38 minlik zinət əşyası taxanları isə bu qətiyyən maraqlandırmır. Çünki “keçi can hayında, qəssab piy axtarır” bu məmurlar nəzərdə tutularaq zərb-məsələ çevrilmiş sözdür.
Onların bağ evlərində, malikanələrində su təminatı fasiləsizdir və bu problemin nə olduğunu heç təsəvvür etmirlər. Axı toxun acdan nə xəbəri?! Əksinə, onların nəinki içməli su, gündəlik tələbat üçün olan su təchizatında problem yoxdur, bağlarındakı hovuzlar belə dopdoludur ki, yayın bu istisində girib sərinlənə bilsinlər. Sizcə, şəhərdə əhalinin susuz qalması belə lüks həyatı olanların vecinədirmi?
Artıq bir aydan çoxdur ki, su problem olaraq qalır. Şəhərin əskər ərazilərində ya saatlarla verilmir, ya da gün ərzində 1-2 saat su gəlir ki, sakinlər vannaları, qabları doldursunlar, rezerv götürsünlər. Bu dərəcədə biabırçılığın hökm sürdüyü, Dövlət Su Ehtiyatları Agentliyinin isə absurd izahlar verdiyi bir zamanda qurumda vəzifə tutan Zemfira Hüseynbəyli 38 minlik kolyesi ilə peşə bayramına görə təşkil olunmuş məclisə gəlir.
Bu da sözsüz ki, “balıq başdan iylənər” misalını yada salır. Əgər agentliyin rəhbəri Zaur Mikayılov əhalini saymış olsaydı, bu müddət ərzində bircə dəfə mətbuat konfransı, yaxud brifinq keçirib Bakıda su probleminə aydınlıq gətirsəydi, onda Zemfira xanımın 38 minlik boyunbağısı ilə ziyafətə gəlməsini hardasa başa düşmək olardı. Ancaq Zaur Mikayılov özünü adi bir su təsərrüfatına cavabdeh məmur deyil, hansısa xüsusi xidmət orqanının önəmli fiquru kimi aparır, yəni özünü hesabat vermək məcburiyyətində hiss etmir.
Ona görə də İnsan resursları və kargüzarlıq şöbəsinin müdirinin addımı da gərək təəccüb doğurmasın. Əksinə, əl-əli yuyar məsəlidir. Yeri gəlmişkən, o, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən əvvəl Mədəniyyət Nazirliyinin dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib. 2021-ci ildə bu vəzifədən çıxarılıb. 2022-ci ildən isə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində şöbə müdiri vəzifəsində çalışmağa başlayıb.

İddia olunur ki, Zemfira Hüseynbəyli bu vəzifəyə Dövlət Su Ehtiyatları Agentliyinin aparat rəhbəri Fuad Quliyevin dəstəyi ilə təyin edilib. Fuad Quliyev sözügedən Agentliyin rəhbəri Zaur Mikayılovun qudasıdır. İddialara görə, Zemfira Hüseynbəyli Fuad Quliyevin himayəsi nəticəsində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində güclü fiqura çevrilib və bu səbəbdəndir ki, məmur olmasına baxmayaraq hər kəsin qarşısında bahalı kolye ilə görünməkdən çəkinmir.
Əvəzində isə hələ də şəhər susuzdur və bu faciəvi vəziyyət 40 dərəcədən yuxarı isti hava şəraitində davam edir.
Hər gün hava məlumatında rəsmi olaraq açıqlanır ki, Bakıda 40 dərəcə isti var. Ancaq bunun daha çox olduğunu hiss edə bilirik. Bununla belə paytaxtın Yeni Günəşli, Bakıxanov, Qaraçuxur, Abşeron rayonuna aid yaşayış massivlərində, həmçinin Hövsan, Ramana və bir çox ərazilərdə ya su gəlmir, ya da gün ərzində 1-2 saatlıq bərpa edilir. Qurum isə belə “əsas” gətirir ki, təzyiq aşağıdır, hava şəraitinə görə tələbat artıb. Bu da gülüncdür.
Əvvəla, dövlət agentliyi yay rejiminə hazır olmalıdır. Bunun üçün gücləndirilmiş iş rejiminə keçməli, su ehtiyatları ilə bağlı öncədən tədbir görməlidir. İkincisi, bu il Bakıya və rayonlara xeyli yağış yağıb, yəni anbarlar su ilə tam doludur. O baxımdan, tələbatın artmasına baxmayaraq normal su təminatı olmalıdır.
Üstəlik, bu niyə Qorxmaz Hüseynovun dövründə baş vermirdi? Axı həmişə yay isti keçir və suya da tələbat artır. O zaman “Azərsu” niyə əhalini susuz qoymurdu? Deməli, idarəçilikdə yarıtmazlıq, bərbadlıq və korrupsiya elementlərinə dair şübhələr var. Ən əsası isə əhalini bu banal izahlar maraqlandırmır. Xalq pul verir, ödəniş edir və su tələb edir. Qurumun borcudur ki, vətəndaşları su ilə təmin etsin. Axı dünyanın hansı dövrüdür?
Azər Talıbov
Anxeber.az