Bəstəkarlar İttifaqı Arif Məlikova CAVAB VERDİ

12-01-2017, 17:17           
Bəstəkarlar İttifaqı Arif Məlikova CAVAB VERDİ
Xalq artisti, bəstəkar Arif Məlikov APA-ya müsahibəsində Azərbaycan Bəstəkarlar İttifaqının ünvanına xoş olmayan fikir bildirib. Akademik “illərdir Bəstəkarlar İttifaqının qapısını açmıram, çünki ora ittifaq deyil” sözlərilə mədəni qurumunun işini qiymətləndirib.
O, həmçinin “iş görmək lazımdır. İş də getmir. Çünki eqoizm var” ifadələrini işlətməklə qurumu passiv fəaliyyətdə suçlayıb.

Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətinin rəhbəri İltifat Hacıxanoğlu Modern.az saytına açıqlamasında məsələyə münasibət bildirib. O, Xalq artistinin arqumentlərinə cavab olaraq, qurumun gördüyü işləri sadalayıb:

“Məlumat üçün qeyd etmək istəyirik ki, əsası 1934-cü ildə dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyli tərəfindən qoyulan Azərbaycan Bəstəkarlar İttifaqı 2007-ci ildən bəri 800-dək tədbir keçirib. Bu barədə maraqlananlar Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi, ildə iki dəfə dərc olunan “Musiqi dünyası” jurnalından məlumat əldə edə bilər. Çünki adı çəkilən jurnalda Bəstəkarlar İttifaqının ildə iki dəfə hesabatı dərc olunur. Bəstəkarlar İttifaqı ölkəmizdə keçirilən bütün beynəlxalq səviyyəli tədbirlərin hazırlanmasında yaxından iştirak edir. O cümlədən, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Muğam aləmi” Beynəlxalq Muğam Festivalının rəsmi tərəfdaşlarından biri də Bəstəkarlar İttifaqıdır və İttifaqın sədri xalq artisti, professor Firəngiz xanım Əlizadə bu festivalın bədii rəhbəridir. Bundan başqa, Bəstəkarlar İttifaqı neçə illərdir yüksək səviyyədə Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalını keçirir və bu festivalda dünyanin müxtəlif ölkələrindən gələn məşhur musiqi kollektivləri ilə yanaşı ölkəmizdəki etnik qrupların ansambllarının iştirakını təmin edir. Azərbaycan Bəstəkarlar İttifaqı hər il Gənc Bəstəkarların Plenumunu təşkil etməklə istedadlı gəncləri xalqımıza tanıdır, onların əsərlərinin səslənməsinə yardımçı olur. Bu plenumlar çərçivəsində keçirilən konsertlərdə Bəstəkarlar İttifaqının üzvləri ilə yanaşı, hələ üzvlüyə qəbul olunmayan, o cümlədən ali musiqi məktəblərinin tələbələrinin də əsərləri səsləndirilir. Artıq neçə illərdir, ölkəmizdə dahi Üzeyir bəyin adını daşıyan Beynəlxalq Musiqi Festivalı keçirilir. Festivalın proqramına diqqət etsəniz, görərsiniz ki, nəzərdə tutulan tədbirlərin siyahısında Bəstəkarlar İttifaqının həyata keçirdiyi konsertlər, konfranslar kifayət qədər çoxluq təşkil edir.
Azərbaycan Bəstəkarlar İttifaqında 2007-ci ildən bu günədək hər il bəstəkar və ya musiqişünaslarımızın çoxsaylı yubileyləri, müəllif konsertləri, yeni-yeni kitabların təqdimatları, yaradıcılıq axşamları, həmçinin xatirə gecələri keçirilir. Bundan başqa, Bəstəkarlar İttifaqında müntəzəm olaraq, “Müasirlərlə dialoq”, “Azərabycan musiqisi gənclərin ifasında” və bu kimi bir çox silsilə tədbirlər, o cümlədən başqa-başqa janrlara həsr olunan dəyirmi masalar və müzakirələr də təşkil olunur. Bəstəkarlar İttifaqının təşəbbüsü ilə broşürlər çap olunub ki, təqdim olunan broşürlərdə təkcə klassiklər deyil, bu gün yazıb-yaradan bəstəkar və musiqişünaslar haqqında da məlumatlar yer almışdır. Bir məsələni də xüsusi vurğulamaq yerinə düşər ki, Bəstəkarlar İttifaqı tarixində ilk dəfədir ki, musiqişünaslar haqqında broşürlər çap olunur. Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə ölkəmizdə müxtəlif dövlətlərin musiqi günləri, həmçinin müxtəlif ölkələrdə Azərbaycanın musiqi günləri keçirilərək milli musiqimizin təbliğində əhəmiyyətli işlərə imza atılıb. Bəstəkarlar İttifaqının həyata keçirdiyi bütün işlər barədə dövrü mətbuat vasitələrində kifayət qədər məlumatlar, məqalələr dərc olunur, o cümlədən tele-kanallarda süjetlər və verilişlər efirə gedir. Bir məsələni də diqqətinizə çatdırırıq ki, Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalın çərçivəsində təşkil olunan konsertlər Azərbaycan Milli Televiziyası ilə yanaşı? Türkiyənin TRT kanalında birbaşa yayımlanıb. Qeyd etmək lazımdır ki, Bəstəkarlar İttifaqının sədri Xalq artisti, professor Firəngiz Əlizadə, katiblər Əməkdar İncəsənət xadimləri Zemfira Qafarova, Sərdar Fərəcov və Aliyə Məmmədova dəfələrlə istər Azərbaycanda, istərsə də ölkəmizin hüdudlarından kənarda müxtəlif musiqi müsabiqələrində Münsiflər Heyətinin həm sədri, həm də üzvü kimi iştirak ediblər. Bundan başqa dəfələrlə onların iştirakı ilə görüşlər, həmçinin ustad dərsləri təşkil olunub. Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidməti olaraq bildiririk ki, İttifaqın həyata keçirdiyi tədbirlər barədə maraqlı olan hər kəsə daha ətraflı məlumat verməyə hazırıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.