Deputat rektoru "yıxıb-sürüdü" — Milli qəhrəmana görə
13-01-2017, 10:17
Milli Məclisin deputatı, Qarabağ müharibəsi veteranı Elman Məmmədov Milli Qəhrəman Məhəmməd Həsənovun Bakı Slavyan Universitetinə buraxılmamasına kəskin iradını bildirib.
E.Məmmədov Ölkə.Az-a açıqlamasında deyib ki, Milli Qəhrəmana qarşı edilən bu cür hərəkət yolverilməzdir:
“Bu, böyük və ciddi səhvdir, Milli Qəhrəmana qarşı hörmətsizlikdir. Digər tərəfdən isə təəssüf hissi ilə qeyd edim ki, biz indiyədək Milli Qəhrəmanlarımızı lazımı səviyyədə təbliğ və təqdim edə bilməmişik. Cəmiyyətimiz hələ Milli Qəhrəmanlarımızın kimliyi haqqında məlumatsızdır”.
Deputat qeyd edib ki, hələ birinci Qarabağ müharibəsi dövründə Azərbaycanda Milli Qəhrəman adına layiq görülən xeyli insanlar var:
“Onlardan çox az nəfəri bu gün həyatdadır. Hətta, bu gün yaşayan Milli Qəhrəmanlarımıza hörmət edə və onları tanıda bilmiriksə, deməli bizim bu istiqamətdə apardığımız işlərdə nöqsanlar çoxdur. Dediyim bu fikirlər bütün qurumlara, o cümlədən kütləvi informasiya vasitələrinə, rəsmi və qeyri-rəsmi orqanlara aiddir”.
E.Məmmədov Azərbaycanda Milli Qəhrəmanlarla bağlı qanunlarda da müəyyən nöqsanların olduğunu söyləyib:
“Ona görə də Milli Qəhrəmanlarımıza qarşı bu cür diqqətsizlik və hörmətsizlik göstərilir. Arzu edirəm ki, bu cür hadisələr təkrar olunmasın. Milli Qəhrəmanlara, müharibə vetereanlarına, şəhid ailələrinə cəmiyyətdə çox həssas yanaşılmalıdır”.
Deputat bildirib ki, Azərbaycanda bəzən Milli Qəhrəman və şəhid ailələrinə laqeyd ümansibətlər müşahidə olunur:
“Bəzən millət vəkili kimi hər hansı təhsil ocağına və ya təşkilata müraciət edib deyirəm ki, filan uşaq şəhid övladıdır, orta və ali təhsil alıb, ona bir iş verin. Ancaq həmin adamlara əlli cür fitnə-fəsad törədirlər, əngəllər yaradırlar. Baxıb görürsən ki, belə adamlar üçün uşağın şəhid övladı olmasının heç bir əhəmiyyəti yoxdur. Bu uşaqların atalarının şəhid və ya Milli Qəhrəman olmasının hər hansı haram yolla pul qazanıb harınlamış məmurlara heç bir təsiri olmur. Bu cür hallar arzuolumazdır. Hesab edirəm ki, bu kimi məsələlərdə hər kəs bir nəfər kimi məsuliyyətini dərk etməlidir”.
Xatırladaq ki, Milli Qəhrəman Məhəmməd Həsənovun Bakı Slavyan Universitetinə rəhbərlik tərəfindən buraxılmaması mətbuatda səs-küyə səbəb olub.