Generallar sahibkarı sillələdi, dişi sındı- Muradovun qaranlıq otaqda 3 qorxulu gecəsi...

14-01-2017, 19:48           
Generallar sahibkarı sillələdi, dişi sındı- Muradovun qaranlıq otaqda 3 qorxulu gecəsi...
“MTN çetesi” sahibkardan hədə-qorxu ilə 250 min alıb. Bu azmış kimi generallardan biri evinin istilik sistemini məcburi sahibkara gördürüb.

teref.az xəbər verir ki, musavat.com-un əldə etdiyi məlumata görə, maskalıların “qurbanları” sırasında sahibkar Elman Muradov da var. O, 2005-2015-ci illər ərzində “Arazplast” MMC-nin rəhbəri olub. MMC izolyasiya materiallarının istehsalı və ticarətini həyata keçirib.

Elman Muradov istintaqa ifadəsində MTN-ə aparılması və yaşadıqları ilə bağlı məlumat verib. Onun sözlərinə görə, Suraxanı rayonu, Hövsan qəsəbəsində rəhbəri olduğu MMC üçün 3 hektar torpaq sahəsi alıb. Həmin yerdə istehsal üçün tikinti işləri başlayıb və bu zaman işıq problemləri olub. Qonşuluqda yerləşən Yalçın Kazımova məxsus beton zavodundan müvəqqəti olaraq işıq çəkə biliblər.

MTN generalı işıqlandırma işinə də baxırmış

E.Muradov ifadəsində deyib ki, bundan Y.Kazımovla dostluq münasibətləri yaranıb və o, tikinti işlərinin aparılması üçün daimi olaraq onlara işıq verib: “Bir gün Yalçın Kazımov bu problemi MTN vasitəsilə həll etməyi təklif etdi. MTN generalı Natiq adlı şəxslə dost olduğunu, onun vasitəsi ilə məsələni həll edə biləcəyini dedi. Bu iş 70 min manata başa gələcəkdi.

2015-ci ilin başlanğıcında Yalçın Kazımova əvvəl 10 min, bir müddət sonra da əlavə olaraq 10 min verdim. Ancaq elektrik təchizatı ilə bağlı mənə təqdim edilən texniki sənədlər istədiyim şəkildə deyildi. Pulun qalan hissəsini vermədim. Ancaq bundan sonra da Yalçınla münasibətlərimiz davam etdi”.

MTN-lə tanışlıq...

Bu hadisədən bir müddət sonra sahibkarın MTN-lə yaxından tanışlıq mərhələsi başlayıb. MTN-ə çağırılan E.Muradov ermənilərlə əməkdaşlıqda günahlandırıldığını söyləyib. Amma o, bilərəkdən heç bir erməni ilə danışmadığını və ticarət əlaqəsinə girmədiyini istintaqa bildirib: “2015-ci ilin əvvəllərində Türkiyədən zəng gəldi. Rus dilində danışan şəxs məndən mal almaq istədiyini dedi. Lakin söhbət zamanı onun erməni olduğunu başa düşdüm. Bu işdən imtina etdim. Amma o mənə bir neçə dəfə zəng elədi. Hər dəfə rədd cavabı verdim. Həmin ilin may ayında bir nəfər zəng edərək məni MTN-ə çağırdı. Övladım xəstə olduğu üçün həmin gün ora getmədim. Bu barədə Yalçın Kazımova dedim. O, mənə Natiq adlı MTN generalı ilə danışdığını və nazirliyə getməməyimi tapşırdı. Dedi ki, lazm olsa, Natiq özü məni çağıracaq. Bir həftə sonra Natiq Alıyev zəng elədi və məni MTN-nin yanındakı “Sultan” kafesinə çağırdı”.

Sahibkar Natiq Alıyevin dostu Yalçınla tanış olduğunu düşünüb. Və bu işin rahat həll ediləcəyini fikirləşib. Amma belə olmayıb. O, da digər qurbanların yaşadıqlarını yaşayıb.
“Kafedə Natiq Alıyev erməni ilə kommersiya əməliyyatları apardığımı deyib, məni hədələməyə başladı. Mən bu iddiaları rədd etsəm də Natiq Alıyev məhəl qoymadı. Dedi ki, bu iş 5-10 minlə düzələcək iş deyil. Onunla birlikdə MTN-ə getməyimi istədi. Yolda məni buraxmasını xahiş etdim. Amma “yox” dedi. Natiq Alıyev məni tək otağa saldı. Digər MTN əməkdaşı Zaur Məmmədov da gəldi. 2 saat mənə psixi təzyiq edildi, ermənilərlə işləməklə bağlı suallar verildi, hədə-qorxu gəlindi”- deyə sahibkar başına gələnləri danışıb.

Ofislərə basqın...

Bundan sonra MMC-nin ofislərində əməliyyatlar keçirilib. Natiq Alıyev bir neçə MTN əməkdaşı ilə birlikdə sahibkarı götürərək ilk olaraq MMC-yə məxsus Əhməd Rəcəbli küçəsi 46 ünvanında yerləşən “Kaspian elektrik” mağazasına gəliblər.

E.Muradov ifadəsində bildirib ki, ofisdə nağd pul olmayıb, ancaq bütün sənədlər və nəzarət kameralarının görüntü bloku MTN əməkdaşları tərəfindən götürülb. Həmin vaxt ofisdə 10-a yaxın işçisinin olduğunu deyən sahibkar Natiq Alıyev tərəfindən orada təhqir edildiyini, şəxsiyətinin alçaldıldığını söyləyib.

MTN generalı “qurbanını” öz maşınında gəzdirib

Bundan sonra Natiq Alıyev MMC-nin digər ofisində axtarış keçirilməsini istəyib. Natiq Alıyev öz “Audi Q7” markalı maşını ilə MMC-nin Zığ şossesindəki ofisinə gedib. Maşında Muradov da olub.
E.Muradov: “Ofis bağlı idi. Natiq Alıyevin tələbi ilə qardaşım Sərdara zəng edib ofisi açmasını dedim. Ofisdə Natiq Alıyev təhqirlərini davam etdirirdi. Əlindəki silahla hədə-qorxu gəlirdi. Ofisdə axtarış zamanı seyfdə olan 80 min manatı, kompüterləri, təsərrüfat və MMC-nin fəaliyyətinə dair sənədləri götürdülər. Yenidən MTN-ə qayıtdıq. Dedikləri izahatı yazmağımı istədilər. İmtina edəndə bir neçə sillə vurdular. Yeni qoydurduğum implant dişim sındı”.

MTN-ə sahibkarla birlikdə MMC-nin baş mühasibi Şahin Həsənov da aparılıbmış.
MTN-də telefon danışıqlarının dinlənildiyini başa düşən sahibkar erməni ilə əlaqəni rədd etsə də faydası olmayıb. Onun sözlərinə görə, danışıqların və hədə-qorxunun davamında Natiq Alıyev və Zaur Məmmədov ondan 1 milyon manat tələb ediblər.

MTN-də qorxu dolu 3 gecə...

Bundan sonra sahibkar MTN-də qorxulu gecələr yaşayıb.

E.Muradov: “Gecəni orada qaldım. Səhər “Sultan” kafesinə aparıb yemək verdilər. Evə zəng edib MTN-də olduğumu dedim. Növbəti gün də eyni hərəkətlər davam etdi. Bu qədər pulumun olmadığını deyirdim. İkinci gecə də orada qaldım. Natiq Alıyevin rəisi Fizuli Əliyev də yanıma gəldi. O, da eyni ittihamları deyib, 1 milyon istədi. Bu məbləğə gücümün çatmadığını dedim. Qiyməti 500 minə endirdilər. Yenə də yoxumdur dedim. Sonra mənim nə qədər verə biləcəyimi soruşdular. 250 min dedim. Dedilər ki, verməsəm biznesimi məhv edəcəklər. Artıq üçüncü gün idi orada idim. Sonuncu dəfə “Sultan” kafesinə gedəndə Yalçın Kazımov və Fizuli Əliyev də gəldi. Lakin Fizuli Əliyev Yalçın Kazımovun yanında pulların verilməsi barədə söhbət açmadı. Məndən harasa şikayət etməməyimi tələb etdi”.

Sahibkar deyir ki, ondan 250 min manatdan əlavə MTN generalın Natiq Alıyevin şəxsi istəyi də olub.

MTN generalının evinin işləri

“Natiq Alıyev dedi ki, tikintisi davam edən fərdi yaşayış evində bütün isitmə və soyutma, həmçinin elektrik işlərini mən görüm. Oradan çıxmaq üçün hər şeyə razılıq verdim. Dediyi işləri gördürdüm. Ancaq ofisimdən götürülən 80 min qaytarılmadı”- deyə zərərçəkmiş bildirib.

E.Muradov ifadəsində stress vəziyyətinə düşdüyü, qorxduğu üçün MTN-dən çıxdıqdan qısa vaxt sonra ölkədən çıxmaq qərarına gəlib və İstanbula uçmaq üçün bilet alıb.
Amma planlaşdırmadığı bir məsələ var idi. Aeroporta gedən E.Muradov orada öyrənib ki, ölkədən çıxışına qadağa qoyulub.

Qaçarkən MTN generalına təhvil verilib

Elə aeroportda saxlanılan sahibkarı Natiq Alıyevə təhvil veriblər. N.Alıyev ona sonuncu xəbərdarlığı edib. E.Muradov pulu ödədikdən sonra ölkədən çxışına qoyulmuş qadağa götürülüb və o, Türkiyəyə gedərək bir aya orada yaşayıb.
İstintaq zamanı “Arazplast” MMC-nin baş mühasibi Şahin Həsənov da eyni məzmunlu ifadə verib.

İşdə adı hallanan, sahibkara elektrik enerjisi verən və onu ilk dəfə MTN generalı ilə tanış edən Yalçın Kazımov da dindirilib.

O, 2008-2009-cü illərdən Hövsan qəsəbəsində yerləşən beton zavodunu işlətdiyini və həmin ərəfədə zavoda yaxın məsafədə yerləşən istehsal sahəsinin sahibi Elman Muradovu tanıdığını və aralarında dost münasibətlərinin yarandığnı söyləyib.

Sirli adamın, MTN-çilərlə müəmmalı tanışlığı

Y.Kazımov MTN generalları ilə tanışlığını istintaqa belə danışıb: “Bir neçə il sonra toy məclislərinin birində eyni masada oturduğumuz MTN-nin əməkdaşı Natiq Alıyevlə tanış oldum. Bir neçə dəfə onunla telefonda danışdım, amma görüşümüz az-az olurdu. Elman Muradov da işıq xətlərini çəkdirməkdə çətinlik yaşadığı üçün Natiq Alıyevə müraciət etdik. Ancaq Natiq Alıyev bu sahədə köməklik göstərmədiyi üçün iş həll edilmədi. Sonra Elmanı MTN-ə çağıranda Natiq Alıyevə zəng etdim. O, dedi ki, nömrəsini Elmana verim, nazirliyə gedəndə ona zəng etsin. Natiq Alıyev Elmanın ermənilərlə işlədiyini deyərək ona kömək edə bilməyəcəyini söylədi. Bu səbəbi öyrənəndən sonra mən də Natiq Alıyevə dedim ki, Elmana kömək etməsin”.

Müəmmalı şəkildə MTN generalları ilə tanışlığı olan Y.Kazımov Fizuli Əliyev və Zaur Məmmədov adlı MTN əməkdaşları ilə tanışlığını da danışıb.

O, deyib ki, Elman Muradov ona zəng edərək sürücülük vəsiqəsini MTN-dən almaqda köməklik etməsini istəyib. Bu zaman o, “Sultan” kafesinə gedərək Natiq Alıyevlə görüşüb. Dediyinə görə, orada dostu Elmanı və MTN generalı Fizuli Əliyevi də görüb. Fizuli Əliyevi və Zaur Məmmədovu tanımasını isə Natiq Alıyevlə görüş zamanı onların da həmin masada olması ilə izah edib.

Qeyd edək ki, bu işdə adı keçən Füzili Əliyev MTN-in Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş idarəsinin sabiq rəis müavini, 1-ci idarənin sabiq rəisi, Natiq Alıyev 2-ci idarənin 3-cü şöbəsinin sabiq rəisi, Zaur Məmmədov isə 1-ci idarənin sabiq rəis müavini olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.