General Şıxəliyevin “maskalıları”- naxçıvanlı iş adamının zindandakı qara günləri, lüks maşınlar və milyonlar
18-01-2017, 00:11
Hazırda həbsdə olmayan MTN generalının əməllərindən zərərçəkmiş şəxslərin ifadələri əsasında araşdrıma aparılır. Başda Akif Çovdarov olmaqla digər MTN generallarından fərqli olaraq ləğv edilmiş nazirliyin Baş İstintaq İdarəsinin sabiq rəisi, general Mövlam Şıxəliyev azadlıqdadır. Onun barəsində olan cinayət işi ayrıca icraata verilib və xüsusi araşdırma aparılır.
Musavat.com general Mövlan Şıxəliyevin əməllərindən zərərçəkdiyini deyən iş adamı Kazımov Nizami Firudin oğlunun istintaqa ifadəsini əldə edib. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan N.Kazımov milyonlarının necə yağmalanmasından, özünün MTN-nin təcridxanasında qanunsuz olaraq saxlanılmasından danışıb.
Əvvəlcə Mövlan Şıxəliyev barəsində onu qeyd edək ki, o, 2004-cü ildən MTN-nin İstintaq Baş İdarəsində xidmətə başlayıb. 2004-2007-ci illərdə həmin idarənin 1-ci şöbəsinin rəisi, 2007-2008-ci illərdə Baş İdarəsinin rəis müavini, 2008-ci ildən 2015-ci ilədək rəisi vəzifəsində işləyib.
Banka qoyduğu əmanət başına bəla olub
Hazırda ev dustaqlığında olan generaldan şikayətçi olan N.Kazımov həm banka qoyduğu 1 milyondan artıq pulunun mənimsənildiyini, həm də ondan əlavə olaraq 2 milyon dollarının alındığını deyir.
İstintaqa ifadə verən N.Kazımov qeyd edib ki, 1991-ci ildə Koorperasiya Universitetinin əmtəəşünaslıq ixtisası üzrə bitirib və Naxçıvanda Nazirlər Kabinetində işləyib. 1992-ci ildə isə Bakıya köçərək bizneslə məşğul olub. O, hazırda quru meyvə yağlarının istehsal edən BİSOL MMC-nin təsisçisi və sahibidir.
İş adamı ifadəsində bildirib ki, 2017-ci ilin yanvar ayında 1 milyon 120 min dollarını “Texnikabank”ın “Bakı” filialına kürəkəni Samir Əbdülqasımovun adına qoyub. Əmanət müqaviləsi isə filialın müdiri Zal Yusifovla imzalanıb.
N.Kazımov ifadəsində pulunun sonrakı taleyi haqda bunları əlavə edib: “Hər ay bankın filialından 1 faizlik gəliri kürəkənim Samir götürüb. 2008-ci ildə dolların məzənnəsinin düşdüyünü gördüm. Bunun üçün bankda olan pulumu avroya çevirdim. Filial müdiri ilə imzalanan yeni müqaviləyə əsasən bankda olan pulum 704 min avro təşkil edirdi. Əmanət müqaviləsi yenə kürəkənimlə filial müdiri arasında imzalandı. İllik 12 fazilik gəlir nəzərdə tutulmuşdu”.
Zərərçəkmişin sözlərinə görə aylıq əldə etməli olduqları faiz cəmi iki ay ödənsə də sonradan ödənməyib. Zal Yusifova müraciət edən iş adamı pulunun ödəniləcəyi vədini alsa da yenə də pulunu ala bilməyib. Növbəti dəfə isə bankın müşahidə şuarasının sədri Etibar Əliyevə müraciət edib. Amma pulunu yenə də ala bilməyib.
Nizami Kazımov ifadəsində göstərib ki, Etibar Əliyev ona deyib ki, banka qoyduğu pulları Zal Yusifov mənimsəyib və buna görə də bank məsuliyyət daşımır.
MTN-dən gələn zəng
Bundan sonra iş adamının MTN-lə “tanışlığı” başlayıb. Onu elə ilk görüşdəcə həbs ediblər.
2008-ci ildə tanımadığı nömrədən telefonuna zəng gəldiyini deyən iş adamı özünü MTN əməkdaşı kimi təqdim edən şəxsin onu nazirliyə çağırdığını söyləyib. Nazirliyə gedən N.Kazımov orada öyrənib ki, onu MTN-nin İstintaq Baş İdarəsindən çağırıblar.
İş adamı MTN-də ilk olaraq Vüsal Ələkbərovla görüşüb. Mövlan Şıxəliyevin rəhbərlik etdiyi idarənin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərov iş adamından bankda kürəkəninin adına olan pul haqda soruşub. N.Kazımov pulu kürəkənin xərcləməsi üçün onun adına qoyduğunu deyib.
N.Kazımov bildirib ki, Vüsal Ələkbərov onunla aqressiv danışıb və onu mənimsəmədə ittiham eib: “Mənə dedi ki, guya mən bank əməkdaşları ilə əlbir olub öz kürəkənimin adına olan pulu mənimsəmişəm. Buna görə də məni şübhəli şəxs kimi tutdular. Dindirməni Vüsal Ələkbərovun Vüqar adlı işçisi apardı. Heç bir şikayətçi olmadığı halda 2 gün MTN-nin istintaq təcridxanasında saxlanıldım. Bankda olan puldan da əlimi üzməyimi tapşırdılar.
Sonra barəmdə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə dələduzluq ittihamı irəli sürüldü. Səbail rayon məhkəməsinin qərarı ilə barəmdə 3 ay müddətinə həbs qətimkan tədbiri seçildi. Bu müddət ərzində ən azı 20 dəfə Vüsal Ələkbərov məni öz otağına gətirtdi. Barəmdə olan işə xitam verilməsi üçün 3 milyon dolar istədi. Vüsal dedi ki, göstəriş rəhbərlikdəndir. Amma konkret olaraq ad çəkmədi. Pulu verə bilməyəcəyimi dedikdə Vüsal bildirdi ki, məni 8-12 il müddətinə həbs gözləyir. 15-20 gün sonra məni İstintaq Baş İdarəsinin rəisi Mövlan Şıxəliyevin otağına apardılar”.
“Maskalıllar”la hədə-qorxu...
İş adamı deyir ki, M.Şıxəliyev də eyni qaydada onu hədələyərək 3 milyon istəyib. Bu qədər pulunun olmadığını dedikdə isə ona 2 milyon vermək təklif edilib. Hər gün hədə-qorxu və 12 ilədək həbs cəzası alacağı ilə hədələnən iş adamı ifadəsində göstərib ki, Mövlan Şıxəliyev ona deyib ki, əgər razılaşmasa, onu “maskalılar”ın yanına saldıracaq.
2008-ci ilin noyabrına qədər MTN-dəki hədələrə dözə bilən iş adamı səhhətində yaranan problemlərə görə sonda onların dedikləri ilə razılaşıb. İş adamı deyib ki, ancaq razılıq belə olub ki, 2 milyonu hissə-hissə ödəyəcək.
“Vüsala razı olduğumu, pulu bir dəfəyə ödəyə bilməyəcəyimi dedim. Dedi ki, “gözlə, gedim rəisə deyim”. Yəqin ki, Mövlan Şıxəliyevi nəzərdə tuturdu. Bir az keçəndən sonra Vüsal gəldi. Dedi ki, rəis razılaşıb. 1 milyonu ödəyəcəyim halda ev dustaqlığına buraxılacağımı, 4-5 ay ərzində isə qalan bir milyonu ödəyəcəyim halda isə barəmdə olan cinayət işinə xitam veriləcəyini söylədi. Qudam Tahir Ədbülqasımova məktub yazaraq qohum-əqrabadan 1 milyon dolları hazırlayıb MTN-ə gətirməsini istədim. Kürəkənim Samir 180 min dollarlıq “Mercedes Bens S class 500”, 115 minə aldığım “BMV 745” və 120 minə aldığım “Lexus 470” markalı maşınları bazarda sataraq 250 min dollar düzəltdi. 325 min dolları qardaşım Niyazi Kazımov verdi. Qalan hissəsini isə qudam düzəldərək 1 milyonu MTN-ə gətirdi. Pulu Vüsala verərək qayıtdılar”- deyən iş adamı bundan sonra MTN-dən buraxıldığını söyləyib.
O, azadlığa buraxıldıqdan sonra pulu ödəmək üçün bir neçə dəfə Mövlan Şəxəliyevlə əlaqə saxladığını da qeyd edib.
MTN generalına baş sağlığı...
Maraqlı olan isə iş adamının MTN-dən buraxıldıqdan sonra Mövlan Şıxəliyevlə bir neçə dəfə telefonla danışaraq onun bayramını təbrik etməsi, daha sonra isə anasının və qızının vəfat etməsi ilə bağlı generala başsağlığı verməsi olub.
İş adamı ifadəsində MTN-ə “borclu” qaldığı 1 milyonu isə 150, 280, 300, 200 və 70 min olmaqla Mövlan Şıxəliyevin adamı Vüsala verdiyini söyləyib.
Pulunu verdi “təmizləndi”
Bütün pulları ödədikdən sonra isə Vüsal Ələkbərov iş adamına zəng edərək barəsində olan cinayət işinə xitam verildiyi söyləyib. N.Kazımov növbəti dəfə MTN-ə barəsində olan qərarı götürmək üçün gedib.
İstintaqda qohumlarından aldığı pulları ödəyə bilmədiyini deyən iş adamı “Para Bank”dan 300 min dollar kredit götürdüyünü və hazırda qudasına 500 min dollar borclu olduğunu qeyd edib.
İş adamı ifadəsinin sonunda qeyd edib: “Əminəm ki, o zaman Eldar Mahmudov Etibar Əliyevlə əlbir olaraq mənim və digər sahibkarların ümumilikdə 38 milyon manatını mənimsəyib. Və bu işi gizlətmək üçün bizim həbsimizi sifariş edib”.
Qeyd edək ki, iş adamı Mövlan Şıxəliyevə 2 milyon verib azadlığa çıxandan sonra bankda olan 704 min avrosunu da geri ala bilməyib.
Xatırladaq ki, “Texnikabank” hazırda fəaliyyətini dayandırıb. Bankın səhmdarı Etibar Əliyev də MTN tərəfindən həbs edilmişdi. O, həbsdən azad edildikdən sonra yenidən bankın rəhbərliyinə gətirilmişdi. Lakin sonradan bankın fəaliyyəti birdəfəlik dayandırıldı.
Bankın “Bakı” filialının müdiri Zal Yusif isə hazırda həbsdədir.