Tramp hələ and içməmiş dünyanı qarışdırdı
18-01-2017, 09:48
Angela Merkel və Fransua Olland ABŞ-ın seçilmiş prezidentinə sərt cavab verdilər
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 20-də and içəcək və yanvarın 21-dən rəsmi şəkildə səlahiyyətlərinin icrasına başlayacaq. ABŞ-ın dünyaya bir nömrəli təsir gücündə ölkə olması faktı çoxlarında belə bir fikir yaradıb ki, Amerika prezidenti təkcə bu dövlətin deyil, bütün dünyanın idarə edilməsində söz sahibidir. Əksər ekspertlər Donald Trampın prezidentliyini dünya üçün yeni dönəmin başlanması olaraq qeyd edirlər. Həmçinin bildirirlər ki, Tramp dünyanın hazırkı vəziyyətini dəyişəcək.
Donald Tramp isə prezidentlik fəaliyyətinə cəmi üç gün qalmış ABŞ-ın “vuran əli” sayılan NATO-nu köhnəlmiş, üzvlərinin əksəriyyəti üzvlük haqqı belə ödəməyən təşkilat adlandırmaqla onun prezidentliyinin həqiqətən də dünya üçün sürprizlər gətirəcəyini düşünənlərin sayını daha da artırmış olub.
“Avropanın taleyi avropalıların öz əlindədir”
Almaniya kansleri Angela Merkel Trampın Avropa İttifaqının parçalanmasına dair səsləndirdiyi fikrə münasibət bildirib.
Bu barədə “İnterfaks” xəbər yayıb.
“Fikrimcə, Avropanın taleyi avropalıların öz əlindədir. Əminəm ki, biz birgə olacağıq”, - deyə A.Merkel bildirib. O həmçinin Trampın onunla tanış olmadığı barədə sözlərini cavablandırıb: “Mən ABŞ prezidentinin inauqurasiyasını gözləyirəm. Sözsüz ki, Donald Tramp səlahiyyətlərinin icrasına başlayan kimi biz ABŞ-ın yeni administrasiyası ilə bütün mümkün səviyyələrdə əməkdaşlıq edəcəyik”.
Qeyd edək ki, Tramp Almaniya kansleri Angela Merkelin miqrasiya siyasətini də tənqid edib.
“Avropa Birliyinin (AB) başqalarının məsləhətinə ehtiyacı yoxdur”.
Axar.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Fransua Olland deyib.
“Avropa Transatlantik əməkdaşlığı davam etdirməyə hazırdır. Lakin bu əməkdaşlıq mənafe və dəyərlər üzərində olacaq. AB-nin xaricdən məsləhətlərə ehtiyacı yoxdur” Olland qeyd edib.
Bəs Azərbaycanın müxalifət düşərgəsi qeyd olunanlarla bağlı hansı fikirdədir? Trampın dünyanı dəyişəcəyini düşünürlərmi? Trampın NATO ilə bağlı işlətdiyi fikirləri onun NATO ilə bağlı hansısa planının olması kimi qəbul edirlərmi?
Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, ABŞ siyasəti şəxslərin üzərində qurulmur. Amerikada prezidentin kim olmasından asılı olmayaraq ümumi bir xətt var, ABŞ-ın dövlət marağı var və dünya siyasətinin ümumi çalarları var. Bunlardan kənara çıxmağa kimsə cəsarət etmir və kimsə buna səy göstərmir. Sadəcə, seçilən prezidentlər ümumi siyasəti həyata keçirirlər, bununla bağlı bacarıqlarını ortaya qoyurlar. Donald Trampın hansı istiqamətdə bacarıqları olacaqsa, bu, başqa məsələdir. Amma Amerikanın dünyaya yönəlik siyasətində kardinal dəyişikliyin olmasını Tramp yox, ümumi ABŞ siyasəti müəyyənləşdirir. Hələlik Amerikanın siyasətində dünyanı fərqli yerə götürmək barədə anonslar yoxdur, bu barədə hələlik hansısa fikir bildirmək olmaz. Bəzi siyasətlər sərtləşə və ya yumşala bilər. Bu isə dünyanın dəyişməsi demək deyil. Genəldə siyasət dəyişməyəcək, çünki ABŞ-da prezidentlər çox şey demək deyil".
İ.Ağazadə qeyd etdi ki, Trampın NATO barədə planlarının olduğu hiss edilir: “Onun planları ola bilər. Lakin Pentaqonun ”Tramp bəzi fikirlərində korrektələr etməlidir" mövqe ifadə etməsi, Almaniya kansleri Angela Merkelin, Fransa prezidenti Fransua Ollandın da NATO ilə bağlı Trampa cavabları onu deməyə əsas verir ki, Trampın səsləndirdiyi fikirlər olsa-olsa dinamikliyi artıra bilər, ya da hərbi siyasi müttəfiqliyin yeni mərhələyə çıxışını təmin eləyə bilər. Amma NATO-nun ləğv edilməsi və ya ABŞ-ın oradan çıxması kimi planlarının olması inandırıcı deyil və bu məntiqə də uyğun olmaz. Trampın NATO ilə bağlı həmin fikirlərinin arxasında o dayana bilər ki, onun gözləntiləri fərqlidir və gözləntiləri bu şəkildə dilə gətirir, NATO-nu daha dinamik təşkilata, dünyada baş verən hadisələrə daha çox müdaxilə edən bir təşkilat kimi görmək istəyir. Görünür, bu tipli mesajlar verməklə müttəfiqləri hərəkətə gətirmək niyyəti güdülür".
AMİP-in beynəlxalq əlaqələr katibi Elşən Mustafayev isə hesab edir ki, ABŞ-ın milli maraqları, milli təhlükəsizliyi, iqtisadi cəhətdən rifahı hər zaman önə çəkilib. Tramp dönəmində də bu davam edəcək: “Tramp nə dərəcədə buna nail olacaq, indidən demək mümkün deyil. O başqa məsələdir ki, ABŞ-ın siyasətini qəbul edən və etməyən, onu pis və ya yaxşı qiymətləndirən dövlətlər var, gələcəkdə də olacaq. Bu da həmin dövlətlərin özlərinin maraqlarından irəli gələn münasibətdir. Trampın indiyə qədər söylədiyi fikirlərin heç biri ümumilikdə ölkəsinin maraqlarına zidd olmayıb. O, hədəfə çatmaq yollarını fərqli görə bilər. NATO ilə bağlı söylədiklərini də bu qəbildən olan fikir kimi qəbul etmək lazımdır. Bilirsiniz ki, vaxtilə NATO tamam fərqli coğrafiyada yaradılmış bir qurum olub və buna uyğun da ona Şimali Atlantika Müqaviləsi Təşkilatı adı qoyulub. Son 20-25 ildə bu təşkilata çoxlu sayda Şərqi Avropa dövlətləri, Baltikyanı ölkələr qoşulub. Bu tərəfdən yanaşanda o zaman NATO köhnəlmiş təşkilat kimi görünür. Hətta Trampa qədər də siyasətçilər bu təşkilatın yeni coğrafiyaya uyğun olaraq təkmilləşdirilməsini, hətta adının dəyişdirilməsini belə təklif ediblər. Əgər bu baş versə, Hərbi İttifaq indikindən daha güclü olacaq. Bu gün Rusiya NATO-nun Şərqə doğru genişlənməsinə etiraz edərkən söylədiyi arqumentlərdən biri də məhz belə uyğunsuzluqlardır. Çox güman ki, yaxın gələcəkdə NATO ilə bağlı hansısa planlar olacaq və bu, ABŞ-ın hərbi imkanlarının daha da genişləndirilməsi məqsədilə həyata keçiriləcək. Həm dövlət katibliyinə namizədin, həm də Pentaqonun rəhbərliyinə namizədin Senatdakı dinləmələrdə suallara verdiyi cavablar bunları deməyə əsas verir”.