Millət, bayraq və Rəcəb İvedik komediyası...

19-01-2017, 09:13           
Millət, bayraq və Rəcəb İvedik komediyası...
Mehriban Vəzir: “Bayraq təhqir olunursa, etiraz olmalıdır”; Dilavər Əzimli: “90-cı illərdə kağızın üzərinə bayraq çəkib öpüb gözlərinin üstünə qoyurdular, bəs niyə cəmiyyət indi bu vəziyyətə gəldi?”

Son zamanlar ölkə ictimaiyyətində belə bir qəribə hal formalaşıb ki, bayrağımızın, millətimizin təəssübünü çəkən şəxslər müəyyən qrup insanlar tərəfindən qınanılır. Onlara populist deyilir, bu addımları müəyyən bir formada pislənilir.

Elə son olaraq Türkiyənin məşhur komediya filmi “Rəcəb İvedik”in fraqmanında baş verənlərə sosial şəbəkələrdəki münasibəti göstərə bilərik.

“Yeni Müsavat”a danışan yazıçı-publisist Mehriban Vəzir bildirib ki, ölkədə milli vətənpərvərlik 1990-cı illərdə olduğu səviyyədə deyil: “Çünki ötən illər ərzində vətənpərvərlik anlayışı tamamilə başqa istiqamətlərə yönləndirildi. Nəticədə isə vətənpərvərlik tamam başqa anlam daşımağa başladı. Ancaq bütün hallarda insanlar bilməlidirlər ki, bəzi toxunulmaz və müqəddəs olan dəyərlər var. Vətəndaş üçün o dəyərlərdən biri də bayraqdır. Bayraq onun dəyərini bilənlər üçün toxunulmazdır. Buna görə də cəmiyyət nə qədər inkişaf etsə də, bayrağa hörmət olmalıdır. Demokratik baxımdan inkişaf etmiş xeyli sayda dövlətlər var. Hansı ki, biz həmin dövlətlərdəki liberallığı və digər bu kimi məsələləri özümüzə örnək kimi götürürük. Əgər belədirsə, eyni zamanda onu da görməliyik ki, onlar üçün bayraq nə qədər ciddi, toxunulmaz atributdur. Məlum filmdə bayrağımızı təhqir olunmuş hesab edənlərin etirazlarını normal qarşılayıram. Həqiqətən də bayraq təhqir olunursa, etiraz olmalıdır. Eyni zamanda bu etirazlara etiraz edənlərə də anlayışla yanaşıram. Onlar sanki kimliklərini itirmiş bir durumdadırlar və hardadırlar, kimdirlər, vətən nədir bunu bilmirlər. Bunun da səbəbi ölkənin daxilində olan repressiya, yalançı vətənpərvərlikdir. Bu baxımdan, düşünürəm ki, yaranmış mənzərə ictimai stressin, depressiyanın yetişdirdiyi simptomlardır. Ancaq bütün hallarda düşünürəm ki, cəmiyyətdə bu cür ictimai qarşıdurmalar, müzakirələr olmalıdır. Lakin bunlar etik, siyasi-ictimai nəzakət çərçivəsində aparılmalıdır. Dəyərləri yüksək tutanlar da, ayaqlar altına salanlar da bu cəmiyyətin övladlarıdır. Onların hər birinin öz yeri və qiyməti var. Heç kimi gözdən salmaq lazım deyil”.

Tarixçi Dilavər Əzimli isə bildirib ki, sosial şəbəkələrdə bu kimi yazışmaları izləyib, təəssüf hissi keçirir: “Bayraq bir dövlət üçün çox müqəddəsdir. Bayraq, eyni zamanda həm dövlətçilik, həm də dini baxımdan çox əhəmiyyətlidir. Dində bayrağa ələm deyərlər. Döyüşdə bayrağın ələ keçirilməsi, həmin döyüşün uduzulması deməkdir. Yəni bayraq dövlətin əsas atributlarından biridir. Bayraq gətirildiyi zaman hər kəs ayağa durar, bayraq qalxarkən hamı ona baxar. Demək ki, bayraq elə dövlətin özüdür. Əgər hər hansı bir formada bayraq alçaldılırsa, təhqir olunursa, buna cəmiyyət tərəfindən sərt reaksiya verilməlidir. Bayraq heç komediya filminin hədəfi də ola bilməz. Diplomatik görüşlərdə də bayrağa protokola uyğun olaraq, ciddi nəzarət edilir. Onun harada və necə qoyuluşuna çox diqqət yetirilir. Cəmiyyətdə getdikcə milli təəssübkeşlik ona görə azalır ki, cəmiyyətlə işləmə mexanizmini düzgün formada qura bilmirlər. Əgər teleradio, televiziya məkanında bununla bağlı verilişlər hazırlanmırsa, təbii ki, bu cür vəziyyət yaranar. Əgər efir teleməkanı bayağı müğənnilərdən, səviyyəsi aşağı olan jurnalistlərdən ibarətdirsə, cəmiyyətin də bu günə düşməsində qeyri-adi heç nə yoxdur. Problemin öhdəsindən gəlmək üçün xüsusi təbliğat kampaniyası aparılmalıdır. Almanlarda bayraq gəldiyi zaman insanlar küçədə də ayaq saxlayırlar. Qardaş Türkiyənin özündə də bayrağa münasibət qürurvericidir. Deyərdim ki, xalq, xəmir kimi bir şeydir və onu necə istəsən yoğura bilərsən. 1990-cı illərdə biz başqa cür yoğrulduq. Qarşıdan 20 Yanvar hadisələrinin ildönümü gəlir. Tarixə diqqət edin ki, həmin zaman bütün xalq bir mövqedə idi. Rayonlu, şəhərli məsələsi yox idi. Hər kəs bir millət kimi meydanda idi. Ancaq təəssüf ki, bundan istifadə edə bilmədirlər”.

Tarixçi bildirib ki, bayrağa münasibət də bu cür olmalı idi: “1990-cı illərdə kağızın üzərinə bayraq çəkib, onu öpüb gözlərinin üstünə qoyurdular. Bəs nə üçün cəmiyyət bu vəziyyətə gəldi? Bax burada da yuxarıda qeyd etdiyimiz xəmir məsələsi yada düşür. Millət yenə də həmin millətdir. Bu il də diqqət edəcəksiz ki, 20 Yanvar günü minlərlə insan şəhidlərimizin məzarını ziyarət edəcək. Demək ki, 1990-cı illərdə bu xalqın xəmiri möhkəm yoğrulub və yaddaşlardan həmin anlar silinmir. Bayrağa, gerbə də münasibəti bu cür etmək olar. Bunun üçün isə hər kəs öz yerində olmalıdır. Sosial şəbəkələrə baxıram ki, bayağı, mənasız şeyləri nə qədər adam bəyənir. Ancaq bayraq, millətlə bağlı nə isə yazanda, ona 5-6 adam reaksiya verir. Bax bu, səviyyədir. Bu səviyyənin qaldırılması isə cəmiyyəti idarə edən qüvvələrdən, ziyalılardan asılıdır. Hanı ziyalılar? 90 faiz yaltaqlığı, təlxəkliyi seçən ziyalı bayrağı necə sevdirə bilər? Bütün qeyd olunan problemlərin səbəbi də elə budur”.

Əli RAİS












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.