Dövlət qulluqçuları üçün mühüm dəyişiklik - Bu cərimədən azad olunurlar
3-03-2017, 19:16
İnzibati Xətalar Məcəlləsinə (İXM) edilmiş və bu gün qüvvəyə minən dəyişikliyə görə bəzi dövlət qurumlarının əməkdaşları iş üzrə icraat müddətlərinin pozulmasına görə cərimədən azad olunurlar.
Bu barədə "Digesta” Hüquq Firmasının rəhbəri Ərşad Hüseynov məlumat verib.
O bildirib ki, ötən il İXM qəbul olunanda inzibati orqanların məsul şəxsləri tərəfindən iş üzrə icraat müddətlərinin pozulmasına görə məsuliyyət müəyyən edən norma təsbit edilib:
"Məqsəd o idi ki, həmin məmurlar inzibati xətalara dair işlər üzrə prosessual müddətləri pozmasınlar, süründürməçiliyə yol verilməsin və s. Bugünkü dəyişiklik həmin norma üzrə məsuliyyətə cəlb edilən şəxslər sırasından Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dövlət Sərhəd Xidmətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarını çıxarıb. Göstərilən qurumların məsul şəxsi prosessual müddətləri pozmuş olduğu halda inzibati xəta haqqında iş üzrə materiallar bu şəxsin intizam məsuliyyətinə cəlb edilməsi üçün həmin orqanlara göndəriləcək.
Yəni artıq bu qurumların əməkdaşları İXM-in 596.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilərək 200 manatdan 400 manatadək məbləğdə cərimə edilməyəcəklər. Bunun əvəzində həmin şəxslərə intizam tənbehi tədbirləri (xəbərdarlıq, töhmət, başqa işə keçirmə, xidmətdən azad etmə və s.) tətbiq edilə biləcək. Özü də bu normanın tətbiqi üçün hər hansı bir vətəndaş prokurora müraciət etməlidir, prokuror iş materiallarını toplamalıdır, müddətlərin pozulduğunu aşkar etdikdə buna yol vermiş şəxsin intizam məsuliyyətinə cəlb edilməsi üçün həmin materialları o şəxsin xidmət etdiyi orqana göndərməlidir. Bu isə mənim fikrimcə, həmin normanı əhəmiyyətsiz bir müddəaya çevirəcək".
Ekspert bildirib ki, dəyişikliklər ədalətsizlik və ayrı-seçkilik yaradacaq:
"Nəzərə alsaq ki, inzibati məsuliyyətə cəlb etmə işini daha çox sadalanan qurumlar həyata keçirirlər, onda prosessual müddətlərin yenə də pozulmaqda davam edəcəyini düşünmək olar. Belə dəyişikliyi yuxarıda qeyd etdiyim səbəbdən geriyə doğru addım sayıram. Amma digər tərəfdən bunu hər müddət pozuntsuna görə əmək haqqının üçdə birini itirə biləcək dövlət məmurları üçün şans yaradan düzəliş də saymaq olar. Sadəcə olaraq bir şey aydın deyil, hətta aşkar ədalətsizlik də ortadadır. Təsəvvür edin, bu düzəlişdən sonra aylıq əmək haqqı 1000 manat olan DYP inspektoru prosessual müddəti pozduğuna görə sadəcə xəbərdarlıqla və ya töhmətlə canını qurtara bilər, amma məsələn, Kənd Təsərrüfatı Nazirliyinin 500-600 manat əmək haqqı alan əməkdaşı həmin prosessual müddəti pozduğuna görə 200-400 manat cərimə oluna bilər”.