“Azərbaycan Dəmir Yolları” və “Azəravtoyol” yenidən nazirliyə verilir – İSLAHAT

3-03-2017, 19:58           

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti sturuktur islahatları nəticəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibinə keçə bilər.
Bir müddət öncə Nəqliyyat Nazirliyinin tərkibində olan hər iki qurum – “Azərbaycan Dəmir Yolları” QSC və “Azəravtoyol” ASC sonradan ayrılaraq müstəqil quruma çevrilmişdi. Hökumətin apardığı struktur islahatları nəticəsində bu qurumların yenidən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibinə keçəcəyi barədə məlumat yayılıb.
Bu gözlənilən birləşmə həm mərkəzdən idarə edilmə, həm də dövlət büdcəsinin yükünün azaldılması ilə əlaqələndirilir.
Məsələ ilə bağlı iqtisadçı ekspert Vüqar Bayramov ölkə.az-a danışıb:
“Struktur islahatlarının davam etdirilməsinə ehtiyac var. Bildiyiniz kimi, İqtisadi və Sosial İnkişaf Mərkəzi struktur islahatları ilə bağlı təkliflər paketi hazırlayıb Azərbaycan hökumətinə təqdim etmişdi. Təkliflər paketinin bir hissəsi reallaşdı, ancaq təkliflər paketi tam olaraq reallaşmayıb. Düşünürük ki, bir çox sahələrdə struktur islahatlarının aparılmasına ehtiyac var.
“Azərbaycan Dəmir Yolları” və “Azəravtoyol”un Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşməsi səmərəli olardı. Çünki birmənalı olaraq burada söhbət struktur islahatlarının aparılması və vəsaitlərə qənaət edilməsindən gedir. Bu birləşmə ilə bir tərəfdən dövlət büdcəsindən ayrılan vəsaitlərə qənaət etmək olar, digər tərəfdən də struktur islahatı idarəetmənin ciddiliyinə və şəffaflığına gətirib çıxaracaq. Struktur islahatları, daha çevik idarəetməyə malik olmağa imkan verir. Qeyd etdiyimiz konteksdən “Azərbaycan Dəmir Yolları” və “Azəravtoyol”-un Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşməsi daha məqsədə uyğundur. Bu birləşmənin büdəcəyə qənaətini hesablamaq olar. Söhbət milyonlarla ölçülən qənaətdən gedir. Nəticə etibarı ilə bu iki qurumun birləşməsi dövlət büdcəsinə milyonlarla manat qənaətin edilməsi və eyni zamanda çevik idarəetmənin formalaşmasına imkan verəcək.
Düşünürəm ki, təkcə bu sektorda deyil, digər sektorlarda da ehtiyac var. Bu islahatlar həm çevik idarəetmə ilə nəticələnəcək, həm də, dövlət büdcəsinə milyonlarla manat qənaət etdirəcək”.
TEREF.İNFO












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.