İcra Hakimiyyəti məsciddə əyləndiyi deyilən bələdiyyə sədrinin müdafiəsinə qalxdı - QALMAQAL

9-06-2017, 17:52           
İcra Hakimiyyəti məsciddə əyləndiyi deyilən bələdiyyə sədrinin müdafiəsinə qalxdı - QALMAQAL
Masallı rayon Hüseynhacılı kəndində sakinlərin hiddətinə səbəb olan hadisənin baş verdiyi barədə xəbər yayılıb. Belə ki, kənd sakinləri bələdiyyə sədri olan Rafiq Ağayevdən şikayətçi olublar. Onların sözlərinə görə, mayın 20-də axşam namazından sonra bələdiyyə sədri Rafiq Ağayev sərxoş vəziyyətdə yanında yüngül əxlaqlı bir qadınla kəndin məscidində əylənib.

Məsələ ilə bağlı Masallı rayon İcra Hakimiyyətinin nümayəndəsi Əlimərdan Abdullayev Modern.az-a açıqlamasında bələdiyyə sədri Rafiq Ağayevi müdafiə edib. O bildirib ki, sakinlərin ittihamı yalandır və bu, Rafiq Ağayevə atılan böhtandır. Qeyd edib ki, böhtana səbəb kənd sakinlərindən birinin torpaq problemidir:

“Rafiq Ağayevlə bağlı baş verənlər böhtandan başqa bir şey deyil. Kəndin bir ağsaqqal kişisi torpaq üstündə onu bu cür şantaj edir. Bilirsiniz ki, bələdiyyə sədri torpaqları ölçür və yoxlayır. Bu da həmin adama sərf etmir. O adam torpağı qanunsuz zəbt edib, ferma tikib, işıqpulu ödəmir. Ona görə də Rafiq Ağayevi bu cür yalanlarla şantaj edir. Qardaşı uşaqlarını, nəvələrini yığıb yalan məlumatlar yayır. Masallı rayonunun icra başçısı, polis rəisi, həmin adam da dünən Hüseynhacılı kəndində idi. Polis həmin adama xəbərdarlıq edib ki, bələdiyyə sədrini bu cür məsələ ilə şantaj etmək düzgün deyil”.

Ə.Abdullayevin sözlərinə görə, bələdiyyə sədri Rafiq Ağayev artıq ona böhtan atılması faktı ilə bağlı prokrorluğa rəsmi müraciət edib:

“Rafiq Ağayev hardasa 42-43 yaşlarında bir adamdır. Ailəlidir, iki qızı, bir oğlu var. Kənd sakinləri yalan deyir. Rafiq Ağayev özü də məktubla prokrorluğa müraciət edib ki, məsələ araşdırılsın. Hazırda bu məsələ araşdırılır və kim buna səbəb olubsa, cəzası da veriləcək.
Böhtan atan şəxs ağsaqqal kişidir, 80 yaşı var, amma məscidin adından istifadə edib günahsız bir insan haqqında böhtan danışır. Yazanlar gör nə qədər ağılsızdır ki, bələdiyyə sədri Rafiq Ağayevi “Rafiq Əliyev” kimi qeyd ediblər. Məsələni araşdırmaq üçün ayın 21-də 6 nəfərdən ibarət heyətlə Hüseynhacılı kəndinə getdik. 20 nəfərə yaxın adamı məscidə yığdıq. Bunların dörd-beşi ağsaqqal idi, qalanları da 20-21 yaşlı cavanlar. Hamısı da o kişinin adamlarıdır.
Böhtan atan o şəxs deyir ki, Rafiq sərxoş vəziyyətdə məsciddə qadınla uzanıb. Adama deyərlər sən də Rafiqlə bir yerdə idin?!”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.