Türk dünyasının nəhəngi Məhəmməd Əli Kazımbəyin doğum günüdür

22-07-2017, 00:46           
Türk dünyasının nəhəngi Məhəmməd Əli Kazımbəyin doğum günüdür
Sabah əsl adı Məhəmməd Əli Kazımbəy olmuş Azərbaycan əsilli rus şərqşünası, tarixçı, türkşünas və filoloqu. Mladorossi hərəkatının banisi Aleksandr Kazımbəyin babası. Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü,Mirzə Kazım bəyin doğum günüdür
Bizim ictimai rəydə onun haqqında yanlış bir rəy var: Guya Rusiyada qəbul olunmaq, karyera qazanmaq üçün o xristian dinini qəbul edib.
Bu, əlbəttə, səhv idi. Birincisi, o, 21 yaşında xristian dini qəbul etmiş, müəllimliyə isə 26 yaşında başlamışdı.
Üstəlik, o, rusların mənsub olduğu pravoslav təriqətini yox, katolikliyi seçmişdi. Bu təriqət isə onun Rusiyada yüksəlişi yolunda əngəldən başqa bir şey deyildi. Çünki Sinod çarizminin ən ciddi ideoloji dayağı idi.
Çarizm ondan şübhələnirdi, buna görə də ancaq ömrünün sonlarda o paytaxt Peterburqda dərs deməyə icazə ala bilmişdi.
Mirzə Kazım bəy Dərbənddə doğulmuşdu, lakin onun 18 yaşı olanda nüfuzlu din xadimi olan atası Hacı Qasım “İran casusu” ittihamı ilə Həştərxana sürgünə göndərildi. Oğul da atanın ardınca getdi.
Bu zaman Mirzə Kazım bəy ərəb və fars dillərini gözəl bilirdi, islam dininin kanonik mətnlərinə, eləcə də şərq poeziyasına dərindən bələd idi.
Həştərxanda isə şotland missionerlə tanış oldu, onlara şərq dilləri öyrədəcəkdi.
Amma özü onlardan ingilis dilini öyrəndi, üstəlik də xristian oldu.
Atası oğlunun bu qərarıyla ömrünün sonuna qədər barışmayacaq, amma onunla olan əlaqələrini də kəsməyəcəkdi.
Hökumətə məktub yazıb iş yeri istədi. Onu Omskda tatar dili müəllimi təyin etdilər.
Lakin yolda ağır xəstələndi, təsadüfən Kazan universitetinin rektoru olan Fuksun arvadı ilə səyahət etdiyinə görə Fuksun xahişi ilə Kazan universitetində müəllim işləməyə başladı.
O zaman rusca bilmirdi, sürətlə rusca öyrəndi. Bildiyi dillərin sayı beş idi: ərəb, fars, türk, ingilis, rus.
Sonralar fransız və alman dillərini də bu dillərdə əsər yazacaq səviyyədə öyrənəcəkdi.
Kazanda böyük bir alimə çevriləcək, yazdığı əsərlər Avropa ölkələrində də çap ediləcəkdi.
Şərqli idi, amma katolikliyi qəbul etmişdi, bununla belə ömrü boyu Şərqi araşdıracaq və Rusiyada şərqşünaslıq elminin yaradıcısı olacaqdı.
Böyük rus yazıçısı Lev Tolstoyun müəllimlik edəcək, Tolstoya ərəb və türk dillərini öyrədəcəkdi.
Qeyri-evklid həndəsəsinin banisi olan Lobaçevski ilə çox yaxın olacaq, ona hər zaman dəstək duracaq, son qəpiyini də onunla böləcəkdi.
Puşkini, məşhur alman alimi Aleksandr Humboldtu öz savadı ilə heyrətləndirəcəkdi.
Şeyx Şamillə şəxsən görüşəcəkdi, "Müridizm və Şamil" adlı kitab yazacaqdı.
Bu görüşlər ərzində Şamil ona dinini dəyişməsi haqda heç bir sual verməmişdi.
Məşhur “Sovremennik”ə məqalələr yazacaq, Çernışevski, Nekrasov kimi şəxsləri ürəkdən dəstəkləyəcəkdi.
Həbs edilən tələbələrini zaminə götürmək üçün bütün pullarını xərcləyəcəkdi.
Anasını erkən itirmişdi, sevgilisi Gülnarı Dərbənddə qoyub gəldi, həyat yoldaşını da erkən itirdi, bir oğlu qaldı, bir də qızı.
Oğlunun adı Aleksandr idi, qızının adı Olqa.
Bir az da yazdığı əsərlər haqqında danışaq.
Türk dilində yazdığı "Əssəb əs-Səyyar" (Yeddi planet) əsəri Krım xanlığının 1466-1737-ci illər aralığında tarixi haqqındadır. 1841-ci ildə qələmə aldığı "Uyğurlar" əsərində isə qədim uyğurların tarixindən bəhs edir. Məhəmməd Əvabinin "Dərbəndnamə" əsərini ingilis dilinə tərcümə edir və 1856-cı ildə nəşr etdirir. Ən böyük tarixi əsəri isə 1865-ci ildə nəşr olunmuş "Bab və Babilər: 1848-52-ci illər İranda Dini və Siyasi Təlatümlər" əsəridir.
Digər əsərləri isə başlıca olaraq İslam tədqiqatları mövzusunda olub: "Qurani-Kərimdə ahənglik" (1859), "Müridizm və Şamil" (1859), "İslam tarixi" (1860). "Türk-tatar dillərinin qrammatikası" adlı fundamental elmi monoqrafiya yazıb. Bu əsər Avropa universitetlərində də dərslik kimi keçirilir. Bundan başqa, bir çox şərq şairini rus dilinə tərcümə də edib.
Sağlığında dünyan ən böyük şərqşünaslarından biri kimi qəbul edilirdi.
Böyük Britaniya Kral Asiya Cəmiyyətinin, Kopenhagen Kral Şimal Antikvar Cəmiyyətinin, Fransada Asiya Cəmiyyətinin, Amerika Elmlər Akademiyasının, Almaniya Şərqşünaslıq Cəmiyyətinin və Rusiya Elmlər Akademiyasının üzvü seçilmişdi.
Qan Turalı .












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.