Ermənilər Azərbaycanı müdafiə edən rus tarixçinin üzərinə hücuma keçdilər

8-08-2017, 09:56           
Ermənilər Azərbaycanı müdafiə edən rus tarixçinin üzərinə hücuma keçdilər
Musa Qasımlı: “Oleqə qarşı hücumlar digər tarixçilərə də “dərs vermək” üçündür”

Sabir Rüstəmxanlı: “Azərbaycan Oleq Kuznetsovu müdafiə etməlidir”

Rusiyada erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran çoxlu sayda elmi araşdırmanın müəllifi, tarixçi-alim Oleq Kuznetsov ermənilərin ona qarşı qaldırdığı iddia əsasında İstintaq Komitəsində dindirilib. Ermənilərin O. Kuznetsovla bağlı İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin qəbulunda olduğu məlum olub.

Dindirildikdən sonra APA-nın Moskva müxbirinə açıqlama verən tarixçi ermənilərin onun monoqrafiyası ilə bağlı şikayət ərizəsi ilə tanış olduğunu deyib: “İyulun 10-da bir qrup erməni Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin qəbulunda olub. Həmin şəxslər İstintaq Komitəsinin sədrinə mənim ”XX yüzillikdə transmilli erməni terrorunun tarixi" adlı monoqrafiyamda milli zəmində nifrətə təhrikin olmaması və bunun cinayət tərkibinin mövcudluğu ilə bağlı şikayət ediblər. Ermənilər Bastrıkinin qəbulunda olan zaman heç bir şikayət ərizəsi yazmayıblar. Bu, şifahi müraciət olub. Lakin istintaq orqanı rəhbərinə şifahi müraciət elə şikayət ərizəsinə bərabərdir. Ayda bir dəfə İstintaq Komitəsinin rəhbəri vətəndaşları qəbul edir. Ermənilər də hansısa yolla bu qəbula düşüblər. Aleksandr Bastrıkin ermənilərin şikayətini İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəisinə yönəldib, şikayətə baxılması üçün tapşırıq verib".

O.Kuznetsov bildirib ki, müstəntiq onun barəsində cinayət işinin açılmasından imtina edilməsi haqqında qərar hazırlayacağını söyləyib: “Müstəntiq bildirdi ki, monoqrafiyanı ekspertizaya verməlidir. Onu da qeyd etdi ki, rəhbərliyin onun prosesual qərarını ləğv etməsi mümkündür. Buna görə, hesab edirəm ki, bu proses hələ uzun çəkəcək. Yekun nöqtəni qoymaq hələ tezdir”.

Rusiyalı tarixçi ermənilərin monoqrafiya barəsində şikayət ərizəsi verməsinin qanuna zidd olduğunu da bildirib: “Bu, məhkəmə praktikasına da uyğun deyil. Bu barədə müstəntiq özü də mənə dedi. Yaxın vaxtlarda mənimlə yenidən əlaqə saxlanılacağını söylədi. Gözləyək, görək necə olur”.

Qeyd edək ki, rusiyalı tarixçinin müəllifi olduğu “XX yüzillikdə transmilli erm?ni terrorunun tarixi” kitabı SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin xidməti materialları, erməni terrorçularının Azərbaycan və Rusiya ərazisində törətdikləri cinayətlərə dair cinayət işləri əsasında yazılıb. Bundan əlavə, O.Kuznetsov daim Azərbaycanın maraqlarını qoruyan, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında iştirak edən tarixçi alim kimi tanınır. Bu səbəbdən o, ermənilər tərəfindən dəfələrlə hədələrə, təzyiqlərə məruz qalıb. Məhz onun sayəsində Xocalı soyqırımının tanınması məqsədilə petisiya hazırlanaraq Rusiya Dövlət Dumasına göndərilib və özü də imzatoplama kampaniyasında iştirak edib. Bu amillərin erməniləri qıcıqlandırdığı və rusiyalı tarixçini onların hədəfi etdiyi göz önündədir.

Azərbaycan tərəfin məsələyə biganə qalmamasının və onu müdafiə etməsinin vacibliyi barədə fikirlər durmadan çoxalır. Xüsusilə, O. Kuznetsovun azərbaycanlı tarixçi həmkarlarının onu müdafiə etmələrinin önəmi daha çox önə çəkilir.

Rusiyalı tarixçinin dostu, tarixçi alim, deputat Musa Qasımlı O.Kuznetsovun dəyərli bir alim olduğunu söylədi: “Onun araşdırmaları tarixi mənbələr əsasında aparılır, yaradılan tarixə sadiq qalır. Onun Azərbaycan tarixi ilə bağlı yazdıqları reallıqları əks etdirir. Ona qarşı erməni lobbisi və diasporasının hücumu təsadüfi deyil. Hər şeydən əvvəl Oleqə qarşı bu kampaniya ona görə aparılır ki, o kifayət qədər nüfuzlu tarixçidir, əsərləri oxunur, ona istinad edilir. Oleqə qarşı hücumlar digər tarixçilərə də ”dərs vermək" üçündür. Erməni lobbisi və diasporası bununla demək istəyir ki, hansı tarixçi Xocalıda törədilən soyqırımdan, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən yazacaqsa, onu belə əzablı günlər gözləyə bilər. Amma hesab edirəm ki, erməni lobbisi və diasporasının bu cəhdləri iflasa uğrayacaq. Rusiyanın maraqları cılız erməni mənfəətlərindən qat-qat yüksəkdə durur. Mən şəxsən Oleqi tanıyıram. Hesab edirəm ki, bizim hər birimiz onun yanındayıq. Oleqin yanında olmaq tarixi ədalətin, obyektivliyin yanında olmaq deməkdir. Onu müdafiə etməyin yollarından biri Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporası, cəmiyyət və təşkilatları olar. Hesab edirəm ki, onlar Oleqin müdafiəsi ilə bağlı müəyyən işlər görə bilərlər. Kütləvi İnformasiya Vasitələrində də öz fəaliyyətlərini söylədə bilərlər".

VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı belə bir hadisənin yaxınlarda Özbəkistanda da baş verdiyini bildirdi: “Vaxtı ilə ermənilər birinci dünya savaşından sonra Xəzərin üstündən Özbəkistana gedərək, orada soyqırım törədiblər. Bunları araşdıran özbək tarixçisinin üzərinə ermənilərin hücumu yaxınlarda baş verdi. İttihamları o idi ki, millətlərarası ədavəti guya həmin tarixçi qızışdırır. Halbuki o tarixi yazmışdı. Ermənilər ciddi cəhdlə həmin tarixi ört-basdır etmək istəyirlər. Bu hadisələri mən çoxdan yazmışam, ermənilərin Özbəkistan və Cənubi Azərbaycanda törətdikləri soyqırımı. Təəssüflər olsun ki, o vaxt nə İran, nə də Özbəkistan buna reaksiya vermədi. Amma zaman keçdikcə həqiqətlər ortaya çıxır. Bizə xaricdən həqiqəti deyən lazımdır. Təəssüflər olsun ki, belə alimlər o qədər də çox deyil. Həqiqətləri deyənlər də təzyiqlərə məruz qalırlar və sonradan ehtiyatlanırlar. Ermənilərin əslində bu siyasətidir. Sovetlər dönəmində də belə idi. Həqiqətləri deyənlərin ermənilər gözlərini qorxudur, nəticədə həqiqətləri ört-basdır etməyə cəhd göstərirdilər. Bu siyasət indiyə qədər də davam edir. Azərbaycan Oleq Kuznetsovu müdafiə etməlidir. Bununla bağlı Rusiya hökumətinə müraciət oluna bilər ki, bu mənəvi terrorun qarşısı alınsın. Rusiyalı alimlər, sənət adamları dəstə-dəstə Dağlıq Qarabağa gedəndə onlara nəsə demək imkanımız yoxdur. Hətta bizdən bəziləri onları ölkəmizə dəvət edib, burada konsertlərini, tədbirlərini təşkil edirlər. Amma heç olmasa Oleq Kuznetsov kimi bizi müdafiə edənləri müdafiə etmək imkanlarımız olmalıdır. Rusiyanın özündə azərbaycanlılar kifayət qədər var. Sadəcə təşkil etmək lazımdır ki, məhkəmələrdə onlar da öz sözlərini desinlər. Əlimiz çatmasa da, oradakı azərbaycanlılar bu cür şəxsləri qorumağa çalışmalıdırlar. Həqiqətləri deyən şəxslər belə təzyiqlər altında sınmırlar. Amma istənilən halda onlar müdafiə olunmalıdır”.

Cavanşir ABBASLI
Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.