Şimali Koreya ordusu ABŞ-ı təhdid etdi: ““Vur” əmri gözləyirik!” - Niyə məhz Guam?
10-08-2017, 10:43
“Guam adasını vurmaq üçün Baş Komandanımızdan əmr gözləyirik”.
Ovqat.com xəbər verir ki, Şimali Koreyanın Müdafiə Nazirliyi bu bəyanatı yayıb.
Bəyanatda Guama qarşı 4 ədəd ortamənzilli raketlərdən istifadə edə biləcəklərini açıqlayan Müdafiə Nazirliyi gözlənilən hücumun zamanını da gizlətməyib: “avqustun ortaları”.
ABŞ-ı açıq şəkildə təhdid edən bəyanatda Pxenyanın Vaşinqtondan çəkinmədiyi vurğulanır və Ağ ev rəhbərliyinin Şimali Koreyanı hədəfə alan fikirləri “bir ovuc axmaqlıqdan ibarət söz yığını” kimi qiymətləndirilir, ABŞ-a layiqli dərsi vermək üçün Şimali Koreya ordusunun yalnız bir şeyə ehtiyacı olduğu qeyd olunur – ölkə başçısı Kim Jong-unun “vur” əmrinə.
Xatırladaq ki, bundan əvvəl Şimali Koreyanın rəsmi informasiya agentliyi KCNA da Pxenyanın Guam adasına hücum hazırlığında olduğu barədə xəbər yaymış, hətta atılacaq raketin adını belə, açıqlamışdı: Hwasong-12 ortamənzilli balistik raket. İki ölkə arasında son gərginlik də məhz bu açıqlamadan sonra kulminasiya nöqtəsinə yüksəlmişdi. Pxenyana ilk cavab ABŞ-a bağlı Guam konqresinin üzvü Madeleine Z. Bordallodan gəlmişdi. Konqresmen təhdidlə bağlı açıqlamasında ada sakinlərini qorxmağa çağırmış, Pentaqondan aldığı bilgilərə görə, adanın gözlənilən bütün hücumlardan etibarlı mühafizə edildiyini açıqlamışdı. Daha sonra ABŞ prezidenti Donald Tramp da Şimali Koreya təhdidinə cavab vermişdi. Prezident rəsmi Pxenyana ABŞ-ı təhdid etməyi bir kənara buraxmağı məsləhət görmüş, əks halda, Vaşinqtonun indiyədək insanlıq tarixində görülməyən “qəzəb və öfkəsilə” qarşı-qarşıya qala biləcəyini söyləmişdi.
Maraqlıdır ki, ABŞ siyasi iradəsi, Prezident səviyyəsində verilmiş bu mesajı yetərli görməmiş və ölkənin Müdafiə naziri Cim Mattis kameralar qarşısına çıxaraq, Pxenyana öz mesajını unvanlamışdı: “Şimali Koreya nüvə silahı axtarışlarını dayandırmalı, rejimini və insanlarını məhv aparacaq davranışları təsəvvür etməkdən vaz keçməlidir." Görünür, Pxenyandan gələn son mesajın Şimali Koreya Müdafiə Nazirliyi tərəfindən verilməsi də Pentaqon rəhbərinin bu açıqlamasına cavabdır.
Sual oluna bilər: Şimali Koreya niyə birdən-birə ABŞ-ı təhdid edir və ünvan olaraq Guam adasını göstərir?
Əslində Şimali Koreya ilə ABŞ arasında gərginlik yeni ortaya çıxmayıb. Ötən əsrin ortalarından indiyə qədər Vaşinqton-Pxenyan xəttində ciddi gərginliklər müşahidə olunur. Xüsuslə son zamanlar bu gərginliyin get-gedə artdığı da heç kimə sirr deyil. Şimali Koreya tərəfindən başladılan son gərginliyin səbəbi isə ABŞ mediasında dərc olunan bir məqalədir. Belə ki, “Washington Post” qəzetinin bir müddət əvvəl ABŞ xüsusi kəşfiyyat orqanlarına istinadən yaydığı məlumata görə, Şimali Koreya öz raketlərinə yerləşdirə biləcəyi qədər kiçik nüvə başlıqları istehsal etməyi bacarıb. Yazıda iddia edilir ki, bu, Pxenyanın ABŞ-ı təxmin ediləndən daha erkən vurmaq potensialına qovuşması deməkdir.
Bu xəbərdən dərhal sonra BMT TŞ Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyaları artırmış, Pxenyan isə həmin qərarı qınamışdı. Və Vaşinqtonla-Pxenyan arasındakı ənənəvi gərginliyin növbəti mərhələsi bundan sonra başlamış, Guama hücum hazırlığı ilə bağlı yazı ortaya çıxmışdı.
Sualın “niyə məhz Guam” hissəsinə gəlincə, Pxenyanın həmin adanı hədəf göstərməsi oranı ABŞ-ın ən zəif və həssas nöqtəsi olaraq görməyindən qaynaqlana bilər. Amerika qitəsindən xeyli uzaqda yerləşən bu ada bir çox özəlliklərinə görə, həqiqətən də, Pxenyandan “asan loxma” kimi görünür.
Əvvəla, 540 kvadrat km sahəyə sahib olan bu ada kiçik olduğundan orda vurulacaq hədəfi müəyyənləşdirmək də asandır.
Üstəlik, Şimali Koreyaya ən yaxın ABŞ torpağı da məhz Guam adasıdır. Şimali Koreyadan bu adaya qədər məsafə cəmi 3500 kilometrdir ki, həmin məsafəni ortamənzilli raketlərlə də vurmaq olar. ABŞ-ın digər bölgələrini vurmaq üçün isə uzunmənzilli raketlərə ehtiyac var və Şimali Koreya bu tipli silahları yeni-yeni sınaqdan çıxarmağa başlayıb. Bir çox sınaqlar isə uğurlu alınmayıb. Amma ortamənzilli hədəfləri vurmaqda onun heç bir problemi yoxdur.
İkincisi, Azərbaycandan, hardasa, 20 dəfə balaca olmasına baxmayaraq, Guam ABŞ-ın Sakit okeandakı əsas hərbi bazalarından biri kimi tanınır. Hazırda adada ABŞ-ın iki hərbi bazası yerləşir - Andersen Hava ve Dəniz Qüvvələri. 6 min əsgər və hərbi qulluqçunun xidmət etdiyi həmin iki baza adanın, təxminən, 3/1-ni əhatə edir. Yəni adaya atılacaq hər hansı raketin həmin bazalara düşmək şansı xeyli yüksəkdir.
Guamın bu qədər mühüm hissəsində yerləşən ABŞ hərbi bazalarının silah-sursatı isə təkcə təyyarə və gəmilərdən ibarət deyil. Məlumata görə, bu bazalarda ABŞ-ın xeyli sayda nüvə silahları da saxlanılır. Atılacağı gözlənilən raketlərin strateji silah anbarlarında yaradacağı təxribat ordakı nüvə silahlarını da partlada bilər. Bu ehtimal isə Sakit okean sahillərində yerləşən bir çox ölkələr, xüsusilə, adaya ən yaxın yer kimi bilinən Avstraliya və Mariana adaları üçün ciddi təhdid deməkdir.
Üçüncüsü, Şimali Koreyaya ABŞ təhdidi əsasən bu adada yerləşən hərbi bazalardan gəlir. Bir müddət əvvəl Andersen bazasından havalanan iki “B-1B Lancer” bombardıman təyyarələrinin Koreya yarımadasında güc nümayişi göstərməsi də bu iddianı təsdiqləyir. Bilindiyi kimi, B tipli bombardıman təyyarələri, əsasən, nüvə bombaları daşımaq üçün istehsal olunub. Təsadüfi deyil ki, Pentaqonun həmin təyyarələrlə Koreya yarımadasında keçirdiyi hərbi təlimlər bir çox mütəxəssislər tərəfindən Pxenyana nüvə təhdidi mesajı kimi qiymətləndirilmişdi. Təhdid obyektinin hədəf kimi seçməsi bu baxımdan da anlaşılmaz deyil.