Vurğun Əyyub keçmiş naziri də, Məleykə Abbaszadəni də “topa tutdu” - “Yaxasından yapışıb soruşun ki...”

25-08-2017, 08:19           
Vurğun Əyyub keçmiş naziri də, Məleykə Abbaszadəni də “topa tutdu” - “Yaxasından yapışıb soruşun ki...”
Test üsulunun yenisi ilə əvə ediləcəyinə dair Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin çıxışı birmənalı qarşılanmayıb.

Bir müddət öncə adı dəyişdirilən TQDK-nın (Dövlət İmtahan Mərkəzi) keçmiş sədri olan Vurğun Əyyub test üsulu haqda söylənilən bəzi fikirlərlə razı olmadığını bildirib.

“Test sistemi bilik vermək vasitəsidir? Test sistemi sadəcə olaraq, biliyin yoxlanılmasıdır. Şagird orta məktəbdə imtahan verir, qiymət alır. O zaman orta məktəb nə üçündür? Bu imtahanlar nəyə görədir? Müəllimlər 11 il ərzində niyə şagirdlərin şifahi və yazılı nitqinin inkişafı ilə məşğul olmurlar? Hər şeyi test imtahanın üzərinə yükləməməliyik”, - deyə Cebhe.info-ya açıqlamasında o bildirib.

V.Əyyub keçmiş nazir Firudin Cəlilovun test üsulu haqda söylədiyi fikirlərə də münasibət bildirib. Xatırladaq ki, F. Cəlilov testin ləğvilə bağlı xəbərlərə “Yeni islahat necə olacaq, hansı mexanizm yaradılacaq, hələlik bu nüasnlar bəlli deyil. Lakin bu faktdır ki, Məleykə Abbaszadə artıq illərdir ki, bu sahədə püxtələşib. Testi təhsil sisteminə mən gətirmişəm. Çox zülümlə bu sistemi təhsilə gətirə bildik. Bizə qarşı çıxanlar da oldu. Test üsulunu yaratmaqda məqsədimiz ədaləti bərpa etmək idi. Çünki qeyri-bərabərlik vardı. Testin müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri də vardı. Test üsulunu təhsil sisteminə gətirəndə də hər şeyi ölçüb-biçmişdik, bunu bilirdik. Testin çatışmazlığı ondan ibarət idi ki, abituriyentlər yalnız onlara lazım olan fənnləri əzbərləyir, danışıq və yazı qabiliyyətləri inkişaf etmir. Öncələr şifahi və yazılı imtahan olurdu, şagirdlərin yazılı və şifahi nitqi püxtələşirdi. O vaxt nəzərdə tutmuşduq ki, 4-5 il ərzində test üsulu özünü doğrultduqdan sonra hər kəs biləcək ki, kim oxumaq istəyir. Kim oxumaq istəyirsə, o, gedib oxusun. Oxumaq istəməyən özünə ayrı peşə-sənət seçsin. Xalqa bu düşüncəni yeritdikdən sonra artıq qəbul imtahanına belə ehtiyac qalmayacaq. Amma oxumaq çətin olmalıdır. Bir fakültəyə 100 adam girirsə, 50-i oranı bitirə bilər. Bu normaldır, xaricdə də belədir. Düşünürəm ki, yeni addımın islahata faydası olar, nəinki ziyanı”,- deyə reaksiya verib.

V. Əyyub isə bildirir ki, F.Cəlilov bu sistemdən ümumiyyətlə xəbərsiz olub: “Jurnalistlər hamıya ekspert deyir. Firudin Cəlilovun bu sistemdən ümumiyyətlə, xəbəri yoxdur. Çox mücərrəd şeylər danışır. Heç vaxt da obyektiv fikir söyləyə bilməyib”.

Vurğun Əyyub Məleykə Abbaszadənin son açıqlamasının aydın xarakter daşımadığını bildirərək, bu üsulun ləğvinə inanmadığını söyləyib: “Sadəcə olaraq, ali məktəblərə qəbul imtahanına müəyyən dəyişikliklər edilə bilər”.

Maraqlıdır, test üsulu ləğv olunarsa, təhsil sistemində nə baş verəcək: “Bəlkə, bundan da yaxşı bir üsul təklif olunacaq. Jurnalistlərin tamamilə haqqı çatır ki, DİM rəhbərliyinin yaxasından yapışaraq soruşsunlar ki, nə yeniliklər etmək istəyirlər. Çünki bu, dövlətin mülkiyyəti deyil, hər bir ailə və vətəndaşın maraqlarına toxunan məsələdir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.