"Məhkəmələr Norveçdə necədirsə, Azərbaycanda da elədir” - Avropa Şurası
1-11-2017, 19:32
Avropa Şurasının (AŞ) “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatı Azərbaycanda məhkəmə-hüquq sistemi sahəsində aparılan islahatlara verilən ən yüksək tarixi qiymətdir.
Bununla da Azərbaycanın adı Avropanın məhkəmə tarixinə qabaqcıl təcrübəyə malik ölkə kimi düşüb.
Virtualaz.org xatırladır ki, “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsi AŞ tərəfindən 2005-ci ildən keçirilir və həmin müsabiqə çərçivəsində ədliyyə və məhkəmə sisteminin fəaliyyəti ilə bağlı Avropa Şurasının 47 üzv dövləti sırasından ən qabaqcıl və səmərəli təcrübələr seçilərək mükafatlandırılır. Müsabiqə iki ildən bir keçirilir və AŞ-nin rəsmi saytından alınmış məlumata əsasən, cari il 37 layihə üzv dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən müsabiqəyə təqdim olunub.
“Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsi üzrə qalib dövlətlər bu il oktyabrın 27-də, Avropa Ədliyyə Gününün qeyd olunması ərəfəsində elan olunub, ədliyyə və məhkəmə sistemi sahəsində uğur qazanmış Avropanın 4 ən qabaqcıl layihəsi AŞ tərəfindən mükafatlandırılıb. AŞ Münsiflər Heyətinin Paris şəhərində keçirilmiş iclasının qərarına əsasən, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının təqdim etdiyi “Məhkəmənin Nəbzi - İdarəetmədə İnqilab” adlı layihə qalib gəlmiş 4 layihə sırasına daxil edilib (digər üç layihə Norveç, Bolqarıstan və İtaliyaya aiddir). Azərbaycanın təqdim etdiyi layihə məhkəmə sistemində elektron idarəetmənin tətbiqi baxımından ən mütərəqqi layihə kimi qiymətləndirilərək mükafata layiq görülüb.
AŞ-nin Münsiflər Heyətinin tərkibi hər müsabiqə üçün fərqli seçilir. Hazırkı Münsiflər Heyəti İtaliya, Hollandiya, Yunanıstan, Xorvatiya, Norveç və İsveçrənin Ədliyyə nazirliklərinin rəhbər işçiləri və məhkəmə sədrlərindən ibarət olub (hazırkı tərkibdə AŞ Avropa Hakimlərinin Məşvərətçi Şurasının prezidenti də təmsil olunub).
AŞ-nin Münsiflər Heyətinin sədri Cakomo Oberto (sağda); Ədliyyə nazirinin müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Azər Cəfərov (ortada);“Elektron məhkəmə” sisteminin yaradılması üzrə İşçi qrupunun rəhbəri, Yasamal Rayon Məhkəməsinin hakimi Ramin Qurbanov (solda)
Ümumiyyətlə, Azərbaycanın qalib gəldiyi “Məhkəmənin Nəbzi - İdarəetmədə İnqilab” layihəsi “BestComp qrup” şirkəti tərəfindən yaradılan “AZEMİS” elektron məhkəmə informasiya sisteminin hesabat moduludur və əsas mahiyyəti məhkəmə sistemində mütərəqqi elektron idarəetmənin tətbiq olunmasından ibarətdir (İntellektual İdarəetmə). Bu sistem toplanan elektron statistik məlumatlar əsasında müxtəlif növ analitik hesabatların elektron hazırlanmasını mümkün edir. Bununla məhkəmə sistemində strateji idarəetmənin və planlaşdırmanın səmərəliliyi əhəmiyyətli dərəcədə artırılır, daha geniş məlumat göstəriciləri üzrə qərar vermək imkanları yaradılır.
Cari il oktyabrın 27-də Şotlandiyanın Edinburq şəhərində parlament binasında keçirilmiş təntənəli mükafatlandırma mərasimində ədliyyə nazirinin müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Azər Cəfərov, “Elektron məhkəmənin” yaradılması üzrə İşçi Qrupunun rəhbəri, Yasamal Rayon Məhkəməsinin hakimi Ramin Qurbanov və digər mütəxəssislərdən ibarət Azərbaycan nümayəndə heyəti iştirak edib. Tədbirə həmçinin, AŞ-nin və Şotlandiyanın məhkəmə sisteminin yüksək vəzifəli şəxsləri qatılıblar, müvafiq mükafat təntənəli surətdə nümayəndə heyətinin rəhbərinə təqdim olunub.
Xatırladaq ki, əvvəlki illərdə qalib gəlmiş ölkələr əsasən Qərbi Avropadan - Avstriya, Fransa, Almaniya, Belçika, Portuqaliya, Finlandiya, Estoniya, İngiltərə və Sloveniya olub.