Adı dələduzluqda hallanan rektor söz verdi

8-08-2015, 15:07           
Adı dələduzluqda hallanan rektor söz verdi
dı dələduzluqda hallandırılan, səhhətindəki ciddi problemlərə görə 4 aydır ki məzuniyyətdə olan Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Akif Süleymanov yenidən işə başlayıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, universitetə yeni prorektorlar təyin edilib.

Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə Gəncədəki universitetin tədris işləri üzrə prorektoru vəzifəsinə Vüqar İsmayılov, elm və texnika üzrə prorektoru vəzifəsinə isə Səbuhi Yusifov təyin edilib.
Universitetdə keçirilən iclasda çıxış edən rektor buradakı problemlərin çoxunun 20-30 ildən qalma olduğunu deyib.

"Son 2 ildə biz universitetdə mövcud potensialla müəyyən islahatlar aparmışıq: təcrübə və karyera, xarici əlaqələr və elmi tədqiqat şöbələrini, informasiya mərkəzini yaratmışıq. İmtahanların götürülməsində kompüter sistemini tətbiq etməklə şəffaflığa zəmin hazırlamışıq. 20-ə yaxın xarici ölkənin 135 elm və ali təhsil müəssisəsi ilə əlaqələr yaradaraq mübadilə proqramlarına qoşulmuşuq. 2 ildə 3 beynəlxalq konfransa ev sahibliyi etmişik. Ancaq, buna baxmayaraq müəyyən nöqsanlar hələ də qalmaqda davam edir. Bütün bu problemləri aşkar etmək və aradan qaldırmaqda rəhbərliyin dəstəyinə ehtiyacımız var. Biz Təhsil Nazirliyinin hərtərəfli dəstəyinə görə təşəkkür edirik. Düşünürük ki, bu dəstək bizə problemlərin həllində daha inamlı addımlar atmağa imkan verəcək. Bundan sonra da əsas inkişaf platformamız Müştəriyə Yönəlmə Proqramı olacaq".

Rektor deyib ki, cəbhə qədər vacib sahə olduğundan buradakı səhv məğlubiyyətə bərabər ola bilər. Bu isə islahatların labüd olduğunu bir daha ortaya qoyur.

Xatırladaq ki, professor Akif Süleymanov 2013-cü il mart ayının 13-də ATU-ya rektor təyin olunub.

Bir müddət əvvəl Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində külli miqdarda korrupsiya halı aşkarlanıb. Məlumata görə, rektor Akif Süleymanov tələbələrin adına saxta təqaüd kartları açıb. Baş verənlərin üstü açılandan sonra rektorun yoxa çıxması haqqında məlumatlar yayılmışdı.

Texnologiya Universitetinin rektor əvəzi Rövşən Rizvan oğlu Əliyev korrupsiya halının olduğunu təsdiqləmiş, ANS PRESS-ə 2015-ci ilin qış aylarında Maliyyə Nazirliyi universitetin maliyyə hesabatlarını yoxlamağa başladığını bildirmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.