Hansı restoranı seçək ki, bayram “burnumuzdan gəlməsin”? - Mətbəxində mikrob oynayan məkanlar

12-12-2017, 22:18           
Hansı restoranı seçək ki, bayram “burnumuzdan gəlməsin”? - Mətbəxində mikrob oynayan məkanlar
Dekabrın 31-nə sayılı günlər qaldığından, Yeni İli şəhərdə qarşılayacaq ailələr proqramı olan restoranlarda yer bron etməyə başlayıb. Lakin bayramqabağı restoran seçərkən hamı həmin məkandakı qidaların yeni olub-olmadığıyla maraqlanır. Çünki son zamanlar restoranlarda müxtəlif salatlardan, ət yeməklərindən, içkilərdən kütləvi zəhərlənmə halları çoxalıb.

Bəs hansı restoranlara güvənmək olmaz və yaxud hansı məkanlarda əminliklə qidalanmaq olar ki, bayram "burnumuzdan gəlməsin”?

Məsələ ilə bağlı BakuPost.az-a açıqlama verən qida üzrə ekspert, Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov bildirib ki, qidalarının təhlükəsizliyi ilə bağlı ən çox narahat olduğu restoran "Oazis”dir. Onun sözlərinə görə, adıçəkilən məkanda tələb təklifi üstələdiyindən xidmət də aşağı səviyyədədir: ""Oazis”də təklif olunan xidmət tələb olunandan qat-qat aşağıdır. Bu səbəbdən də xidmət demək olar ki, çox aşağıdır. Belə qatma-qarışıq restoran biznesində mətbəxə nəzarət etmək mümkünsüzdür. Ona görə də istehlakçılar belə yerlərdə diqqətli olmalıdır. Hüquqlarını bilsinlər. Mətbəx ilə maraqlansınlar. Ondan sonra restoran seçimi etsinlər”.

E. Hüseynov vurğulayıb yoxlamalar zamanı ən gözəgəlimli, müştəri cəhətdən bol olan restoranların mətbəxində belə antisanitariya hallarına rast gəlinib: "ATV-nin yoxlama verilişi çərçivəsində bəzi yerlərdə monitorinq apardıq. Hətta şəhərin mərkəzində yerləşən bəzi restoranların mətbəxi belə həddindən artıq pis gündədir. Şəhərin mərkəzində ən çox müştərisi, zalı gözəl olan restoranın mətbəxində olan antisanitariya ilə bərabər, yeməyin haradasa bişirilib gətirilib dondurulub saxlanıldığı və sonradan qızdırılıb müştəriyə verildiyini də görmüşük. Ona görə də Azərbaycanda ilk dəfə yeni təcrübə tətbiq etmək qərarına gəldik. Belə ki, şəhərin mərkəzi "Tarqovıy” küçəsində olan restoranlardan birində mətbəxə videokamera quraşdırıldı. Zalda oturan istehlakçı mətbəxdə nə baş verdiyini gözləri ilə izləyə bilir. Artıq yeganə restorandır ki, mətbəxində istehlakçıya açıq videokamera ilə fəaliyyət göstərir”.

Qida üzrə ekspert hamını öz hüquqlarını bilməyə və tələb etməyə çağırıb: "İnsanlar o yerdə qidalansın ki, orada şəffaflıq olsun. Ya kamera ilə izləmə yeri olsun və ya gözlə görmək olsun ki, mətbəxdə nə baş verir. İstehlakçı ərinməsin. Müdirdən mətbəxə göz gəzdirmək üçün icazə istəsin. Əgər sizi mətbəxə buraxmırlarsa, xammal barədə məlumat almaq mümkün deyilsə, deməli oradan üz çevirib getmək lazımdır. Zalın bərli-bəzəkli olmasına inanmasınlar”.

Eyyub Hüseynov əlavə edib ki, hansısa restoranda zəhərlənmə faktı ilə qarşılaşsalar, o zaman Azad İstehlakçılar Birliyinə müraciət edərək öz hüquqlarını bərpa edə bilərlər: "Zəhərlənmə faktı ilə bağlı xəstəxanadan həkim rəyi alsınlar və bizə ərizə ilə müraciət etsinlər. Biz təmənnasız olaraq həmin şəxslərin sağlığına dəyən zərəri ödətdirməyə hazırıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.