İlqar Məmmədovun israrı: udan AŞ PA-dakı anti-Azərbaycan qüvvələrdir

13-12-2017, 09:23           
İlqar Məmmədovun israrı: udan AŞ PA-dakı anti-Azərbaycan qüvvələrdir
Fazil Mustafa: “Bu, Avropa Şurasında müəyyən qüvvələrin əlinə oynamaq, onların maraqlarını təmin etməkdir”; Səidə Qocamanlı: “İlqar Məmmədovla bağlı yaranan situasiyada uduzan biz olduq”

Azərbaycan hakimiyyəti ilə həbsdə olan REAL sədri İlqar Məmmədov arasında mövcud problemin həlli son günlər daha da dərinləşib. Artıq dekabrın 5-dən etibarən Avropa Şurası Azərbaycana qarşı prosedura başladıb, proseslər getdikcə xoşagəlməyən məcraya doğru yönəlir. Əslinə qalsa, hökumətin verdiyi mesajlarla İ.Məmmədov məsələsini həll etmək istəyində olduğunu söyləmək mümkündür.

Belə ki, rəsmi Bakıya qarşı başladılan proseduradan sonra prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun REAL sədrinin məhkəməyə müraciət etmək yolu ilə azadlığa çıxmaq şansının olduğunu dilə gətirməsi bunun bariz sübutudur. Lakin İ.Məmmədovun dekabrın 11-də vəkili ilə həbsxanada görüşü zamanı bu hüququndan imtina etməsi yeni problemlərə yol açıb. Doğrudur, vicdan məhbusuna haqq qazandırmaq mümkündür. İki aydan sonra həbsinin 5 ili tamam olan İ.Məmmədov özünü günahsız hesab edir və bəraət əsasında azadlığa çıxmaq istəyir. Məhkəməyə müraciət yolu ilə məhkumluğun üzərindən götürüləcəyinə isə inanmır. Bundan əlavə, 10 aydan sonra ölkəmizdə prezident seçkiləridir və İ.Məmmədov da bir siyasətçi kimi bu seçkilərdə iddiaçı olmaq istəyir. Lakin bəraət almadan bu mümkünsüz görünür. Hakimiyyət tərəfinə gəldikdə isə onu əminliklə söyləmək mümkündür ki, iqtidar Qərbin qarşısında geri çəkilmək görüntüsü vermək istəmir və yaxşı başa düşür ki, İ.Məmmədovun timsalında bəraət alan bir şəxsin təzminat tələb etmək hüququ var.

Məhz qeyd etdiyimiz bu amillər ölkəmiz adına ciddi təhlükələr yaratmaqdadır. Bu situasiyanın yaranmasında maraqlı olan və sonunda buna nail olan Avropa Şurası və digər beynəlxalq institutlarda ölkəmiz əleyhinə fəaliyyət göstərən ermənipərəst qüvvələr artıq bundan yaxşıca yararlanırlar. Nə Azərbaycan hakimiyyətinin, nə də İ.Məmmədovun mövcud durumdan nələrsə qazandıqlarını söyləmək qətiyyən mümkün deyil, əksinə, hər iki tərəf itirir.

AŞ PA-dakı nümayəndə heyətimizin üzvü, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirdi ki, hakimiyyət tərəfindən konkret olaraq İlqar Məmmədova “yol xəritəsi” göndərilib: “Cəzasının 3/2-ni çəkib, müraciət əsasında azadlığa buraxılır. İndi müraciət et, azadlığa çıx və sonra bəraətlə bağlı addımlarını at, yaxud hansısa bir siyasi reabilitasiya ilə bağlı addımlarını davam etdir. Amma buradakı gözləmə məsələsi, açığı, bir sıra müəmmalar ortaya çıxardı. Özünü günahkar saymırsa, müəyyən addımlar ata bilər. Amma bunları azadlığa çıxandan sonra da edə bilər. Bu qədər inadkarlığa səbəb görmürəm. Mənim siyasi fəaliyyətimə qadağa qoyulmasın deyir. Bu qadağa da yoxdur. Hazırda radikal müxalifət qanadında istənilən şəxs, qüvvə fəaliyyətlə məşğuldur və buna nail olan da yoxdur. Bu baxımdan onun tələblərinin daha çox bəhanə tələblərinə oxşayır. ”Yol xəritəsi" verilibsə, buna uyğun addım atıb azadlığa çıxmaq lazımdır. Əgər o, azadlığa çıxmaqdan imtina edirsə, bunu uzadırsa, bu, Avropa Şurasında müəyyən qüvvələrin əlinə oynamaq, onların maraqlarını təmin etməkdir. Ona görə də burada bir məntiq görmürəm. Çıx, bəraət uğrunda mübarizəni apar. Azadlıqda mübarizə aparmağın daha uyğundur, nəinki sonrakı vəziyyət. Burada məhkəmələrə inamsızlıq məsələsi yoxdur. Qoy o məhkəməyə bəraət üçün müraciət etsin, Azərbaycan məhkəməsi bunu təmin etməsin. Nəzərə almaq lazımdır ki, bundan sonra hamısı İlqar Məmmədova haqq qazandıracaq ki, görürsünüz, məhkəmə onun müraciətini təmin etmədi. Əslində bu yenə də onun xeyrinə olar".

Hüquq müdafiəçisi Səidə Qocamanlı iştirak etdikləri beynəlxalq tədbirlərdə İ.Məmmədov məsələsi ilə bağlı ciddi problemlər yaşadıqlarını bildirdi: “İlqar Məmmədovla bağlı yaranan situasiyada uduzan biz olduq. AŞ PA-nın son oktyabr sessiyasında Strasburqda idik. Orada Azərbaycanı sevməyən qüvvələrin nə qədər bu situasiyadan razı qaldıqlarını öz gözlərimizlə gördük. Arada kim uduzur? Vətənimiz, Azərbaycanımız uduzur. Ölkəmizin üzünə gələn hər bir xoşagəlməz söz dövlətimizi sevənləri ağrıtmaya bilməz. Ona görə də bu problemin həllinin bir yolu var. Sadəcə olaraq, qarşıdan iki böyük bayram gəlir, həm Yeni il, həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü. İlqar Məmmədov və onunla birlikdə digər siyasi məhbuslar azad olunsun. Onunla da bu problem qapansın. Bildiyiniz kimi, bir neçə gün əvvəl bir qrup hüquq müdafiəçisi olaraq, ölkə başçısına məktub ünvanladıq. Həmin məktubda öz siyahımızı göndərmişik. İlqar Məmmədovun da adının olduğu o siyahıdakı şəxslərin azadlığa buraxılmasını xahiş etmişik. Bu problem Azərbaycan üçün tamamilə qapanmalıdır. Biz bir daha Strasburqa gedəndə ölkəmiz adına o qınaqları eşitməyək. Hüquq müdafiəçiləri müxtəlif olur, kimlərsə bundan yararlanır ki, bu hazırda göz qarşısındadır. İlqar Məmmədovun məsələsindən yararlananlar da az deyil. Bizlər ölkə daxilində bundan ağrı çəkirik. Bu baxımdan hesab edirəm ki, yeganə yol onların azadlığa buraxılmasıdır”.

Hüquq müdafiəçisi hər iki tərəfin inadkarlığının dövlətçiliyimizə vurduğu zərbələrə də toxundu: “Bəlkə də burada elə maraqlı qüvvələr var ki, vəziyyətin bu şəkildə ciddiləşməsini istəyirlər. Bunları da nəzərə almaq lazımdır. Situasiya elədir ki, hər şey gözümüzün qarşısındadır, hər şeyi görə bilirik. Hər halda, ona əminəm ki, hər şey ölkə başçısının müdrikliyindən asılıdır. Dəfələrlə olub ki, bizim ağlımıza gəlməyən, siyahımızda olmayan, problemli olan insanları prezident özü siyahıya əlavə edib, azadlığa buraxıb. Bu baxımdan hər şeyin onun iradəsinə söykəndiyini düşünürəm. Ümid edirəm ki, bu ayın sonunda bu problem aradan qalxacaq. Baxmayaraq ki, hər iki tərəf dirənib, bu heç bir halda yaxşı bir şey deyil. Doğrudur, hakimiyyət İlqar Məmmədova tərəf bir addım atıb. Novruz Məmmədovun açıqlaması cüzi olsa da, bir işıq yeri qoyur. Hüquq müdafiəçiləri də o insanlardır ki, kiçik bir işartı görən kimi ondan yapışır, ümidlərini itirmir. Bizi artıq sevindirmək lazımdır, çünki biz o sevincə böyük ehtiyac duyuruq. İşimizə verilən qiymətə çox ehtiyacımız var. İşimizin biri də odur ki, ölkədə əmin-amanlıq olsun, ölkəmizin adı yaxşılığa çəkilsin, belə situasiyalar olmasın”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.