Tanış olun, Azərbaycanda belə cərimələr də var – MƏBLƏĞLƏR
1-01-2018, 23:42
Yaşadığımız cəmiyyətdə insanların öz hüquq və vəzifələrini bilməsi, həm özləri, həm də ətraf üçün müsbət bir haldır. Bəzən düşünmədən atdığımız addımlar başqalarının narahatlığına səbəb ola bilər. Həmçinin insanlar və ətraf mühitlə münasibətdə qanunvericiklə tənzimlənən elə hallar var ki, bunların ən azından inzibati xətaya səbəb olacağından xəbərsiz oluruq. FED.az Azərbaycanın İnzibati Xətalar Məcəlləsində əksini tapsa da, demək olar ki, heç vaxt tətbiq edilməyən cərimələri təqdim edir. Onu da qeyd edək ki, qanunu bilməmək bizi məsuliyyətdən azad etmir.
Bəzən gecə gec saatlarda baş verən səs-küy nəticəsində qonşuluqda yaşayan insanlarda narahatlıqlar yarada bilər. Qanunvericiliyə görə, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dəksəs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər 150 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.
Təbii haldır ki, ətrafımızda olan hər kəs eyni düşüncə və dünya görüşünə sahib deyil. Lakin ən azından sadə qaydalara əməl etməli, ümumi istifadəmizdə olan əşya və yaxud digər əmlaklara qarşı davranışda başqa şəxsləri də nəzərə almalıyıq. Yaşayış binalarının, onların avadanlığının və abadlıq obyektlərinin korlanmasına görə fiziki şəxslər 50 manatdan 100 manatadək məbləğdə, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək məbləğdə cərimə edilir. Ümumi istifadə yerlərinin, pilləkən meydançalarının, liftlərin, evlərin girişlərinin, evyanı ərazilərin təmiz saxlanması qaydalarının pozulmasına görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 10 manatdan 20manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar100 manatdan 150 manatadək məbləğdə cərimə edilir.
Yaşayış sahələrində (xüsusilə binalarda) bəzən insanlar tərəfindən əlavələr olunduğunu, yəni binaların əvvəlki formasından yeni formaya salınmasını müşahidə edirik. Bu isə digər sakinlərin rahatlığının pozulmasına səbəb ola bilər. Yaşayış sahələrinin özbaşına yenidən qurulmasına və (və ya) yenidən planlaşdırılmasına, onlardan başqa məqsədlər üçün istifadəyə görə, əgər bu, şəxslərin hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına real təhlükə yaradırsa fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan2500 manatadək məbləğdə cərimə edilir.
Şəhərdə gəzərkən bəzən insanların əllərindəki tullantıları yerə atdıqlarını və yaxud onlarla heç bir əlaqəsi olmayan avadanlıqların cari vəziyyətinə zərər verdiyinin demək olar ki, tez-tez şahidi oluruq. Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisini abadlaşdırma qaydalarını pozmağa və ya şəhərlərdə və digər yaşayış məntəqələrində təmizliyi və səliqəni təminetmə qaydalarına əməl etməməyə görə fiziki şəxslər 30 manatdan 50 manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslər 500 manatdan 800 manatadək məbləğdə cərimə edilir.
Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən , hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə fiziki şəxslər 2200 manat miqdarında, vəzifəli şəxslər 5000 manat miqdarında, hüquqi şəxslər 35000 manat miqdarında cərimə edilir.
Ümumiyyətlə, ətraf mühiti qorumaq hər bir şəxsin Konstitusiya ilə müəyyən olunmuş borcudur. Başqaları tərəfindən narahat edilməmək üçün ən azından başqalarını narahat etməməliyik.