Azərbaycanda dollar pasportla satılacaq - “Exchange”lər açılır - YENİ QAYDALAR
3-01-2018, 11:36
Maliyyə Bazarlarına Nəzarət Palatası “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”nı təsdiq edib.
FED.az xəbər verir ki, qayda “Valyuta tənzimi haqqında” qanuna uyğun olaraq valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması, valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi üçün təşkilati, texniki təchizat və təhlükəsizlik tələblərin, həmin tələblərə dair təsdiqedici sənədlərin siyahısının, valyuta mübadiləsi əməliyyatları üzrə uçotun, hesabatın və sənədləşmənin vahid formalarının, onların təqdim olunması qaydasının və müddətlərinin, valyuta mübadiləsi fəaliyyəti həyata keçiriləcək obyektlərin yerləşəcəyi ərazilərin müəyyən olunması ilə bağlı münasibətləri tənzimləyir.
Qaydaya əsasən, valyuta mübadiləsi məntəqəsində valyuta mübadiləsi fəaliyyətindən başqa digər xidmətlər həyata keçirilə bilməz.
Valyuta mübadiləsi məntəqəsi köşk formasında, ayrıca binada və ya binanın küçəyə çıxışı olan hissəsində təşkil edilir. Binanın daxilinə çıxışı olan valyuta mübadiləsi məntəqələri yalnız mehmanxanalarda, vağzallarda, limanlarda açılır.
Valyuta mübadiləsi məntəqəsi nəzərdə tutulmuş əməliyyatların aparılması üçün ən azı 6 kvadratmetr sahəyə malik olmalıdır. Məntəqədə təhlükəsizlik (video müşahidə kameraları) və Fövqəladə Hallar Nazirliyi tərəfindən müəyyən edilmiş tələblərə müvafiq yanğından mühafizə-xəbərdarlıq qurğuları, habelə telefon-rabitə vasitələri (mikrofon, telefon, internet) quraşdırılmalı, məntəqənin elektron mühafizə sistemləri texniki imkanlar olduğu halda mərkəzləşdirilmiş polis mühafizə pultuna qoşulmalıdır. Video müşahidə kameraları xəzinədarı və müştərini qeydə ala biləcək yerdə quraşdırılmalıdır. Qeydə alınan görüntülər ən azı 3 ay müddətinə saxlanılmalıdır.
Valyuta mübadiləsi məntəqəsində əməliyyat günü başa çatdıqdan sonra kassa qalığının saxlanılmasına valyuta mübadiləsi məntəqəsinin bütün qeyri-iş saatlarında Daxili İşlər Nazirliyinin mühafizə xidməti və ya qanunla özəl mühafizə fəaliyyətinə lisenziya almış şəxslə silahlı mühafizənin təmin edilməsinə dair bağlanmış müqavilənin olması şərtilə icazə verilir.
**********
Maliyyə Bazarlarına Nəzaərət Palatası "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası"nı təsdiqləyib.
Yeni qayda “Valyuta tənzimi haqqında” qanuna uyğun olaraq valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması, valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi üçün təşkilati, texniki təchizat və təhlükəsizlik tələblərin, həmin tələblərə dair təsdiqedici sənədlərin siyahısının, valyuta mübadiləsi əməliyyatları üzrə uçotun, hesabatın və sənədləşmənin vahid formalarının, onların təqdim olunması qaydasının və müddətlərinin, valyuta mübadiləsi fəaliyyəti həyata keçiriləcək obyektlərin yerləşəcəyi ərazilərin müəyyən olunması ilə bağlı münasibətləri tənzimləyir. Qaydalara əsasən, valyuta mübadiləsi məntəqəsində valyuta mübadiləsi fəaliyyətindən başqa digər xidmətlər həyata keçirilə bilməz.
Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən
valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası
1. Ümumi müddəalar
“Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası” (bundan sonra – Qayda) “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 649-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2017-ci il 18 may tarixli 1415 nömrəli Fərmanının 3.1.1-ci yarımbəndinin icrası ilə bağlı hazırlanmışdır və “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması, valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi üçün təşkilati, texniki təchizat və təhlükəsizlik tələblərin, həmin tələblərə dair təsdiqedici sənədlərin siyahısının, valyuta mübadiləsi əməliyyatları üzrə uçotun, hesabatın və sənədləşmənin vahid formalarının, onların təqdim olunması qaydasının və müddətlərinin, valyuta mübadiləsi fəaliyyəti həyata keçiriləcək obyektlərin yerləşəcəyi ərazilərin müəyyən olunması ilə bağlı münasibətləri tənzimləyir.
Valyuta mübadiləsi məntəqəsində valyuta mübadiləsi fəaliyyətindən başqa digər xidmətlər həyata keçirilə bilməz.
2. Əsas anlayışlar
Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
valyuta mübadiləsi məntəqəsi – valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının həyata keçirildiyi yer (obyekt);
valyuta mübadiləsi əməliyyatı – xarici valyutanın nağd qaydada alınması, satılması və dəyişdirilməsi üzrə əməliyyat;
xarici valyutanın nağd qaydada dəyişdirilməsi – xarici dövlətin nağd xarici valyutasının həmin xarici dövlətin digər nominalda nağd xarici valyutasına dəyişdirilməsi;
nağd xarici valyuta – xarici dövlətdə, yaxud dövlətlər qrupunda qanuni ödəniş vasitəsi olan banknot və sikkə formasında pul nişanı;
xəzinədar – valyuta mübadiləsi əməliyyatlarını, habelə bu Qaydalarla nəzərdə tutulan uçotun aparılması və hesabatların hazırlanmasını həyata keçirən şəxs;
əməliyyat günü – gün ərzində valyuta mübadiləsi məntəqəsində müştərilərə xidmət göstərilən iş vaxtı;
əməliyyatların uçotu – aparılan mübadilə əməliyyatlarının müvafiq qaydada rəsmiləşdirilməsi;
mübadilə məzənnəsi - Azərbaycan Respublikasının milli valyutasının xarici valyutaya nisbətən valyuta mübadiləsi məntəqəsi ilə müştəri arasında sövdələşmiş alış və ya satış məzənnəsi;
valyuta əməliyyatlarının uçot proqram təminatı – valyuta mübadiləsi məntəqəsinə xarici valyutanın nağd qaydada alınması, satılması və dəyişdirilməsi üzrə əməliyyatların uçotunu və müvafiq hesabatların çıxarılmasını təmin edəcək xüsusi proqram təminatı.
Bu Qaydada istifadə olunan digər anlayışlar “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.
Təşkilati tələblər
Valyuta mübadiləsi məntəqəsinin iş rejimi valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxs tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra-Palata) ilə razılaşdırmaqla müəyyən olunur. Palata tərəfindən valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsin müraciətinə 5 (beş) iş günü müddətində münasibət bildirilməlidir.
Xəzinədarın üzərində onun soyadı, adı, atasının adı, vəzifəsi və şəkli əks olunmuş tanınma nişanı olmalıdır. Xəzinədar tərəfindən öz səlahiyyətlərinin başqa şəxsə verilməsinə və valyuta mübadiləsi məntəqəsinə kənar şəxslərin daxil olmasına yol verilməməlidir.
4. Texniki təchizat və təhlükəsizlik tələbləri
Valyuta mübadiləsi məntəqəsi köşk formasında, ayrıca binada və ya binanın küçəyə çıxışı olan hissəsində təşkil edilir. Binanın daxilinə çıxışı olan valyuta mübadiləsi məntəqələri yalnız mehmanxanalarda, vağzallarda, limanlarda açılır.
Valyuta mübadiləsi məntəqəsi nəzərdə tutulmuş əməliyyatların aparılması üçün ən azı 6 (altı) kvadrat metr sahəyə malik olmalıdır.
Valyuta mübadiləsi məntəqəsinin konstruksiyası xəzinədarın təhlükəsizliyini və qiymətlilərin mühafizəsini təmin etməlidir.
Valyuta mübadiləsi məntəqəsinin ön divarından vizual müşahidə təmin olmalı, müşahidə pəncərəsi antivandal şüşə ilə əhatə edilməlidir.
Valyuta mübadiləsi məntəqəsində təhlükəsizlik (video müşahidə kameraları) və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən müəyyən edilmiş tələblərə müvafiq yanğından mühafizə-xəbərdarlıq qurğuları, habelə telefon-rabitə vasitələri (mikrofon, telefon, internet) quraşdırılmalı, məntəqənin elektron mühafizə sistemləri texniki imkanlar olduğu halda mərkəzləşdirilmiş polis mühafizə pultuna qoşulmalıdır.
Video müşahidə kameraları xəzinədarı və müştərini qeydə ala biləcək yerdə quraşdırılmalıdır. Qeydə alınan görüntülər ən azı 3 ay müddətinə saxlanılmalıdır.
Valyuta mübadiləsi məntəqəsi hesablama, pulsayan, pulların həqiqiliyini yoxlayan avadanlıqlarla və odadavamlı seyflə təmin edilməlidir.
Valyuta mübadiləsi məntəqəsi aparılan hər bir əməliyyatın qeydə alınması üçün texnoloji vasitələr (kompüter, printer) və müvafiq proqram təminatı, video müşahidənin aparılması üçün texnoloji vasitələr ilə təmin edilməlidir. Valyuta mübadiləsi məntəqəsinin proqram təminatı əməliyyat günü ərzində valyuta mübadiləsi əməliyyatlarının, həmçinin hər bir valyuta üzrə müəyyən olunmuş alış və satış məzənnəsinin uçota alınmasını, kassa işinin aparılmasını və ləğv olunmuş əməliyyatların qeydiyyatını təmin etməlidir.
Valyuta mübadiləsi məntəqəsində əməliyyat günü başa çatdıqdan sonra kassa qalığının saxlanılmasına valyuta mübadiləsi məntəqəsinin bütün qeyri-iş saatlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin mühafizə xidməti və ya qanunla özəl mühafizə fəaliyyətinə lisenziya almış şəxslə silahlı mühafizənin təmin edilməsinə dair bağlanmış müqavilənin olması şərtilə icazə verilir.
Valyuta mübadiləsi məntəqəsi tərəfindən 20 (iyirmi) min manatdan və ya ekvivalentindən 200 (iki yüz) min manata və ya ekvivalentinə qədər pul vəsaitinin daşınması silahlı mühafizə xidmətinin müşayiəti ilə həyata keçirilir. 200 (iki yüz) min manat və ya ekvivalenti və daha artıq pul vəsaitinin təhlükəsiz daşınmasını təmin etmək məqsədilə inkassasiya xidmətindən istifadə edilməlidir.
Valyuta mübadiləsi məntəqəsində müştərilərin görə biləcəyi yerdə asan oxunan və aydın şəkildə aşağıdakı məlumatlar əks olunmalıdır:
xüsusi elektron lövhədə (lövhənin üzərində valyuta mübadiləsi məntəqəsinin adı nəzərə çarpan hərflərlə yazılmalıdır) nağd xarici valyutaların milli valyutaya nisbətən alış və satış məzənnəsi;
valyuta mübadiləsi məntəqəsinin iş vaxtı;
Palata tərəfindən valyuta mübadiləsi məntəqəsinə verilmiş lisenziyanın və ya lisenziyaya əlavənin surəti;
istehlakçıların müraciət və ya şikayət edə bilməsi üçün Palatanın “qaynar xətt”i barədə məlumat .
valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək istəyən şəxs tərəfindən lisenziyanın alınması üçün müraciət zamanı “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-1.2.9-cu maddəsinə uyğun olaraq bu Qaydaya 1 nömrəli əlavədə müəyyən edilən təsdiqedici sənədlər təqdim edilir.
5. Valyuta mübadiləsi əməliyyatlarının aparılması və uçotu
Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatı yalnız nağd qaydada və müştərilərin sifarişi ilə həyata keçirilir.
Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər arasında aparılan valyuta mübadiləsi əməliyyatları istisna olmaqla, onlarla digər hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər arasında sahibkarlıq fəaliyyəti məqsədləri üçün valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsinə yol verilmir.
Valyuta mübadiləsi məntəqələrində aşağıdakı valyuta mübadiləsi əməliyyatları həyata keçirilir:
nağd xarici valyutanın nağd milli valyuta ilə alınması və satılması;
bir xarici dövlətin nağd valyutasının digər xarici dövlətin nağd valyutası ilə alınması və satılması;
xarici valyutanın nağd qaydada dəyişdirilməsi.
Valyuta mübadiləsi məntəqəsində nağd xarici valyutanın bir müştəriyə 500 (beş yüz) ABŞ dollarına ekvivalent məbləğdən artıq satılması, habelə bir müştəridən 10000 (on min) ABŞ dolları ekvivalent məbləğdən artıq alınması şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır.
Əməliyyat günü ərzində xarici valyuta və ya milli valyuta vəsaitləri qurtardığı hallar istisna olmaqla, valyuta mübadiləsi məntəqəsində yalnız alış və ya yalnız satış əməliyyatlarının aparılmasına yol verilmir.
Valyuta mübadiləsi məntəqəsində hər bir əməliyyat onun həyata keçirildiyi anda bu Qaydanın 2 nömrəli Əlavəsində müəyyən edilən formada uçota alınmalıdır .
Uçota alınmış məlumatlar ən azı 3 il müddətinə valyuta mübadiləsi məntəqəsinin müvafiq proqram təminatında saxlanılmalıdır.
Valyuta mübadiləsi əməliyyatları aparıldıqda müştəriyə həmin əməliyyatlar üzrə ciddi hesabat blankı hesab olunan valyuta mübadiləsi qəbzi verilir.
Valyuta mübadiləsi qəbzi iki nüsxədə hazırlanır. Qəbzin bir nüsxəsi müştəriyə verilir, digər nüsxəsi isə valyuta mübadiləsi məntəqəsində saxlanılır.
Valyuta mübadiləsi məntəqəsində aparılan valyuta mübadiləsi əməliyyatları üzrə valyuta mədaxili və məxarici əməliyyat gününün sonunadək bu Qaydanın 3 nömrəli əlavəsində müəyyən olunmuş formada kassa jurnalında qeydiyyata alınmalıdır.
Əməliyyat günü başa çatdıqdan sonra əməliyyatların uçotuna dair məlumatlar əsasında kassanın faktiki qalığı hər bir valyuta növü üzrə yoxlanılır. Uçot məlumatları üzrə qalıqla faktiki kassa qalığı arasında fərq aşkar edildikdə valyuta mübadiləsi məntəqəsinin xəzinədarı kənarlaşmanı müvafiq aktla rəsmiləşdirir və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsə (xəzinədar funksiyası hüquqi şəxsin yeganə iştirakçısı və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən şəxsən həyata keçirildiyi hallar istisna olmaqla) təqdim edilir.
6. Məlumatların təqdim olunmasına dair tələblər
Xəzinədar barəsində məlumatların əks olunduğu bu Qaydanın 4 nömrəli əlavəsində müəyyən olunmuş formada anket Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq, xəzinədarla bağlanan əmək müqaviləsi hüquqi qüvvəyə mindiyi tarixdən üç iş günü ərzində Palataya təqdim edilir.
Valyuta mübadiləsi məntəqəsində əməliyyat günü ərzində uçota alınmış məlumatlar əsasında bu Qaydanın 5 nömrəli və 6 nömrəli əlavələrində göstərilən formada valyuta mübadiləsi əməliyyatlarına dair aylıq hesabat hazırlanır və növbəti ayın yeddisindən gec olmayaraq Palataya təqdim edilir.
Valyuta mübadiləsi məntəqəsinin illik maliyyə hesabatları hesabat ilindən sonrakı ilin ilk üç ayı ərzində Palataya təqdim edilir.
Bu Qaydanın 6.1 - 6.3-cü bəndlərində göstərilən məlumat və hesabatlar möhürlə təsdiq edilmiş kağız daşıyıcıda və ya elektron imza ilə təsdiq edilmiş elektron sənəd formasında təqdim edilir.
7. Yekun müddəalar
7.0 Bu Qaydaya dəyişikliklər Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla edilir.
“Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən
valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”na
Əlavə 1
Təşkilati, texniki təchizat və təhlükəsizlik tələblərinə dair təsdiqedici sənədlərin siyahısı
Xəzinədarın işə qəbul edilməsi barədə əmək müqaviləsi və əmrin sürəti, şəxsiyyəti təsdiq edən sənəd
İş rejiminin müəyyən edilməsinə dair əmrin sürəti
Valyuta mübadilə məntəqəsinin yerləşdiyi obyektin texniki pasportunun surəti
Yanğından mühafizə-xəbərdarlıq qurğularının Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq edən sənədin surəti
Məntəqənin elektron mühafizə sistemləri mərkəzləşdirilmiş polis mühafizə pultuna qoşulmasını və ya bu qoşulmaya texniki imkanların olmadığını təsdiq edən sənədin surəti.
Bu Qaydanın 4.9-cu bəndində göstərilən halda bütün qeyri-iş saatlarında müvafiq mühafizə xidmətindən istifadəni təsdiq edən sənədin surəti.
Bu Qaydanın 4-cü hissəsində tələb olunan digər avadanlıqların valyuta mübadiləsi məntəqəsində mövcud olmasına dair lisenziya sahibinin məktubu