Yanvarın 1-dən qüvvəyə minmiş qanunqanunvericilik aktları - SİYAHI
4-01-2018, 19:33
Ötən ildə müxtəlif sahələr üzrə bir sıra qanunlar, fərmanlar, sərəncamlar və qərarlar qəbul edildi. Həmin aktların əksəriyyəti dərc edildiyi vaxtdan qüvvəyə minsə də, bəziləri ayrı-ayrı vaxtlarda dərc edilməsinə baxmayaraq məhz 2018-ci il yanvarın 1-dən qüvvəyə minmişdir.
2018-ci il yanvarın 1-dən qüvvəyə minən Azərbaycan Respublikasının Qanunları
1. Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının 1 dekabr 2017-ci il tarixli Qanunu
Bu qanuna əsasən, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilmişdir.
2. Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikasının 1 dekabr 2017-ci il tarixli Qanunu
Qanuna əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiq edilmişdir.
3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli Qanunu
Bu Qanunla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə yeni 127-2.3-cü maddə əlavə edilmişdir.Həmin maddədə deyilir (31 oktyabr 2017-ci il tarixli qanunla son redaksiyada): Bir parklanma üçün müəyyən edilmiş 24 saatlıq parklanma müddəti bitdikdən sonra 1 saat ərzində nəqliyyat vasitəsinin istifadəçisinə bu Məcəllənin 125.2.2-ci maddəsinə uyğun olaraq məlumat verilir.
Bu maddə 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.
4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında 01 dekabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu
Bu qanuna əsasən, Məcəllənin 566-cı maddəsinin adında və dispozisiyasında “Şəxsiyyət vəsiqəsinin, pasportun, dənizçinin” sözləri “Dənizçinin” sözü ilə əvəz edilmişdir. Yəni, bununla şəxsiyyət vəsiqəsinin, pasportun itirilməsi və ya qəsdən korlanmasına görə inzibati məsuliyyət (cərimə) aradan qalxmışdır.
5. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 1 dekabr 2017-ci il tarixli Qanunu
Dəyişikliyə əsasən, bu qanunun məsuliyyəti nəzərdə tutan 8-ci maddəsindən “itirilməsində, qəsdən korlanmasında,” sözləri çıxarılmışdır. Bununla da məsuliyyət aradan qalxmışdır.
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 31 oktyabr 2017-ci il tarixli Qanunu
Bu qanunla əsasən məhkəmədə nümayəndə ola bilən şəxslərin dairəsi fiziki şəxsin yaxın qohumları, hüquqi şəxsin səlahiyyətli şəxsləri, işçiləri və ya vəkillərlə məhdudlaşdırılmışdır.
Bununla əlaqədar Məcəlləyə aşağıdakı məzmunda 69.1-1-ci maddə əlavə edilmişdir:
“69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir.”;
69.2-ci maddə aşağıdakı redaksiyada verilmişdir:
“69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir.”;
Habelə, qanunla bu məhdudlaşmadan irəli gələn, nümayəndə sözü çıxarılan, vəkil sözü əlavə edilən bir sıra texniki dəyişikliklər edilmişdir.
Habelə, dəyişikliyinə əsasən, hər hansı fəaliyyət qabiliyyətli şəxsin məhkəmədə nümayəndə ola bilməsini ehtiva edən70-ci maddə ləğv edilmişdir.
Bundan başqa, məcəllədə yuxarı məhkəmə instansiyalarında icraatlara aid bir sıra dəyişikliklər də edilmişdir.
Onların tam mətni ilə https://azertag.az/xeber/1109848 linkindən tanış ola bilərsiniz.
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsihaqqında Azərbaycan Respublikasının 31 oktyabr 2017-ci il Qanunu
Bu qanunla da məhkəmədə (inzibati məhkəmə icraatında) nümayəndə ola bilən şəxslərin dairəsi fiziki şəxsin yaxın qohumları, hüquqi şəxsin səlahiyyətli şəxsləri, işçiləri və ya vəkillərlə məhdudlaşdırılmışdır.
Bu məhdudlaşma ilə əlaqədar olaraq Məcəlləyə aşağıdakı dəyişikliklər edilmişdir:
26.2-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilmişdir:
“Dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, digər hüquqi aktlarla və ya dövlət (bələdiyyə) orqanlarının və ya hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər.”;
Habelə, 31.1-ci maddə aşağıdakı redaksiyada verilmişdir:
“31.1. İnzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər.”
Eyni zamanda, qanunla bu məhdudlaşmadan irəli gələn, nümayəndə sözü çıxarılan, vəkil sözü əlavə edilən bir sıra texniki dəyişikliklər edilmişdir.
8. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 31 may 2017-ci il Qanunu
2018-ci il 1 yanvardan qüvvəyə minən bu Qanunla Əmək Məcəlləsinə aşağıdakı dəyişikliklər edilmişdir:
45-ci maddənin 1-ci hissəsi aşağıdakı redaksiyada verilmişdir:
“1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.”
Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları adlanan 77-ci maddəyə bir sıra dəyişiklik edilmişdir. Belə ki, bu maddənin 1-ci hissəsi aşağıdakı redaksiyada verilmişdir:
“1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:
bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;
bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;
beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;
on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.”.
Həmin maddənin 1.3.2. 3-cü hissə aşağıdakı redaksiyada verilmişdir:
“3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:
bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;
bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;
beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;
on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.”
Həmin maddənin 4-cü hissəsi aşağıdakı redaksiyada verilmişdir:
“4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.”.
9. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 15 dekabr 2017-ci il Qanunu
Bu Qanunla Torpaq Məcəlləsinin 45-ci maddəsinə aşağıdakı məzmunda 4-cü hissə əlavə edilmişdir:
“4. Bu Məcəllənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində işləyən dövlət qulluqçularının) sosial müdafiəsini gücləndirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.
10. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının 1 dekabr 2017-ci il tarixli Qanunu
Qanuna əsasən Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin gəlirləri 20 127 000,0 min manat, xərcləri 21 047 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 19 473 650,0 min manat, yerli gəlirləri 653 350,0 min manat, mərkəzləşdirilmiş xərcləri 20 323 075,0 min manat, yerli xərcləri 723 925,0 min manat) məbləğində təsdiq edilmişdir.
Qanunun tam mətni ilə http://e-qanun.az/framework/37404 linki vasitəsilə tanış ola bilərsiniz.
11. Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında Azərbaycan Respublikasının 1 dekabr 2017-ci il Qanunu
Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsinin gəlirləri 3 578 760 000,0 manat, xərcləri 3 578 760 000,0 manat məbləğində təsdiq edilmişdir.
Qanunun tam mətni ilə http://e-qanun.az/framework/37425 linki vasitəsilə tanış ola bilərsiniz.
12. İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında Azərbaycan Respublikasının 1 dekabr 2017-ci iltarixli Qanunu
Qanuna əsasən, işsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin gəlirləri 89 040 000,0 manat, xərcləri 89 040 000,0 manat məbləğində təsdiq edilmişdir.
Qanunun tam mətni ilə http://e-qanun.az/framework/37453 linki vasitəsilə tanış ola bilərsiniz.
Azərbaycan Respublikasi Prezidentinin Sərəncamları
13. Minimum aylıq əməkhaqqının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 25dekabr 2017-ci il tarixli Sərəncamı
Bu Sərəncamla minimum aylıq əməkhaqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilmişdir.
14. “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 yanvar tarixli 994 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 23 avqust 2017-ci il tarixli Sərəncamı
Bu Sərəncama əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-ci il yanvarın 1-dən keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulmuşlar.
Nazirlər Kabinetinin Qərarları
15. “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli Qərarı.
Yeni dərəcələrin təsdiq edilməsində əsas məqsədlərdən idxal rüsumlarının çoxpilləli sistemdən azpilləli sistemə keçirilməsidir.
Qərara əsasən yeni dərəcələrin tədbiqi nəticəsində bir sıra malların (məsələn, Körpə qidalarının, Kərə yağının və s.) gömrük idxal rüsumları azaldılır, bəzilərində isə (məsələn, avtomobil) artım müşahidə edilir.
Qərarın tam mətni ilə http://e-qanun.az/framework/37035 linki vasitəsilə tanış ola bilərsiniz.
16. Elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi dərəcəsi və elmi adı olan şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə ödənilən əlavələrin məbləğinin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2017-ci il tarixli Qərarı
Bu qərara əsasən elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə görə ödənilən əlavələrin məbləği aşağıdakı kimi müəyyən edilmişdir:
Azərbaycan Milli Elmlər Akademiyasında, habelə digər dövlət orqanlarının elmi, elmi-tədqiqat müəssisə və təşkilatlarında çalışan elmlər doktoru elmi dərəcəsi olan şəxslərə 50 manat (bilavasitə ixtisası üzrə çalışanlara 100 manat), fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan şəxslərə 30 manat (bilavasitə ixtisası üzrə çalışanlara 60 manat);
Dövlət büdcəsindən maliyyələşdirilən digər müəssisə və təşkilatlarda (icra hakimiyyəti orqanlarından başqa) bilavasitə ixtisası üzrə çalışan şəxslərə:
1. elmlər doktoru elmi dərəcəsinə görə - 80 manat;
2. fəlsəfə doktoru elmi dərəcəsinə görə - 40 manat.
Bu qərarda göstərilən əlavələr vəzifə maaşını təşkil etmir, lakin qanunvericilikdə nəzərdə tutulmuş bütün hallarda orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınır.
Qərarın tam mətni ilə http://e-qanun.az/framework/35807 linki vasitəsilə tanış ola bilərsiniz.
fed.az
Hazırladı vəkil Allahverən Oruclu