Alpinistlər itkin dağçılarla bağlı bəyanat verdilər - "Xilasetmə dəstələrinin ciddi səylərinə baxmayaraq..."
5-01-2018, 13:18
Üç alpinistin Tufandağ massivində itkin düşməsi sosial mediada və mətbuat orqanlarında gündəm mövzusu olaraq qalmaqdadır.
Əslində hər hansı bir hadisəyə cəmiyyətdə, ictimai fikirdə reaksiya verilməsi yaxşı haldır və alpinistlər ətrafda müzakirələr də insanlarımızın baş verənlərə biganə qalmadığına bir işarədir.
Altı dağçı idmançı - İlqar Məmmədov, Mövlud Əzizov, Hüseyn Həsənov, Müşfiq Səmədli, İlqar İsrafilov və Əziz Əmirov itkin alpinistlər məsələsinə dair bəyanat yayıblar. Bəyanatı saytımıza Hüseyn Həsənov təqdim edib.
teref.az Modern.az-a istinadən bəyanatı olduğu kimi təqdim edir:
- Bəzi qüvvələri əslində itkin düşmüş alpinistlərin taleyi heç də maraqlandırmır, bu cür adamları ictimai qınaq obyektinə çevirmək gərəkdir, bəlkə də gecikmişik...
Məsələn, “Gilavar” ekstrim və idman klubunun 3 üzvünün Tufandağ massivində itkin düşməsi ilə bağlı acı xəbərə “jurnalist” Şahin Hacıyev hər zaman olduğu kimi bu dəfə də öz maraqları naminə qərəzli və məntiqsiz şərh verib. Obyektiv mövqedən uzaq, qərəzliliyi ilə ad çıxaran Şahin Hacıyev kimisi itkin düşən gənc alpinistlərin taleyindən narahatçılıq keçirmək əvəzinə, heç bir əsasa və məntiqə söykənməyən absurd şərhlərlə çıxış edərək, ictimaiyyətə düzlük dərsi (buna haqqı olmadığı halda) keçir. İnsanlıqdan nə qədər uzaq ola bilərsən ki, belə acı və narahatedici məlumatla manipulyasiya edəsən, kinini açıq-açığına büruzə verərək “təqsirkar” axtarasan. Biz əminik ki, bu gənclərin taleyi onun vecinə də deyil və heç də dağçıların dərdinə qalmaq üçün, yaxud da onlara kömək göstərilməsi üçün canfəşanlıq etmir. Əksinə, onun məqsədi ara qarışdırmaq, insanların fikrini xilasetmə işlərinə deyil, digər səmtə yönəldib kimlərəsə iftira atmaqla içindəki çoxdan gəzdirdiyi qərəzi biruzə verməkdir. Belə olmasaydı o, öz cızma-qarasında qrupun təcrübəsiz dağçılar tərəfindən idarə olunduğunu yazmaz, elə həmin yazının sonunda qrupa təcrübəli alpinist Namin Bünyatovun rəhbərlik etdiyini qeyd etməzdi. Hər məqamda cildini dəyişən, buqələmun, necə deyərlər dondan-dona girən bir saxtakarın yazdıqlarına əslində reaksiya verməmək daha doğru olardı. Amma söhbət üç nəfər gənc dağçının və bütövlükdə insan taleyindən gedirsə, buna susmaq biganəlikdir. Böhtançı və şantajçı kimi püxtələşmiş, hətta qrant mənimsəməkdə ad çıxarmış birisinin Kütləvi İnformasiya Vasitəsini şəxsi maraqlarının oyuncağına çevirməsi qəbul edilməzdir. Yəni içinin qərəzlə alışan xofunu tökərək yazır ki, guya alpinizm qaydaları pozulub və bunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Gənclər və İdman Nazirliyi günahkardır. Sən deyildinmi “bizi dağlara buraxmırlar, icazə almaq çox mürəkkəbdir, insanın öz haqqıdır dağa getmək, kim istəyir dağa gedə bilər” deyərək, saxta kampaniya aparıb yuxarı orqanlara şikayət edən? İndi nə oldu dəyişdin?
Biz sizdən fərqli olaraq bu idman növü ilə peşəkarcasına məşğul oluruq. Belə çıxır ki, səni narahat edən dağlara getməyin asan və ya çətinliyi deyildi. Sadəcə olaraq qrant “yemək” imkanlarından məhrum olduğun üçün insanlardan qisas alırsan.
Əslində klublar hüquqi şəxsdir, müstəqildir. Biz dağçılar da səninlə razıyıq və biz də Nazirliyə öz etirazımızı bildirmişdik ki, hər bir dağçının işidir dağa getmək.
Heç bir federasiyanın, klubun üzvü deyiləm, dağa getmək haqqımdır, bu hamının haqqıdır. İndi bu 3 nəfər gənc də dağları sevdiyi üçün dağlara gedib, necə ki, biz gedirdik. İcazə almırdıq soruşmurduq. İndi orada Milli Park yaranıb, nə dəyişib ki? Heç nə, sadəcə bu o deməkdir ki, ehtiyatlı ol, təbiətə ziyan vurma, öz zibilini özünlə geri qaytar. Biz də belə edirdik. Gənclər özləri seçirlər dağlara sevgini, dağlar da bilirsiz mürəkkəb məqamdır, ona olan sevgi çətin sevgidi. Klub üzvlərindən kimsə dağa qalxırsa, klub tam məsuliyyət daşıyır və klubun özünün xilasetmə dəstəsi olmalıdır. Prosedura uyğun olaraq yürüşə gedən dağçılar və onların üzv olduqları klub qanunvericiliyə əməl olunacağına zəmanət verir və xilasetmə dəstəsinin olduğunu bildirir və bu əsas götürülərək onlara müvafiq icazə verilir. Klub ya özü tək, ya da başqa klubla birgə arxa dəstək qrupunu təşkil etməlidir, yürüşü idarə etməlidir və yürüşün nəticəsinə görə məsuliyyət daşıyır. Şahin Hacıyev kimiləri isə 3-4 cümləni sapa düzüb insanları çaşdırır.
Yazır ki, axtarışa 4 gün sonra başlanılıb. Ağ yalan danışır. Qisas hissi nə qədər ürəyini çürüdüb ki, ağzından bir dənə düz söz çıxmır. Bundakı harama görə qisasdır. Vicdanı olan şəxs belə məqamda, insanların taleyi ilə oynamaz. Amma vicdanı yoxdursa, biz neynəyək? Onun saxta yazdıqlarından fərqli olaraq “Gilavar” klubu təbii olaraq üzvlərinin dağdan geri qayıtmadıqlarını biləndə dərhal reaksiya verib. Facebook səhifələrində yazılanlara görə klub üzvləri hərəkət edəcəkləri marşrutu (Xınalıq-Tufandağ marşrutunu) əvvəlcədən özləri seçib. Dekabrın 25-i geri qayıtmalı olduqları halda qrupla əlaqə kəsilib. Məlum olub ki, sonuncu dəfə qrup üzvləri bazar günü 24 dekabr tarixində 19:02-də mesaj yazaraq Mahmuddərədə gecələyəcəkləri və səhər 25 dekabr tarixində marşuruta davam edəcəkləri haqda məlumat veriblər. Səhəri gün marşrutdan qayıtmalı olan qrupdan xəbər çıxmadığını görən “Gilavar” klubu bu barədə məlumat verərək, xilasetmə ilə bağlı hazırlıqlara başlayıblar və 26 dekabr tarixində xilasetmə qrupu yaradaraq əraziyə yola düşüblər. Qrup axşam əraziyə çatdığından, 27-i dekabr tarixində səhər erkən saatlardan FHN, DSX, ETSN və FAİREX təşkilatının üzvlərindən ibarət təcrübəli komanda ilə birgə xilasetmə işlərinə başlanılıb.
Əfsuslar olsun ki, xilasetmə dəstələrinin ciddi səylərinə baxmayaraq, hələ axtarışlar nəticə verməyib. Hazırda aidiyyəti qurumların nümayəndələri və əlavə qüvvələr də cəlb olunub, müvafiq marşrutları nəzərə alaraq axtarış işləri davam etdirilir. Yəni, öz iyrənc əməllərinizlə bu mövzu ilə bağlı, hətta dünyadakı 7 milyard insandan ən axırıncı danışmalı olanı sizsiz, amma utanmadan yenə qaçıb qabaqda gəzirsiz və tam həqiqətin əksini yazırsız. Bir də ki, alpinizmə, dağçılığa yalançı, saxta təəssübkeşliyiniz inandırıcı deyil, çünki, siz o Alpinizm Federasiyasını dağçılığa heç bir aidiyyəti olmayan iş adamına gizlicə satıb qaçanlardansız. Yəni hərfi mənada həm satansız. Nə tez unutdunuz, Alpinizm Federasiyasını satan zaman onun başında şəxsən siz Şahin Hacıyev və dağlara heç bir aidiyyəti olmayan dostunuz oturmuşdu, dağçılar yox idi orada. Əsl dağçılar, təəssübkeş idmançılar dəfələrlə müvafiq yerlərə, Gənclər və İdman Nazirliyinə, eləcə də kömək üçün Ekologiya Nazirliyinə müraciət edərək ürək yanğısı ilə Alpinizm Federasiyasını azğın dəllallardan qurtarmağı tələb edirdilər. Məmur adlandırdığınız şəxslər, Gənclər və İdman Nazirliyi Alpinizm Federasiyasını satdığınız adamların əlindən xilas edib, yenidən dağçılara qaytardı. Bilirik ki, orada Nizami Mursaqulov əsl dağçıların iştirakı ilə seçildi (sizdəki kimi alqı-satqı əməliyyatı ilə yox).
İndi Alpinizm Federasiyasına sizin yaşınız qədər dağçılıq təcrübəsi olan Nizami Mursaqulov rəhbərlik edir. Bir sözlə, sizin kimilər sadəcə insanların üzləşdiyi fəlakətdən, onların acısından istifadə etməklə öz içindəki qərəzi göstərir. Siz bu dəfə də öz qərəzinizi nümayiş etdirirsiz. Yəni yazdıqlarınız böhtan, şantaj yağdırmaq eşqi ilə alışıb-yanan, özünü haqq carçısı kimi təqdim edərək beynəlxalq layihələrin pullarını yeyən birisinin xəstə təxəyyülünün məhsuludur. Birdə ki, saxta yollarla qrant almaq üçün öz rəhmətə getmiş anasını (bu insanın o dünya ilə də əlaqəsi var imiş), 13-14 yaşlı övladını, gombul dostunun 80 yaşlı xəstə qaynanasını layihə eksperti kimi yazıb fırıldaqla məşğul olandan biz nə gözləyirik?!
Bildiyimizə görə Şahin Hacıyevin Qəbələ kimi yerdə bağ evi var. Başqalarını ittiham edən bu şəxs qiymətlərinin bahalığına görə çoxlarının ala bilmədiyi bağ sahəsini Qəbələdə necə əldə edib? Müxalifət cildinə girsə də, dəbdəbəli həyatı ilə müxalifətçi həyatı yaşamayan bu adam əlçatmaz olan Qəbələ kimi yerdə necə özünə ev tikə bilib? Hamı yaxşı bilir ki, Qəbələdə nəsə qurub-yaratmaq nə deməkdir. Yəni bundan sonra sən get özünə xidmət elə...
Amma biz alpinistlərin sağ-salamat tapılmasını arzulayaraq hər dəqiqə dağlardan xoş xəbər gözləyək!
Hörmətlə, İlqar Məmmədov
Mövlud Əzizov
Hüseyn Həsənov
Müşfiq Səmədli
İlqar İsrafilov
Əziz Əmirov