Pulları Azərbaycan neftindən qazanır, xeyriyyəçiliyi Rusiyada edir...
5-01-2018, 21:01
Hasil etdiyi neftin həcminə görə Rusiyanın 6 ən iri şirkətindən biri olan “Russneft” 2017-ci ildə xeyriyyəçilik fəaliyyətinə dair məlumatları açıqlayıb. Virtualaz.org xəbər verir ki, şirkət bu məqsədlə 932 milyon rubl (16 milyon dollara yaxın) vəsait xərcləyib. Vəsait təhsil, incəsənət, mədəniyyət, idman və rusiyalıların dini mariflənməsi sahəsində sosial əhəmiyyətli uzunmüddətli layihələrə sərf olunub. Məsələn, “Russneft” Rusiyada həndbol, voleybol və basketbol federasiyalarını dəstəkləyib. Bir sıra məşhur incəsənət festivallarına sponsorluq edib. Uşaq evlərinin sakinlərinin Saratovdakı “Rovesnik” düşərgəsində istirahətini maliyyələşdirib və s.
Qeyd edək ki, “Russneft”in Azərbaycanda da iri neft aktivləri var. Qutseriyev Azərbaycanın qurudakı 16 neft yatağının sahibidir.
2008-ci ildə Qutseriyevin offşor şirkəti "Global İnvestment Energu" (sonradan bu şirkət "Naftis"in tərkibinə daxil edilib) Azərbaycanın 4 neft yatağında qazma işləri aparmaqla bağlı lisenziyaya malik iki şirkətin səhmlərini alıb. Söhbət "Mişovdağ" və "Kəlaməddin" yataqlarının operatoru "Karasu Operating Companu"nin 85, "Padar" və "Harami" yataqlarının operatoru "Kura Valley Operating Companu"nin 80 faizlik aksiyalarından gedir. Səhmlərin qalanı ARDNŞ-in olub.
Həmin il ARDNŞ M.Qutseriyevin yaratdığı, öz strukturlarında "Abşeron Operating Companu Limited" ("Zığ" və "Hövsan" yataqlarını işləyir), "Karasu Operating Companu" ("Kəlamətdin" və "Mişovdağ"), "Kura Valey Operating Companu" ("Padar-Hərəmi"), "Neftçala İnvestments Limited" ("Neftçala", "Xıllı", "Durovdağ-Bazanan"), "Binagadi Oil Companu" ("Binəqədi", "Qırmakı", "Çaxnaqlar", "Sulutəpə", "Masazır", "Fatmayı", "Şabandağ" və "Sianşor") şirkətlərini birləşdirən "Qlobal Enerji Azərbaycan Ltd." ilə hasilatın pay bölgüsü (HPB) tipli 16 yatağın işlənməsi üzrə 2 neft kontraktı imzalayıb.
Lakin Qutseriyevin Azərbaycanda hansısa xeyriyyəçilik fəaliyyətinə dair heç bir məlumat yoxdur. Bu, Azərbaycan neftindən qazanan xarici şirkətlərin ölkədə sosial layihələrə dəstək verməsi və xeyriyyəçiliklə məşğul olması məsələsinə bir daha nəzər salmağa vadar edir. Məlumdur ki, BP və digər Qərb şirkətləri hər il öz büdcələrindən Azərbaycanda sosial layihələrə müəyyən vəsaitlər ayırırlar. Lakin “Lukoil” və “Russneft” kimi Rusiya neft şirkətləri barədə bunu demək çətindir. Ən azından Qutseriyev kimi Azərbaycan neftindən qazanan milyarder üçün ölkənin hansısa ucqar kəndində məktəb və ya tibb məntəqəsi tikmək, yaxud digər sosial layihələrə bir qədər vəsait ayırmaq elə də çətin olmazdı...