Ziya Məmmədovun adamı öz xalası oğlunu yenidən həbsə göndərmək istəyir

6-01-2018, 10:24           
Ziya Məmmədovun adamı öz xalası oğlunu yenidən həbsə göndərmək istəyir
Xanım Əhmədova: “Rövşən növbəti dəfə intihara cəhd etsə, buna görə cavabdeh Çingiz Baxşıyevdir”

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olmuş Çingiz Baxşıyevin şikayəti əsasında 1 ildən çox həbsdə qalan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2017-ci il tarixli hökmü ilə bəraət alaraq məhkəmə zalından azadlığa buraxılan Rövşən Əhmədovun intihar cəhdi haqda yazmışdıq. Rövşən Əhmədov dekabrın 21-də 01:07 radələrində ağır dərman zəhərlənməsi diaqnozu ilə koma vəziyyətində Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Oradan isə Respublika Psixatriya Xəstəxanasına köçürülüb.

R.Əhmədovun həyat yoldaşı Xanım Əhmədova redaksiyamıza gələrək bildirib ki, Çingiz Baxşıyev əlaqələrindən istifadə edərək həyat yoldaşının müalicə olunmasına imkan vermir: “Yanvarın 5-də xəstəxanadan zəng edib dedilər ki, həyat yoldaşımı xəstəxanadan çıxarırlar. Özüm də həkiməm, deyirəm ki, xəstə adamı necə çıxarırsız? Cavab vermirlər. Xahiş edirəm bu məsələni araşdırsınlar. Bizə kömək etsinlər. 1 il məhkəmə gedib, hərtərəfli araşdırma aparılıb. Üzə çıxıb ki, Çingiz Baxşıyevin qızıllarının oğurlanması ilə bağlı dedikləri həqiqət deyil. Onun dedikləri sübuta yetmədi. Amma yalançı şahidlərin ifadələrinə əsasən Rövşəni yenidən həbs etmək istəyirlər. Ona görə də Rövşən intihara cəhd etdi, dərman içdi. Ölkə rəhbərliyindən xahiş edirəm, bizə dayaq olsunlar, ailəmizin məhv olunmasının qarşısını alsınlar. Çingizin pulu çoxdur. Rövşən Çingizin qara işlərini bilir. Onu bu işlərə cəlb etmək istədi, Rövşən bu yola getmədi. Onu intihara məcbur edən Çingiz Baxşıyevin əməlləridir. Bizə təzyiqlər olunur. Mən həkimləri, baş həkimi də başa düşürəm. Açıq deyirlər ki, onlara da təzyiq var. Məhkəməyə də təzyiq olur. Bir nəfəri tutub gətiriblər və Rövşənin üzünə qoyurlar. 1 il məhkəmə getdi, üzə çıxdı ki, qızıl söhbəti yalandır. Bu Rövşəni qorxutmaq üçün bir iş idi”.

X.Əhmədova deyib ki, Baxşıyevin xalası oğlu olan həyat yoldaşının intihara cəhd etməsinə səbəb Bakı Apelyasiya Məhkəməsində üzləşdikləri qanunsuzluqlardır: “Rövşən Əhmədov özünə qəsd etməzdən əvvəl məktub yazıb ki, "Çingiz Baxşıyev tərəfindən özünə və ailə üzvlərimə qarşı təhdidlərə, oğlumun, qızımın anbaan izlənməsinə, hədə-qorxulara tab gətirə bilmir. Hüquq-mühafizə orqanları şikayətlərimə baxmır. Ona görə də həyatıma qəsd edirəm. Mənim ölümümdə günahkar Çingiz Baxşıyevdir". İndi də xəstəxanadan onu zorla çıxarıblar. Həkimlər də deyir ki, təzyiqlər var, ona görə Rövşəni xəstəxanada saxlaya bilmirlər. O, intihar etsə, buna görə cavabdeh Çingiz Baxşıyevdir. Rövşən məhkəmədə dəfələrlə dedi ki, ona verilən ittiham Çingizin ona etdiyi narkotik alveri ilə bağlı təklifi qəbul etmədiyinə görədir. Rövşən məhkəmədə demişdi ki, Çingizin İrana getməklə bağlı təklifini qəbul etmədiyinə görə saxta ittihamla həbsə alınıb. Baxşıyev Nəqliyyat Nazirliyində işdən çıxandan sonra Rövşənə demişdi ki, sən də işdən çıx, ayda 500 min gəlirin olacaq. Rövşən də ondan soruşmuşdu ki, bu qədər pul haradan gələcək. Demişdi ki, səni İrana yollayacağam, ora Qırğızstandan, Qazaxstandan gəmilərlə mallar göndəriləcək, sən nəzarət edəcəksən. Narahat olma, bunu Ziya müəllim də bilir. Sən İranda otur, mən burda sənin bütün işlərini də həll edəcəyəm. Rövşən bu alverin nədən ibarət olduğunu biləndə bu təklifdən imtina etmişdi. Rövşən bunun sırf gələnlərin, gedənlərin bilirdi. Aeroportdan pul göndərməyin, qəbul eləməyin Rövşən görmüşdü. Haralardan gedib milyonlar götürürdülər, Rövşən bilirdi. Rövşən onunla işləmədiyinə görə, bu işlərdən uzaq qaldığına görə onu əvvəl oğlumuzu öldürməklə hədələdi. Demişdi ki, get oğluna qəbir qazdır, oğlunla vidalaş. Sonra qızımızı həbslə, tutdurmaqla, itirməklə, Dubaya göndərməklə hədələdi. Mənə qarşı 2 dəfə avtoqəza baş verdi. Bütün bunları məhkəmədəki çıxışlarında, dövlət orqanlarına müraciətlərində bildirmişdi. Bizim ailənin bu gün bu vəziyyətə salınmasına səbəb Rövşənin Çingizin qara işlərini eləməməyidir. Rövşən onun dediyini eləsəydi, bu gün bizim başımız ağrımazdı. Rövşən Azərbaycan xalqının balalarını məhv etmək istəmədi".

Qeyd edək ki, bəraət alaraq azadlığa çıxan R.Əhmədovun barəsindəki hökmdən qarşı tərəf apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə 6 aydan bəri davam edən məhkəmə prosesi yekunlaşmaq üzrədir. Ötən məhkəmə iclasında dövlət ittihamçısı R.Əhmədov barəsindəki bəraət hökmünün ləğv olunmasını və onun 10 il azadlıqdan məhrum edilməsini istəyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.